bosanma

Evləndirəndə düzəlmir… – Hər üç ailədən biri boşanır

Baxış sayı: 903

 Avaradır, evə yığılmır…

– Evləndir, düzələcək!

– Çox əsəbidir, heç özünü idarə edə bilmir. ..

– Evləndir, düzələcək!

– Xaricə gedib orada yaşamaq istəyir…

– Ərə ver, başından elə.

Azərbaycanda hələ də bəzi evliliklərin təməli bu dialoqlarla qoyulur. Cəmiyyət nə qədər inkişaf etsə də, müstəqil qərar qəbul edə bilməyən cütlüklər, müəyyən maraqlar və təzyiqlər altında ailə quran şəxslər var. Nəticəsi isə statistikada özünü göstərir. Ortaya “Sınaq evlilik”lər – cəmi bir neçə aydan 1-2 ilə qədər ömrü olan ailələr çıxır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə 9 ay ərzində Azərbaycanda bağlanmış nikahların sayı 56 faiz, boşanmaların sayı isə 16 faiz artıb. Ümumiyyətlə statistika onu göstərir ki, dünyada olduğu kimi Azərbaycanda da boşanmaların sayı artan tendensiya ilə davam edir. Ölkədə 3 nikahdan biri boşanma ilə nəticələnir.

 

“20-30 ilin ailələri də boşanır”

Psixoloq Elnur Rüstəmov hesab edir ki, boşanmanın bu səviyyədə olması normal deyil. Boşanmadan əziyyət çəkən tərəflərin, onların aldıqları psixoloji sarsıntıların cəmiyyətə də sosial-psixoloji təsirləri çoxdur. Psixoloqun sözlərinə görə, boşanma statistikasının təhlili göstərir ki, bunların heç də hamısı yeni qurulan ailələr deyil, aralarında 20-30 ilin ailələri də var. Bəzən ailələr boşanır və müəyyən müddətdən sonra yenidən bir yerə gəlirlər. Bəzi ailələr isə çoxdandır bir yerdə yaşamasalar da, rəsmən boşanmayıblar. Ona görə də statistika bizə bu proses haqqında informativ məlumat verir, arxada duran problemləri deyə bilmir. Mütəxəssis bildirir ki, bu gün ailədaxili problemlərin tənzimlənməsində emosional dayanıqlılıq çox zəifdir:

“Bəzən boşanmada sosial iqtisadi problemləri önə çəkirlər. Amma boşananlar təkcə maddi durumu zəif olanlar deyil. Maddi durumu yaxşı olan ailələrdə də boşanmalara rast gəlirik. İqtisadi durumu aşağı olan ailələr problemlərə daha dözümlü yanaşırlar. Yeni ailə quranlar içərisində boşanmalar daha çoxdur. Amma uzun müddət ailə quranlar içərisində boşanma halları artan templə gedir. Bu, onu göstərir ki, tədbirlər görülməsə, 10-15-20 ilin ailələrində də boşanmada artım tempini müşahidə edə bilərik”.

 

İnstaqramdakı dəbdəbəli həyat boşanma səbəbi ola bilir

Vəkil Tural Şükürovun sözlərinə görə, pandemiyanın geniş yayıldığı dövrdə tətbiq olunan qapanmalar zamanı boşanmalarla bağlı müraciətlər həddindən artıq çox olub. Yumşalmalar və açılmalardan sonra isə bu prosesdə stabilləşmə yaranıb.

Vəkil öz təcrübəsinə əsasən bildirir ki, hazırda boşanmaların əsas səbəbləri insanların sosial şəbəkələrdə müşahidə etdikləri dəbdəbəli yaşam və onu öz həyatlarına tətbiq etmək istəyidir: “Sosial şəbəkələrdə, instaqramda qadınlar dəbdəbəli həyatı görürlər, oradakı kimi yaşamaq istəyirlər. Məsələn, 8 Martda, 14 Fevralda görürlər ki, digər qadınlara xüsusi ehtiram var, hədiyyələr verirlər, bahalı maşınların üstündə şəkillər çəkdirirlər, restoranlara aparırlar. O həyat tərzi qıcıq yaradır. Pərdəarxası tərfi də var, lakin heç kim o biri tərəfi görmür və o həyata can atmağa başlayır. Kişi qayğı göstərə bilmir, onun üstündə dava-dalaş düşür, qısqanclıq yaranır, boşanmalara gətirib çıxarır. Mənim təcrübəmdə dəfələrlə olub ki, boşanan tərəflər məhz bunun üstündə dava düşdüyünü bildiriblər. Əsasən boşanmalar sosial problemlərin yükü səbəbindən baş verir”.

 

“Boşanmaq həmişə pis deyil”

Tanınmış jurnalist İlhamiyyə Rza isə hesab edir ki, boşanmaların artmasından narahat olmağa dəyməz:

“Hər ailənin öz uğur düsturu var, ona görə də, bu baxımdan ümumiləşdirilmiş söz demək mümkün deyil. Əslində, mən hesab edirəm ki, boşanmaların sayının artması heç də pis göstərici deyil. Biz bilirik ki, çox vaxt ailələr gənclərin öz istəkləri ilə qurulmur. Amma boşananda, əsasən, gənclər özləri qərar verirlər. Bu qərarların artması o deməkdir ki, insanlar öz talelərini özləri həll etməyə başlayıblar. Mən hesab edirəm ki, pis ailəni qorumaqdansa, onu dağıtmaq yaxşıdır. Yəni, insanlar öz müqəddəratını özləri həll eləsinlər. Ailə qurmağı qədimdən bəri bir hökm kimi qəbul edirlər. Hətta belə deyirlər ki, “ağ gəlin paltarında getdiyin evdən ağ kəfənlə çıxa bilərsən”. Bu, heç də düzgün yanaşma deyil. İnsanlar, gənclər həyatlarını yaxşıya doğru dəyişməyə meylli olmalıdırlar. Əgər ailə həyatı insan üçün boyunduruğa çevrilirsə, dözülməz olursa, ondan imtina etmək lazımdır. Çünki heç kim yaxşıdan imtina etmir, imtina edirsə, demək ki, pisdir”.

İ. Rza hesab edir ki, boşanmaq həmişə pis deyil. İnsanların pis durumla barışmaması və vəziyyəti yaxşılığa doğru dəyişmək istəyidir. Xüsusən indiki – ailədaxili zorakılıqların çox olduğu bir dövrdə ona dözənlərin sonu intihar və ya qətllə bitir.

 

Bütün ailə quranlar psixoloji müayinədən keçməlidirlər

Psixoloq Elnur Rüstəmov əlavə edir ki, qurulan hər 3 nikahdan biri boşanma ilə nəticələnirsə, digər ikisinin də problemləri var, o da sabah boşanmaya gedə bilər. Ona görə də, problemin həlli üçün statistikanı təhlil edərək yol xəritəsi çəkilməlidir:

“Bu proses kompleks yanaşmanı tələb edir. Mən təklif edirəm ki, ailə qurmamışdan öncə tərəflər tibbi müayinə ilə yanaşı, psixoloji müayinədən də keçsinlər. Bu, onlarda bir-birinə qarşı psixoloji dayanıqlılığın formalaşmasına müsbət təsir göstərəcək. Bu gün bununla bağlı bizə fərdi müraciət edənlər var, lakin mən düşünürəm ki, bu sistem şəkildə həyata keçirilsə, daha yaxşı olar”.

Boşanmaların sayını azaltmaq üçün psixoloq təklif edir ki, ailələrə mütləq şəkildə psixoloji dəstək göstərilməlidir. Boşanma ərəfəsində psixoloji dəstək alan ailələr bu fikirdən vaz keçirlər. Həmçinin mövcud boşanmaya gətirən problemin həllinin tapılması da şərtdir.

 

Gülnar Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir