Ramin Hacıyev

“Eks-bacanaqlar”ın “Məhəbbət”i: “Qızlarıma olan sevgim heç nə ilə müqayisə olunmaz” – MÜSAHİBƏ

Baxış sayı: 2. 348

Deyirlər ki, uşaqsız ev suyu sovrulmuş dəyirmana bənzəyir. Həqiqətən də elədir. Övlad sahibi olduqdan sonra valideynlərin məsuliyyəti birə iki artır. Belə ki, tarixin hər bir dövründə bütün cəmiyyətlərdə insanları düşündürən, narahat edən bir sual olub – övladlarımızı necə tərbiyə edək? Övlad tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi oynayır. Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-analarını təqlid etməyi xoşlayırlar. Dəfələrlə öz uşaqlarımızın dilindən eşitmişik ki, onlar da böyüyəndə bizə oxşamaq istəyirlər.
Ancaq nədənsə  ATV telekanalında yayımlanan “Qız atası”, “Eks Bacanaqlar”, “Qardaşlar” seriallarının rejissoru Ramin Hacıyev belə düşünmür. İki qız atası olan Ramin bəy qızlarını tamam başqa istiqamətə yönləndirib.

– Ramin bəy, qızlarınızı hansı tərbiyə üsulu ilə böyüdürsünüz? Köhnə dədə-baba qaydası ilə, yoxsa sizin xüsusi üsulunuz var?

– Düşünürəm ki, tərbiyələndirmənin heç bir qayda-qanunu olmur. Əslində dədə-baba qanunu deyilən bir şey də yoxdur. Hər uşağın özünün götürmə qabiliyyəti var. Misal üçün, bir uşağı şirin dillə başa salanda, digərinə kobud izah etmək lazım gəlir. Mənim üçün tərbiyələndirməyin heç bir üsulu yoxdur. Çalışıram ki, qızlarıma şirin dillə nəyisə izah edim. Ancaq uşağı sərbəst buraxmağın tərəfdarı da deyiləm. Yeri gələndə valideynlər övladlarını tənbeh də etməyi bacarmalıdırlar.
– Uşaqlıqdan elə bir ab-havada böyümüşük ki, atamızın bir baxışından onun nə demək istədiyini anlamışıq. Sizdə necə, o sərt ata baxışı varmı?
– Əlbəttə ki, var. Tək uşaqlar deyil, cəmiyyət arasında evin rəisi kənardan ailə üzvlərindən kiməsə baxanda kişinin mimikasından onlar necə davranmaq lazım olduğunu anlamalıdırlar.
– Bəs, qızlarınızı necə cəzalandırırsınız?
– Onlar çox ağıllı övladdırlar. Hansısa sözümdən çıxanda, kompyuteri və ya noutbuku əllərindən alırıq. Qazları kobud cəzalandırmaq olmaz. Bəlkə də oğlum olsaydı döyərdim.

– “Qız atası” olmaq necə hissdir?
– Hər bir valideynə arzulayıram ki, evindən körpə səsi gəlsin. Qız atası olanda ata bir qədər yumşalır. O ki qaldı bizim “Qız atası” serialına, bizim ssenari müəllifimiz Ənvər Abbasov başda olmaqla digər ssenari müəlliflərinin də qız övladları var. Onlar ssenarini yazanda da bunu nəzərə alırlar. Düşünürlər ki, hansı nüansları qabartsalar, birbaşa olaraq tamaşaçıların qəlbinə yol tapa bilərlər. Təbii ki, bu səpkidə bizim də əlavələrimiz olur.

– Bir dəfə sosial şəbəkələrdə övladınızdan dərs soruşarkən video çəkib paylaşmışdınız. Bu da ondan xəbər verir ki, qızlarınızın dərsləri ilə özünüz maraqlanırsınız.
– (Gülür) Qızların dərsləri ilə anası da, mən də maraqlanırıq. Böyük qızım Ləmanın dərslərini daha yaxından izləyirəm. Çünki o, bir qədər fərqli uşaqdır. Ləman bir neçə dil bilir. Vəsiləyə nisbətən Ləmanın götürmə qabiliyyəti daha yaxşıdır. O ki qaldı sosial şəbəkələrdə paylaşdığım videoya, vaxtilə mən də öz anamın qarşısında durub elə şeir danışmışam. Ona görə uşaqlığım yadıma düşdü, gözümün qarşısında xatirələrim canlandı və o videonu paylaşdım.

– Ramin bəy, çəkdiyiniz seriallara qızlarınız baxırmı?
– Baxmağına baxırlar, ancaq o qədər də serialların vurğunu deyillər. Bəzən elə obrazlarım olur ki, qızlarım izləyib həmin səhnəyə narazılıq edirlər. İradlarını bildirirlər ki, bu nədir? Mən də onlara izah edirəm ki, bu mənim işimdir və belə də olmalıdır. Qızlarımın fikirlərinə hörmət edirəm və onları çox ciddiyə alıram.

– Qızlarınızı seriala səkməyi düşünürsünüzmü?
– Böyük qızım Ləmanın indi 15 yaşı var. 5 il bundan qabaq onu epizodik rola çəkmişdim. Kiçik qızım Vəsilənin də iyunun 30-da 10 yaşı tamam olacaq. Onu da bir dəfə serialda epizodik rolda çəkmişəm. Ancaq indi onlar seriala çəkilmək istəmirlər. Çünki seriala çəkilmək kimi bir maraqları yoxdur. Sözün doğrusu, heç mən də istəmirəm onlar seriala çəkilsinlər. Qızlarımı başqa istiqamətə yönləndirmişəm. İncəsənət sahəsində çalışmaları və tanınmalarının əleyhinəyəm.

– Niyə?
– Çünki bu sahə çox çətindir. Mən incəsənət sahəsindəki çətinlikləri gördüyüm üçün qızlarımın o sahədə çalışmasını istəmirəm. Gələcəkdə onlara bu sənətdə olan bütün çətinlikləri göstərərək yayındırmağa çalışacağam. Onlar ağıllı qızlardır və düşünməyi bacarırlar. Qızlarımı incəsənət sahəsindən yayındırmaq üçün bəzi profilaktik məsləhətlər etmişəm. Onlar yönləndirdiyim istiqamətdə çox uğurla irəliləyirlər.

– Bildiyimiz qədəri ilə, qızlarınız rus bölməsində təhsil alır?
– Böyük qızım Ləman Zərifə Əliyeva adına liseyin 10-cu sinfində oxuyur.  Kiçik qızım Vəsilə isə 158 saylı orta məktəbdə dördüncü sinfi yeni bitirdi. Ləman çox yaxşı, Vəsilə  isə orta səviyyədə oxuyur.

– Qızlarınızın rus bölməsində oxumasına nə üçün üstünlük verdiniz?
– Əslində qızlarımızın rus sektorunda oxuması bizim üçün çox rahat idi. Çünki onların anası da, mən də rus bölümünü bitirmişik. Düşündüm ki, gələcəkdə Azərbaycan bölümündə uşaqların təhsili ilə maraqlanmaq bizim üçün çətin olacaq. Çünki orada fizika, kimyanı qavramaq, onu qızlara tədris etmək bir valideyn olaraq bizi çətinə salacaq. Sovet vaxtında biz rus dilində oxuyurduq. Rus dilində fikirlərimizi daha yaxşı ifadə etməyi bacarırıq.

– Atalarımız deyib ki, qızını döyməyən, dizini döyər. Sizcə, döymək tərbiyə üsuludurmu?
– Əlbəttə. Gələcəkdə onun tərbiyəsinə təsir edə biləcək hər hansı bir hərəkət etdikdə, döymək lazımdır. Hətta bir dəfə mən də qızımı yüngül vurmuşam. Məktəbdə hər hansı dərsi zəif oxuyanda yüngül formada onları danlayıram. Ancaq uşaq olarkən dəcəllik edəndə onlara sözlə izah etmişəm. Mən bu deyimlə tamamilə razıyam. Əslində valideynlər istəməz ki, övladını döysünlər. Çünki onlar bizim canımızdan bir parçadır. Onların ayaqlarına dəyən daş mənim ürəyimə dəyir. Yüngül vurmaq olar. O da əlinə, yumşaq yerinə.

– Qız övladı ataya daha yaxın olur deyirlər. Sizdə də elədirmi?
– Oğlum olsaydı, oğlan övladı ilə qız övladı arasında müqayisə edərdim. Allah qismət edərsə, oğlumuz da olar, etməz, yenə də şükürlər olsun bizi Yaradana. Taleyimdən və qızlarımdan razıyam. Ümumiyyətlə, valideynin övlada olan sevgisi sonsuz və izahedilməzdir. Hamı öz övladını sevir. Onları çox istəyirəm. Qızlarıma olan sevgim heç nə ilə müqayisə olunmaz. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir