Dogus

Demoqrafiq göstəricilərdə niyə azalma var? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 643

Bir neçə gün öncə Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekunlarına dair demoqrafiq göstəriciləri açıqladı. Nəticələrdən belə məlum olur ki, ölüm sayına görə ard-arda iki ildir Azərbaycanda antirekord baş verir. Belə ki, 2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərlə müqayisədə birdən-birə 20 min nəfər artaraq 55 mindən 75 min nəfərə çatmışdı. Bu, Azərbaycanda qeydə alınan ən yüksək göstərici idi. Lakin ötən ildəki ölüm sayı hətta 2020-ci ili də geridə qoyaraq, 76 min 878 nəfərə çatıb.

Qeyd edək ki, 2020-ci ildə ölüm sayının bu qədər artmasının səbəbi kimi 44 günlük Vətən müharibəsində 3 minə yaxın hərbiçi və mülki şəxsin, həmçinin koronavirus üzündən 2 min 641 nəfərin dünyasını dəyişməsi ilə əlaqələndirilirdisə, 2021-ci ildə ölüm sayında bu qədər artımın olması hələlik sual olaraq qalır.

Daha bir məsələ, ölkədə ölüm sayı artdıqca doğum sayı da kəskin azalmağa başlayır. Məsələn, 2020-ci ildə ölkədə yeni doğulanların sayı 141 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 15 min azalıb. Mütəxəssislər ailədə doğulanların sayının getdikcə azalmasını bir çox amillərlə əlaqələndirir. Bir qisim qeyd edir ki, ailələrdə uşaqların sayının azalması hələ 90-cı illərdən başlayan tendensiyadır və səbəb də daha çox nikahların getdikcə azalması, cəmiyyətdə sosial, psixoloji problemlərin artmasıdır. Nəticədə Azərbaycanda da ikiuşaqlı ailələr populyarlaşmağa başlayır. Məlum məsələdir ki, indi xüsusən də böyük şəhərlərdə ailələr əsasən bir və yaxud iki uşaqla kifayətlənirlər. Artıq bir çox hallarda üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi hesab olunur. Bəzi sosioloqlar qeyd edir ki, əgər qonşu Rusiyada və Ukraynada, həmçinin digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni doğulan uşaqlar üçün müəyyən uşaqpulu verilərsə, müəyyən imtiyazlar yaradılarsa, ailələr daha çox uşaq böyütməkdən çəkinməzlər.

Bəziləri isə hesab edir ki, əvvəllər ailələrə dəstək ailənin digər üzvlərindən gəlirdisə, indi demək olar ki, əksər ailələrdə hər kəs işlədiyindən daha çox uşağa baxmaq imkanı olmur. Bu baxımdan ailələr uşaqların sayının çox olmağındansa, daha az, lakin daha sağlam və keyfiyyətli uşaq böyütmənin tərəfdarıdırlar.

Psixoloqlara görə, ailədə uşağın az olması, xüsusən də uşağın tək böyüməsi sonradan onun psixologiyasında, gələcək karyerasında müəyyən problemlər yarada bilir. Belə ki, əksər hallarda bu cür uşaqlar daha çox tənhalığa meylli, yaşadıqlarını bölüşmək, paylaşmaq hisləri zəif, eqoist, ərkəsöyün olurlar və sairə.

Bir çoxlarının isə fikrincə, tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədiyi üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər. Lakin ümumilikdə, tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyillər. Əslində, uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Azad İsazadə: "Sosial şəbəkə bir reallıqdır, ondan qaça bilmərik" - MÜSAHİBƏ

Azad İsazadə: “Nə vaxtsa bu, doğrudan da, ciddi problemə çevrilə bilər”

Mövzu ilə bağlı dansan psixoloq Azad İsazadə qeyd edir ki, Azərbaycanda demoqrafik problem çox da kəskin deyil: “Lakin bu o demək deyil ki,  yeni uşaqların azalma proses getmir. Nə vaxtsa bu, doğrudan da ciddi problemə çevrilə bilər. Bu gün praktiki olaraq  gənc ailələrə dövlət tərəfindən dəstək yoxdur və yaxud əgər varsa da çox azdır. Söhbət çoxuşaqlı ailələrə real dəstəkdən, yəni maddi-sosial güzəştlərdən, kreditlərdən gedir. Bununla bağlı tədbirlər görülməli, təşviq proqramları hazırlanmalı, yəni, hansısa formada bu prosesə stimul vermək lazımdır. Demirəm ki, bütün problemlər həll olunacaq, lakin hər hansı iş, maddiyyatla bağlı, çox uşağı böyütmək, geyindirmək, əsas da savad vermək problemi yaranır. Əgər dövlət dəstəyi olmasa, proses getdikcə qonşu ölkələrdə olduğu kimi bizdə də demoqrafik problemə gətirib çıxaracaq. Faktiki olaraq bu problem hazırda Rusiyada, Ermənistanda, Gürcüstanda faciəvi xarakter daşıyır. Bir daha qeyd edirəm ki, bu gün bu məsələ Azərbaycanda faciəvi xarakter daşımasa da, tendensiya buna gətirib çıxara bilər. O ki, qaldı ailədə uşağın tək böyüməsində o qədər də ciddi problem yoxdur, lakin bu zaman uşaq daha ərköyün olur, həmyaşıdları ilə münasibətdə konfliktlər yaranır, paxıllıq, paylaşmamaq problemləri olur”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “Azərbaycanda 3 uşaqlı ailə modeli yaradılmalıdır”

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, Azərbaycanda da getdikcə yeni doğulanların sayının azalması cəmiyyətdə gedən proseslərlə bağlıdır: “Cəmiyyət günü-gündən mürəkkəbləşir, proseslər dəyişir, digər tərəfdən, dünyanın bir çox beynəlxalq mərkəzləri əhali artımının qarşısını almaq üçün müxtəlif yollara əl atır. Biz bunu hiss etməsək də onlar bizim ölkəmizdə də öz mexanizmlərini həyata keçirirlər. Bununla bağlı proseslər gedir və bunun hesabına əhali azalır. Hesab edirəm ki, Azərbaycanda 3 uşaqlı ailə modeli yaradılmalı və bunun üçün dövlətin qayğısına ehtiyac var. Neçə ildir ki, uşaqpulu ilə bağlı müzakirələr səslənir, lakin ortada dəqiq konsepsiya yoxdur”.

 

 Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir