Zumrud Pasayeva

Estoniyada təhsil alan azərbaycanlı: “Estonlar xaraktercə bir az soyuq millətdir” – MÜSAHİBƏ

Baxış sayı: 1. 749
Estoniyada təhsil alır, deyir ki, getdiyi ölkədə uyğunlaşma problemi yaşamayıb. Bunun bir səbəbi estonların xaraktercə soyuq millət olmasıdırsa, digər tərəfdən, o özü də ünsiyyətcil olmadığı üçün estonların bu soyuqluğunu yaxşı başa düşür. Lakin bütün bunlara baxmayaraq müxtəlif ölkələrdən tələbə dostları qazana bilib. Müsahibimiz Estoniyanın Tartu Universitetində magistr təhsili alan həmyerlimiz Zümrüd Paşayevadır.
– Zümrüd xanım, öncə sizi tanıyaq…
– 1993-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşam. Orta təhsilimi də həmin kəndin 1 saylı orta məktəbində aldım. Etiraf edim ki, mən oxuduğum illərdə təhsil aldığım orta məktəbin şəraiti heç də ürəkaçan olmayıb. Amma məktəbi bitirdikdən iki il sonra yeni məktəb binası istifadəyə verildi, məktəbə yeni kadrlar gəldi. Attestasiya imtahanından keçə bilməyən köhnə müəllimlərin bəziləri işdən çıxarıldı. Hansı ki, bu müəllimlər bir zamanlar mənə “dərs” vermişdilər. Daha sonra bakalavr təhsilimi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində aldım. Hələ universitetin son kursunda oxuyarkən APA İnformasiya Agentliyində xarici siyasi xəbərlər üzrə müxbir kimi işə başlamışam. Bir müddət orda işlədikdən sonra ayrıldım. Daha sonra yenicə fəaliyyətə başlayan axar.az xəbər saytının ingilis dilli bölməsində çalışdım. Nəhayət, ordakı fəaliyyətimə də son verib, Estoniyaya – qəbul olduğum universitetə oxumağa yollandım.
– Necə oldu ki, məhz Estoniyada oxumağa qərar verdiniz? 
– Hazırda Estoniyanın Tartu Universitetinin nəzdindəki Yohan Skaytın (Johan Skytte) adını daşıyan Siyasi Araşdırmalar İnstitutunda Avropa İttifaqı və Rusiya üzrə araşdırmalar Proqramı üzrə təhsilimi davam etdirirəm. Əslində, hələ universitetin bakalavr pilləsində təhsil alarkən qarşıma məqsəd qoymuşdum ki, magistr təhsilimi xaricdə alacağam. Bu universitetə sənədlərimi göndərməzdən öncə, xeyli araşdırmışdım. Universitetin dünyanın top universitetləri sırasında olması, təqdim etdiyi master proqramı, həm də təhsil təqaüdü verməsi qərarıma təsir edən əsas amillərdir.
– Ölkə olaraq orda diqqətinizi daha çox nə çəkdi?
– Deyərdim ki, burda diqqətəlayiq çox şey var. Amma məni bura gəldiyim gündən düşündürən ilk şey bu ölkənin əldə etdiyi uğurlardır. Haşiyədən kənara çıxaraq qeyd edim ki, Estoniya elektron səsvermənin (e-voting) uğurla tətbiq olunduğu yeganə ölkədir.
– Sənə görə, orada yaşamağın, təhsil almağın üstünlükləri və çətinlikləri nələrdir? 
– Düzünü desəm, burada yaşamağın, təhsil almağın üstünlüklərinin çox olduğunu düşünürəm. Ölkənin valehedici təbiəti, sakit xarakterli insanları var. Bununla yanaşı, təhsilin keyfiyyətinin üstünlüyünü qeyd etmək istərdim. Lakin bir çoxları, xüsusilə də mülayim iqlimi olan ölkələrdən gələn tələbələr üçün əsas çətinlik hava ilə bağlıdır. Qışda havalar sərt keçir, qaranlıq tez düşür. Təsəvvür edin ki, günorta saat üçdə-dörddə dərsdən gələndə artıq hava qaranlıq olur. Ancaq bir ildən artıq müddətdir ki, mən burdayam və bu çətinliklərə öyrəşmişəm.
–  Bəs, uyğunlaşma problemi yaşadınmı? Oranın insanları ilə ünsiyyət qurmaq, dostlar tapmaq çətin olmadı ki?
– Təzə gələndə buranın havasına öyrəşə bilmirdim, tez-tez xəstələnirdim. Lakin artıq hər şey yoluna düşüb. Bəzən yeni bir ölkəyə gələndə “cultural shock” (mədəni şok) deyilən bir şeylə üzləşirsən. Amma məndə bu, baş vermədi, yəni, uyğunlaşma prosesini heç hiss etmədim. Estonlar xaraktercə bir az soyuq millətdir. Yəqin ki, bu soyuqluq da iqlimlə bağlıdır (gülür – Ş.M). Amma mən özüm də bir o qədər ünsiyyətcil olmadığım üçün onları yaxşı başa düşürəm. Burada müxtəlif ölkələrdən olan tələbə dostlarım var.
– Azərbaycanda da təhsil alıbsınız. İki ölkənin təhsil sistemi bir-birindən nə ilə fərqlənir?
– Əslində, təhsil sistemi arasındakı fərq müqayisə olunmaz dərəcədə böyükdür. İstər müəllimlərin tələbələrə olan münasibəti, istərsə də qiymətləndirmə kimi texniki məsələlər bizim ölkədəkindən xeyli fərqlidir. Burda tələbənin öz fikrini, yanaşmasını sərbəst ifadə etməsi hər şeydən önəmli hesab olunur, ona görə də dərslərin hamısı aktiv diskussiya şəraitində keçir. Alternativ yanaşmaların ifadə olunmasına hər zaman şərait yaradılır.
– Təhsil müddətində ən yadda qalan hadisə nə olub? 
– Əslində, xeyli maraqlı hadisələrlə üzləşmişəm. Ancaq  mənim üçün ən yadda qalanı ötən il dərs zamanı baş vermişdi. Deməli “Conflict Management and Resolution” adlı dərs götürmüşdüm və iştirakçılar arasında yeganə azərbaycanlı tələbə idim. Qrupda Ermənistandan olan dörd tələbə var idi. Semestr ərzində Kosovanı nümunə kimi müzakirə etmişdik. Lakin dərsin son günü müəllim zala müraciət edərək bildirdi ki, bu günə qədər biz Kosova məsələsini müzakirə etmişik, amma bu gün nümunəni başqa məsələ üzərində verəcəyəm. Dağlıq Qarabağ münaqişəsi hamınıza məlumdur və bu gün dərsdə münaqişə tərəfləri olan ölkələrdən tələbələr var. Gəlin onların  individual olaraq fikirlərini, həmçinin bir-birinə olan münasibətlərini öyrənək. Bu, mənim üçün gözlənilməz idi.
– Ümumiyyətlə, Azərbaycanın tanıdılması üçün tələbə kimi hansısa fəaliyyətiniz olubmu? 
– Azərbaycanı burda yetərincə tanıyırlar. Düzünü desəm, hansısa  xüsusi fəaliyyətim olmayıb, ancaq hər zaman Cənubi Qafqaz regionu ilə bağlı dərslərdə fəal olmuşam.
– Bəs milli  yeməklərimizi orda bişirirsinizmi? Heç xariciləri bizim yeməklərə qonaq edibsən?
– Etiraf edim ki, mətbəxlə o qədər də aram yoxdur. Əslində, burada yemək bişirmək üçün o qədər də çox zamanım olmur. Yüngülvarı yeməklərlə günü yola verirəm. Amma bir dəfə bir neçə əcnəbi yoldaşlarımı paxlavaya qonaq etmişdim. Çox xoşlarına gəlmişdi.
– Gələcək planlarını artıq qurmusunuzmu?
– Bu il artıq təhsilimi tamamlayıram. Qarşıda görüləcək çox işlərim var. Öyrəndiklərimi praktikada tətbiq etməyə çalışacağam. Həmçinin,  PhD  üzrə təhsilimi də davam etdirmək istəyirəm”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir