Cavid Sahmaliyev

“Bu günə qədər 60-70 uşaq göstərilib, hələ də deyir ki, tapa bilməmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 252

Belə bir deyim var: “Bəzi uşaqlar ana bətnindən, bəziləri isə qəlbindən doğulur”. Sevgiyə, qayğıya möhtac olan, yaşayacağı qəlbi seçən uşaqlarla bağlı söhbətləşdik. Müsahibimiz Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyevdir.

– Cavid bəy, övladlığagötürmə prosesi Azərbaycanda necə aparılır? Üstünlük və tələblər nədir?
– Övladlığagötürmə uşağın maraqları və mənafeyi naminə baş verməlidir. Proses təkmərkəzli deyil, uşaqmərkəzli aparılmalıdır. Namizəd valideynlər müraciət etdikdə uşağın onlara uyğunlaşdırılması ən vacib faktordur. Bu da qanunvericiliklə tənzimlənir. Bizim işimiz uşaqlar üçün ən uyğun, düzgün ailələri müəyyənləşdirməkdir. 2019-cu ilin 1 noyabrından övladlığagötürmə sahəsində yanaşma dəyişib. Hazırda bu səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində cəmləşib. Övladlığagötürməyə dair bütün proseslər elektron şəkildə aparılır. Şəxs övladlığa uşaq götürmək üçün evində kompüterini açır, sayta daxil olur, övladlığagötürmə alt sisteminə “tık”layır. Hələ müraciət etməzdən öncə hüququnun, istəyinə uyğun uşağın olub-olmadığını rahat şəkildə test edə bilər. Uyğundursa, ərizə bölməsinə müraciət edir. Ərizə isə elektron notarial qaydadadır. Bu ərizə həm onların övladlığa götürmək üzrə istəyi, həm də birgə yaşayanların razılığı, onlar barəsində olan informasiyanın digər qurumların məlumat bazalarına inteqrasiyalarına dair razılıqdır. Yəni bu baş verdikdən sonra artıq vətəndaş evinə gəlir, şəxsi kabinetindəki sualları cavablandırır, uşaqla bağlı istəklərini qeyd edir. İkinci mərhələ övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsidir. Bu mərhələlər beynəlxalq təcrübə əsasında həyata keçirilir. 3-cü təlim, 4-cü isə görüş mərhələsidir. Daha sonra sınaq mərhələsi olur, uşaq valideynin evinə yerləşdirilir.

“Yaşı 0-1, gözləri, saçları rəngli olsun”

– Seçim meyarları necədir və nəyə əsasən uşaqdan imtina edirlər?
– Uşağı valideyn deyil, alqoritm seçir. Namizəd valideyn şəxsi kabinetdə uşağın videosuna, fotosuna baxır, razılaşırsa, qərarını verir, müəssisədə görüş mərhələsi başlayır. Görüşlərin məqsədi uyğunlaşmadır. Bağlılığın formalaşması 1 yaşına qədər uşaqlarda 1 ay, böyüklərdə 2-3 aya yekunlaşır. Elə valideyn var ki, bu günə qədər 60-70 uşaq göstərilib, hələ də deyir ki, tapa bilmədim. Elə valideyn də var ki, ilk gördüyünə bağlanıb. Valideyn namizədlər də var ki, sırf öz istəklərinə uyğun uşaq istəyirlər. Yaşı 0-1, gözü, saçları filan rəng olsun və s. Namizədin təfəkkürü, psixologiyası, hadisələrə baxışı, dünyagörüşü prosesin az və yaxud çox çəkməsinə təsir göstərir. Elə hallar da olur ki, ailə 3-5 yaş istəyi qoyur, 10 yaşa razı olur”.

“Sevgi nifrətə çevrilə bilər”

– Cavid bəy, bəzi valideynlər övladlıq olduğunu uşaqdan gizlədirlər. Sosial işçi monitorinq aparanda bu, problem yaradırmı?
– Yeni qanun valideyn namizədlərə tövsiyə edir ki, 4-6 yaş arasında uşağın övladlığa götürüldüyünü onlara bildirsinlər. Bu, hələ ki, tövsiyədir. Proses boyu davamlı şəkildə namizəd valideynləri qiymətləndiririk. Əgər onlar uşaq mərkəzli prosesə gəlməyiblərsə, bu düşüncəyə dəvət etməyə çalışırıq. Uşaq mərkəzli düşünən valideyn bunu gizlətmir. Uşağın həqiqəti bilməsinin onun fərdi inkişafına müsbət təsir edəcəyini izah edirik. Gələcəkdə kənardan eşidəcəyi təqdirdə, bu, bağlılığa ciddi zərər vurur. Sevgi nifrətə çevrilə bilər. Biz bütün ehtimalları bildiririk. Uşaqlar sevgiyə bağlanırlar. Sevgi varsa, o uşaq öz doğma valideynlərini tanısa belə, heç zaman sevgini tərk etməyəcək. Bilmək onların haqqıdır. Körpəlikdən bağlılıq kimədirsə, ata da odur, ana da. Əvvəlki övladlığagötürmə təhlili zamanı görürük ki, uşaqlar onsuz da vaxtı çatanda şübhələnir, bilirlər. Biz belə situasiya ilə qarşılaşdıqda bu mövzunu açmırıq. Amma yenə də valideynlərlə təkbətək söhbətlərimizdə psixoloqun dəstəyi ilə onlara kömək edə biləcəyimizi bildiririk.

“Biri var idi, biri yox”…

– Bəzən də valideynlər bunu necə açıqlayacaqlarını bilmirlər. 
– Körpəlikdən aşılamaq lazımdır. Körpədirsə, düşünməyin ki, uşağın dili yoxdur, başa düşmür, böyüyəndə bilər. Böyüyəndə çətin olur. Çalışın körpə yaşında nağıllarla, laylalarla uşağın övladlığa götürüldüyünü  ona çatdırın. Məsələn, biri var idi, biri yox idi. Bir uşaq var idi, onu bir mələk dünyaya gətirdi, sonra qayğısına qalmağa başqa mələk gəldi. Beynəlxalq təcrübəyə görə, 4 yaşından yuxarı uşaqla bu barədə danışmaq olar.

– Dövlət nə qədər qayğı göstərsə də, uşaqların simasında kədər var. Nə üçün orada həmişə “qış”dır?
– İnsanın birinci təməl haqqı fiziki tələbatdır. Uşaq valideyn himayəsindən məhrum olur. İlk növbədə onu yedizdirmək lazımdır. İkinci təməl haqq – sığınacağı olmalıdır. Bu iki faktor bu gün ənənəvi müəssisələrdə təmin edilir. Orada təhlükəsizliyi təmin edəcək hər şey var. Amma bir insanın şəxsi, fərdi inkişafı üçün ondan sonra gələn təməl haqqı var ki, bu da sevgidir. Bir uşağın həyatında bağlana biləcəyi şəxs olmalıdır. O, doğma valideyni olmaya da bilər. Uşağın emosional, əqli, fiziki inkişafı üçün erkən yaşlarında bağlılığı çox əhəmiyyətlidir. Bu bağlılıq ailədə olur. Müəssisələrdə uşaq davamlı şəkildə kiməsə bağlana bilmir. İşçilər, növbələr dəyişir. Belə olduqda, bir müddətdən sonra artıq bağlılıq travması yaranır və inamsızlıq olur. Uşaq özünü təhlükəsiz hiss etmir, bağlanmağa ehtiyat edir. Böyüdükcə bu, onun mənəvi, psixoloji, fiziki inkişafında ciddi maneələr yaradır. Ona görə də, ailə qayğısı təşviq olunur. Yalnız ailə qayğısında uşaq potensialını tam şəkildə ortaya qoya bilir. Bağlılıq uşağa fərdilik verir. Uşaq özünü şəxsiyyət kimi hiss edəndə ünsiyyətə meyilli olur, onun arzuları formalaşır. Arzular formalaşdıqca yaradıcılıq qabiliyyəti ortaya çıxır. Uşağın üzünü günəşli, gələcəyini parlaq edən məhz odur. Bağlılıq hissi sevgi fonunda müşahidə olunanda onun üçün hər gün günəşli, işıqlıdır. Bu səbəbdən cəmiyyət olaraq ailə əsaslı qayğıya dəyər verməliyik.

– Himayədar ailə qayğısı nədir?
– Hər uşaq övladlığa verilə bilməz. Əgər bu gün 1591 valideyn himayəsindən məhrum uşaq varsa, onlardan yalnız 60-nı övladlığa veririk. Yerdə qalanların valideyni var. Övladlığa o uşaqlar verilir ki, valideynləri vəfat edib və onlara baxan yoxdur. Bəzi uşaqların valideynləri isə notarial qaydada uşaqlarının övladlığa verilməsinə razıdırlar. Amma yerdə qalan digər hallarda uşaqlar müəssisədə qalmağa davam edir. Himayədar ailə qayğı modeli imkan verəcək ki, bundan sonra müəssisəyə düşəcək uşaqları ailə qayğısına verək. Himayədar ailə olmaq istəyənlərlə müqavilə imzalanır. Proses eyni – övladlığagötürülmə kimi olacaq. Amma qəyyumu nazirlikdir. O, öz doğma valideyni kimi baxacaq, amma bizə kömək edəcək ki, uşağı öz valideyninə qaytaraq. Rəhmli, mərhəmətli, qayğıya dəyər verən şəxslər müraciət edə bilər. Dövlət himayədar ailələri də maddi cəhətdən dəstəkləyəcək. Şans var ki, biz uşaqları öz ailələrinə qaytaraq. Bu prosesin adı reinteqrasiyadır. Müəssisədə olan uşaqların ailələrinə səfər edir, səbəbləri araşdırırıq. Ailədə uşağa qarşı zorakılıq varsa, qaytarmırıq. Əgər uşağın ailədə mənafeyinə zidd məqam yoxdursa, sadəcə ailəni gücləndirməklə uşağı ailəyə qaytarırıq. 2020-ci ildən bu günə qədər 182 uşağı reinteqrasiya edə bilmişik.

“Cinsi, yaşı, sağlamlığı önəmli deyil”

– Sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı vəziyyət necədir? Onların övladlığaverilmə prosesi çətin olur?
– Bütün dünyada övladlığaverilmədə çətin hesab edilən iki kateqoriya var. Biri sağlamlıq imkanları məhdud olan, digəri 3 yaşından yuxarı uşaqlardır. Bunun obyektiv səbəbləri də var. Bəziləri lap körpəlikdən, daha az travma alan uşağın övladlığa götürülməsinə meyillənirlər. Belə olan halda 3 yaşından yuxarı uşaqların verilməsi çətinləşir. Əlilliyi olan uşaqlarla bağlı məsələyə gəldikdə, valideyn birmənalı olaraq sağlam uşaq istəyir. Məqsəd belə uşaqların övladlığa götürülməsi prosesini təşviq etməkdir. Zaman keçdikcə, görürük ki, prosesdə qayğıya dəyər verən, uşaq mərkəzli düşünən şəxslərin də sayı artıb. Əsas məsələ budur ki, qayğıdan məhrum olan bir şəxsi qayğı ilə təmin edək. Cinsi, yaşı, sağlamlığı önəmli deyil.

Cənnətlik insanlar…

– Məhdudiyyətlər övladlığagötürmə prosesini ləngidir…
– İnsanlar həmin uşaqları sağlam hesab etmirlər. Onlar da sağlamdır. Bizim kimi yeyir, içir, bir ürək daşıyır. Amma müəyyən məhdudiyyətləri var. Bu da övladlığagötürmə prosesini əngəlləməməlidir. Onlar da şirin, şəkər uşaqlardır. Bəzən sağlamlıq imkanları məhdud olan  uşaqla uyğunlaşmaqdan qorxurlar. Əslində, belə uşaqlar daha rahat uyğunlaşır. Çünki kaprizləri yoxdur. Onlar üçün önəmli olan ailə qayğısıdır və ona açıqdırlar. Valideyn namizədlər var ki, eşitmə məhdudiyyəti olan uşaqlarla ünsiyyət qurmaq üçün kursa gedirlər. Sağlamlıq imkanları məhdud olan uşağın övladlığa götürülməsi üçün insanda birinci mənəvi, sonra mədəni keyfiyyətlər yerində olmalıdır. Valideyn bilməlidir ki, uşağın spesifik xüsusiyyəti nədir və necə rəftar edəcək.

– Onlara sahib çıxanları cənnətlik adlandırırsınız?
– Bəli. Onlar, məncə, daha üst şəxsiyyətlərdir. Sağlamlıq imkanları məhdud olan uşağı övladlığa götürən şəxs öz rahatlığını qurban verir. İnsan vaxtını, ömrünü ehtiyacı olan insana bağışlayırsa, cənnətlikdir.

– Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi üçün aylıq müavinət ödənilir. Məhz məvacibə görə müraciət edənlər özünü necə büruzə verir?
– İnsanın uşaq mərkəzli olduğu dərhal özünü göstərir. Bu müavinətdən faydalanmaq istəyən şəxs birinci növbədə uşağa qayğı göstərməlidir. Əgər qayğı göstərəcəksə, övlad kimi davranacaqsa, müavinət onun haqqıdır. Qiymətləndirmə davamlı şəkildə aparıldığı üçün burada risk yoxdur. Pis niyyətli şəxslər qiymətləndirmə filtirlərində ilişib qalırlar.

“Biz niyə onu tərk etdik?”

– Övladından “xəstə” olduğu üçün imtina edən valideyn nə vaxtsa peşman olub, yenidən müraciət edibmi?
– Cəmiyyətdə sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı miflər çoxdur. “Bu uşağı tərk et”, “bundan sənə övlad olmaz”, “onsuz da ömrü qısadır” kimi fikirlərlə valideynlərə təzyiq edirlər. Bu, bizim reallığımızdır. Bizdə də elə ailə olub. Uşaq doğulanda məhz bu səbəblərdən, “yaşamaz” deyərək tərk ediblər. Uşağın 6 yaşı olanda valideyni tapdıq və ailəsinə reinteqarsiya etdik. Biz məlumat verəndə onlar təəccüblərini gizlədə bilmədilər. Gözləri yaşardı. “Bu uşaq yaşayır?”, “Biz niyə onu tərk etdik?” kimi suallarla özlərini mühakimə etdilər. Belə hallar çox olur. Sağlamlıq imkanları məhdud olan uşağı doğum evində tərk edən valideynlər sonradan övladlarının yaşadıqlarını biləndə əllərindən gələni edirlər ki, ona sahiblənsinlər. Ailələrlə düzgün işin qurulması onların hadisələrə baxışını dəyişir. Bizim də əsas prinsipimiz bağlılığı dəyərli bilmək, sevginin əhəmiyyətini çatdırmaqdır. Heç bir zaman uşağın sağlamlığı ona qayğı prosesinin qarşısını ala bilməz.

“Uşağın həyatı bir günə dəyişir”

– Uşağın müəssisədən sonra ailədəki həyatını müşahidə edirsiniz? 
– Bağlılıq uşağı böyüdür, dəyişdirir. Özü ilə sevgi və qayğı gətirdiyi üçün dərhal uşağın fiziki və emosional durumuna təsir edir. Bəzən olur ki, uşaq müəssisədə gəzmir, danışmır, yaxud rəngi solğundur. O uşaqlar sınaq müddətinə keçən kimi bizim sosial işçilər təəccüblənirlər. Bir günə uşağın həyatı, yanaşması dəyişir. Solğun uşağın yanaqları qızarır, xoşbəxt olur. Danışmayanlar, danışırlar. Gəzə bilmirsə, gəzməyə meyillənir. Həyat eşqi artır. Bunlar bağlılıqdan qaynaqlanır.

– Yəni sevgi sağaldır…
– Bəli, sevgi, inam, etibar, düzlük sağaldır. Biz bunu dəfələrlə müşahidə etmişik. Ona görə də, övladlığa götürəndə yalanın tərəfdarı deyilik. Yalan ünsiyyət prosesini, yanaşmanı zədələyir. Bir ömür uşaqdan nəyisə gizlətmək necə olar? Sabah o uşağın gözlərinə baxmaq olmaz. Bu səbəbdən uşaqdan övladlıq olduğunu gizlətməmələrini tövsiyə edirik ki, o bağ, sağaldan sevgi zədələnməsin.

 

 Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir