gelin-toya-hazirliq

Erkən nikahlar, narkomaniya, intiharlar – Milli Məclisdə həyəcan təbili

Baxış sayı: 598
Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib. 

“Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir”

Komitə sədri çıxışında bildirib ki, bioloji normanın pozulması halları sürətlənir: “Ölkədə doğulan uşaqlar arasında cins nisbətində rəqəmlər getdikcə təhlükəli xarakter alır. Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır. 2020-ci ildə cins seçimi məsələsi aktual olaraq qalıb. Azərbaycan cins seçimi məsələsində təəssüflər olsun ki, dünya üzrə ikinci yerdədir”.

İntihar hallarından danışan komitə sədri vurğulayıb ki, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd baş verib: “Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir. Bu istiqamətdə dövlət komitəsi bir sıra tədbirlər həyata keçirib. Onu da qeyd edim ki, cəmiyyət qadın intiharlarına qarşı daha həssasdır”.

Komitə sədri: “Daha dəhşətli rəqəmlər var”

“Konservativ düşüncə ilə müasir insan yetişdirmək mümkün deyil. Erkən nikahlar, təhsildən yayınma problemləri komitənin və aidiyyəti qurumların diqqət mərkəzindədir. Təhsil, Səhiyyə nazirlikləri ilə bu problemləri həll etmək üçün ciddi işlər aparırıq. Aran iqtisadi rayonunda qızların erkən nikaha cəlb olunması halı daha çoxdur. Bu, icra hakimiyyətinin qeydə aldığı rəqəmlərdir. Daha dəhşətli rəqəmlər var. Uşaq evlilikləri problemi var. Ailələr, qonşular bu məsələnin aktiv həllinə kömək edə bilər. Təhsildən yayınma halları ilə bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Bizim təhsil naziri ilə telefon danışığımız da olub. Təhsilin müddəti ilə bağlı Təhsil Nazirliyinin təklifləri var”, – deyə B.Muradova söyləyib.

Komitə sədri qeyd edib ki, ötən il 15 yaşa çatmayan 165 qızın nikahı qeydə alınıb: “2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə isə 2320 olub”.

Hicran Hüseynova: “Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir”

“Artıq bütün dünyada qəbul edilir ki, qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil”. Bu sözləri isə müzakirə zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür: “İqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsi, özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması – bu, sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən təməl prinsiplərdir”.

“Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub. Neçə illərdir ki, ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bu işlərin daha da gücləndirilməsinə ehtiyac var. Təqdim olunan məlumatda da bu fikir öz əksini tapır. Vaxtilə doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsini qaldıranda cəmiyyət buna bir mənalı yanaşmırdı. Lakin dövlət bu məsələnin əhəmiyyətini nəzərə alaraq 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqrama əsasən selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, bu gün də bu məsələ aktualdır, ən mühüm gender bərabərsizliyi kimi qeyd olunur”, – deyə Hüseynova söyləyib.

Deputat: “Həyat yoldaşları namizədlərin şəkillərinin plakat şəklində vurulmasına icazə vermirdi”

Deputat Siyavuş Novruzov gender bərabərliyindən danışarkən deyib ki, bələdiyyə seçkilərində çox vaxt gender bərabərliyi pozulur: “Bakı, Sumqayıt və Gəncə şəhərlərini çıxmaq şərtilə, digər bölgələrdə qadın namizədlər iştirak etmir. İştirak etsələr də, həyat yoldaşları namizədlərin şəkillərinin plakat şəklində vurulmasına icazə vermirdi. Bu cür halların düzəlməsi zaman tələb edir. Burda balans pozulur. Bu cür məsələlər üçün ibtidai siniflərdən başlamaq lazımdır”.

 

Bu edilir, ya yox, bilmək istəyərdik” – Deputat

Deputat Məlahət İbrahimqızı məktəblərdə kişi müəllimlərinin azlığından narahatlığını bildirib: “Bu gün orta məktəblərdə müəllimlərin əksəriyyəti qadındır. Kişilərin təhsildə üstünlük təşkil etməsi üçün komitə tərəfindən hansı işlər görüldüyü açıqlansa, yaxşı olar. Çünki gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır”.

“Digər məsələ erkən nikahlarla bağlıdır. Xüsusilə Bakının bəzi kəndlərində və bəzi rayonlarda bu problem daha aktualdır. Bunun üçün komitə tərəfindən ayrıca fəaliyyət həyata keçirilməlidir. Bu edilir, ya yox, bilmək istəyərdik”, – deputat vurğulayıb.

Deputat Rəşad Mahmudov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adından “Qadın” sözünün çıxarılmasını təklif edib. Millət vəkili qeyd edib ki, Milli Məclisin müvafiq komitəsinin adında “Qadın” sözü yer alır: “Bu, gender məsələlərini nə dərəcə əhatə edir?”.

 

“Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır”

“Gender problemi bütün dünyada aktualdır. Hər ölkədə belə problemlər var. Azərbaycanda cənub bölgəsində ən çox narahatedici məsələ erkən nikahlarla bağlıdır. Cənub bölgəsində bəzi valideynlər 9-cu sinifdən sonra uşaqlarının təhsilini davam etdirməsində maraqlı olmur. Başqa regionlarla müqayisədə, cənub bölgəsində erkən nikah, qızların təhsildən yayınma halları daha çoxdur. Bahar xanımdan xahiş edirəm o statistika varsa, təqdim etsin”, – deyə deputat Elman Nəsirov həyəcan təbili çalmaq istədiyini söyləyib: “Cənub bölgəsində erkən nikahlar məsələsində vəziyyət çox pisdir. Eyni zamanda narkomaniya ilə bağlı məsələdə də vəziyyət ürəkaçan deyil. Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır. Həyəcan təbili çalıram və xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələdə fəaliyyəti gücləndirsinlər”.

Müzakirələrdən sonra Milli Məclis “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” səsverməyə qoyularaq qəbul edilib.

 

Anar Bayramoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir