evden is

Evdən işləmək yaxşıdır, yoxsa pis? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 277

Sərt karantin rejimi günlərində hamı evdən işləməyə başladı. Evdən işləməyi əksər insanlar sevsə də, sevməyənlər və evdən işləyə bilməyənlər də az deyil. Artıq dünyanın heç bir ölkəsində sərt karantin olmasa da, işlərini evdən idarə edilməsi məsələsi gündəmdəki yerini qoruyur.

Mütəxəssislərin fikrincə, evdən işləməyin ən mənfi cəhəti insanların gündəlik həyatı ilə iş həyatı arasında dəqiq fərq qoymamasıdır. Evdən işləmək, araşdırmalara görə hamının psixi sağlamlığına təsir edir. Buna təsir edən amillər insanın yaşı, cinsi, ailə vəziyyəti və ya uşaqlarının olub-olmamasıdır.

Həmçinin evdən işləmək ailə münaqişələrini də azalda bilər. Evdən işləmək fərd üçün vaxtını çevik şəkildə istifadə etmək, hər yerdən sərbəst işləmək və qismən muxtariyyət təmin etmək imkanı verir. Evdən işləmək “yüksək ixtisas tələb edən işlərdə çalışan peşəkar mütəxəssislərin iş qaydası” kimi də müəyyən edilə bilər.

Evdən işləmək tək yaşayan insanların psixi sağlamlığına müsbət təsir edir. Çünki tək yaşayan insanlar iş ilə gündəlik həyat arasında aydın fərq yarada bilirlər. Bu işin təşkili həm də işə gedən vaxta qənaət edir. Vaxta qənaət ailə ilə keçirdiyiniz vaxtı artırır. Ehtimal olunur ki, ailə münaqişələrinin azalmasının səbəbi də bu ola bilər.

Evdən işləməyin mənfi tərəfləri də var. Belə ki, evdən işləmək sosial əlaqələri azalda bilər. Evdən işləmək gənc və təcrübəsiz işçilər, qadınlar, məktəbəqədər yaşda uşağı olanlar və ailəsi ilə yaşayanlar üçün əziyyətə çevrilə bilər. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, qadınlar evdən işləyərkən ev işlərini çatdıra bilməyəcəklərindən qorxurlar. Eyni zamanda müəyyən edilib ki, məktəbəqədər yaş qrupunda uşağın olması da, insanın psixi sağlamlığına mənfi təsir göstərir. Evdən işləmək, insanın iş mühitində həmkarları ilə ünsiyyət qurmasına əngəl olaraq düşünülür.

karantin

Psixoloq Leyla Zaman bildirir ki, evdən işləməyin çətinliklərini aradan qaldırmaq üçün iş planı hazırlanmalıdır. Və bütün gün bu plana sadiq qalaraq gün tamamlanmalıdır.

“Dostlarınıza, həmkarlarınıza ünsiyyətdə olmağa çalışın. Arada fasilə edin, mahnı dinləyin, gəzin, qəhvə için. Evdən işləmək özünü işə sərf etmək deyil. Özünüzü işdə olduğu kimi hiss etməyə çalışın. Hər bir saatdan 15 dəqiqə hava alın, gəzin və yenidən işləyin” – deyə Leyla Zaman qeyd edir.

Psixoloq hesab edir ki, evdən işləmək, ənənəvi iş ilə müqayisədə daha rahatdır. Çünki qadınlar evdən işlədikləri zaman ev geyimində ev halı ilə işləyir, geyimə və makiyaja əlavə zaman sərf etmirlər. Digər tərəfdən isə, evdən işləyən zaman əlavə xərclər də ortaya çıxmır. Evdən işləyən qadınlar evdə uşaqlarına baxmaqla yanaşı, ev işlərini də görə bilmək imkanına malikdir.

“Evdən işləməkdə çətinlik çəkənlər işdə az işləyib, sadəcə işləyirmiş kimi görünənlərdir. Çünki evdən işləyən zaman kimin necə işlədiyi daha aydın görünür” – deyə psixoloq əlavə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir