dava

“Döyülən hamilə qadını dövlət qorumalıdır”

Baxış sayı: 1. 505

Dünən  Lənkaranın Yuxarı Nüvədi kəndində tükürpədici hadisə yaşanıb. Olayla bağlı sosial şəbəkələrdə videogörüntü də yayılıb. Məlumata görə, qaynana hər gün anasız-atasız gəlininə şiddət göstərir. Kənd icra nümayəndəsi Raifə Məmmədzadə isə bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır:“Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

75 yaşlı qaynana Girdənaz Qurbanova və 31 yaşlı gəlin Rəmziyyə Qurbanova aralarında heç bir problemin olmadığı deyiblər. Baş verən hadisədən də şikayətçi deyillər. Yayılan məlumatlarda gəlinin hamilə olduğu deyilsə də, iki uşaq anası olan Rəmziyyə Qurbanova bunun yalan məlumat olduğunu bildirib:

 

“Anamdı, bir zarafatdır edib, şikayətim yoxdur”.

Baş verənləri  dəyərləndirən tanınmış jurnalist Aygün Muradxanlı bildirir ki, hüquq-mühafizə orqanları hadisəni ciddi araşdırmalıdır:

“Gəlin qayınanasından şikayətçi olmayıb və qayınananın ruhi xəstə olduğu deyilir. Lakin bir qadına qarşı məişət zəminində zorakılıq baş verib. Bu hadisə cinayətdir və hüquqi məsuliyyət yaradır.

Düşünürəm ki, bunu başqa cür qiymətləndirmək olmaz. Zərərçəkən qadın onu döyən şəxsin ruhi xəstə olduğunu iddia edirsə, fikrimcə, gəlinin belə söyləməsinə səbəb öz ailəsinin basqısıdır. Təsadüfən qonşulardan kimsə hadisəni çəkib yayıbsa, qadın özünü yeni hədələrdən qorumaqla məşğuldur.

Bəlkə də, həyat oldaşı onu təhdid edir. Ona görə də hüquq –mühafizə orqanları şiddətə məruz qalan qadınları qorumalıdır. D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bir zamanlar səsləndirmişdi ki, bələdiyyələr yanında sığınacaq evləri olmalı və orada xanımlar işləməlidir”.

Kənd yerlərində belə problemlərin kütləvi şəkildə olduğunu deyən A.Muradxanlı vurğulayır ki, qadınlar ciddi məişət zorakılığı ilə üzləşirlərsə, mütləq ailələrinə müraciət etməlidirlər:

“Təhsil və mədəniyyət səviyyəsi o qədər də yüksək olmayan ailələrdə valideynlər övladlarına deyirlər ki, “ər evindəsənsə, dözüb oturmalısan”. Ümumiyyətlə, “döz otur” anlayışı leksikonumuzdan çıxarılmalıdır. Bir qadın qulluqçu və nökər deyil, ailənin bərabərhüquqlu üzvüdür. Qadın həyat yoldaşına sayğı göstərirsə, ona eyni davranış sərgilənməlidir. Bəlkə də, həmin ailənin bir yerdə yaşaması mümkün deyil. Bütün hallarda qanun belə qadını qorumalıdır. Çünki həmin qadının əri sabahısı gün yoldaşına deyə bilər ki, “anam sənə görə polisə düşdü”. Bilmirik ki, kişi xanımını, yoxsa anasını müdafiə edəcək.

Ona görə də hüquq-mühafizə orqanları ciddi şəkildə məsələni nəzarətə götürməlidir. Deyilənə görə, qadının kimsəsi yoxdur. Bu necə olur axı? Dövlət və hüquq həmin xanımın arxasında dayanmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir