senedsiz evler

Evlərimizin altında basdırılan bombalar – ARAŞDIRMA

Baxış sayı: 596

Fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı bəzi vətəndaşlar tikinti qaydalarına əməl etmirlər. Onlar tikintiləri magistral və paylayıcı su, qaz xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində, həmçinin yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonasında aparırlar. Bu isə gələcəkdə baş verə biləcək hər hansı qəza zamanı təkcə tikililər üçün deyil, insanların həyatı üçün də ciddi təhlükələr yarada, insan tələfatına yol aça bilər.

Cəzasızlıq və tədbirsizlik mühiti hökm sürür

Digər tərəfdən, belə tikililərin olduğu ərazilərdə baş vermiş qəzaların aradan qaldırılması zamanı çox ciddi çətinliklər yaranır. Bu yaxınlarda Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və sair ərazilərdə magistral su xətlərində, kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması zamanı üzə çıxan problemlər deyilənlərə əyani misaldır. Həmin ünvanlardakı kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektlər qəzanı aradan qaldıran iş icraçılarına çox ciddi çətinliklər yaşadıb. Baxmayaraq ki, qanunvericilikdə bu hərəkətə yol verənlərə qarşı hüquqi məsuliyyət var, üstəlik aidiyyəti dövlət qurumları Nazirlər Kabinetinə tələb və təkliflər göndərib, yenə də bu sahədə cəzasızlıq və tədbirsizlik mühiti hökm sürür. Mütləq gözləməliyik ki, hansısa bədbəxt hadisə baş versin, insan tələfatı olsun, yaxud qaz, su, elektrik təchizatında ölkəmiqyaslı ciddi problem yaşansın, ondan sonra aidiyyəti qurumlar hərəkətə keçsin?

Yüksək təzyiq insanı bıçaq kimi kəsər

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirir ki, vətəndaşlar su xəttinin yanında, yaxud üstündə qanunsuz şəkildə, gecə saatlarında xəlvəti evlər tikir, bir neçə ildən sonra isə “Azərsu” ASC-yə, daha yuxarı instansiyalara müraciət edərək su xəttinin yerinin dəyişdirilməsini tələb edirlər. Ən çox da bu əmələ yol verənlər ev alqı-satqısı ilə məşğul olan dəllallardır: “Özbaşına, gecəqondu formada qadağan olunmuş ərazilərdə yaşayış və ya qeyri-yaşayış obyekti tikirlər. Bir neçə gün bundan öncə Xəzər rayonunda 219 mm-lik su boru xəttini doğrayıb töküb, yerini dəyişib, camaatı susuz qoyub ev tikməyə cəhd olunmuşdu. Belə məsuliyyətsizlik edən şəxsin əməlinin qarşısı dərhal alındı. Amma indiyə qədər 2500-dən artıq bu cür tikinti işi aparılıb. 90-cı illərdə, 2000-ci illərin əvvəlində tikilən bu obyektlərin mütləq əksəriyyəti fərdi yaşayış evləridir. Hətta yüksək təzyiqli magistral su xətlərinin yaxınlığında ev tikənlər də var. Bu, təkcə o evlər üçün deyil, o ətrafda yaşayan insanlar üçün ciddi təhlükədir. 8, 10, 12 atmosfer, yay aylarında daha yüksək atmosfer təzyiqlə işləyən su xətlərinin yanında evlər tikiblər. Əgər o su xəttində hər hansı qəza olsa, yaxınlıqda kim varsa, təzyiqli su bıçaq kimi onları kəsib doğrayacaq”.

Söküntü işi aparılarkən kompensasiya veriləcəkmi?

Mətbuat katibi deyir ki, vətəndaşlar, eləcə də sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub-olmamasını dəqiqləşdirmək üçün birmənalı qaydada “Azərsu” ASC-dən müvafiq rəy almalıdırlar: “Biləcəridə Məlik Aslanov küçəsində bir evin mətbəxinin altından min millimetrlik Bakı-Kür su xətti keçir. İki dəfə Binəqədidə evin döşəməsini söküb su boru xəttini təmir etmişik. Maşın bazarı yaxınlığındakı Keşlə, həmçinin 8-ci kilometr kollektorları üzərində də evlər tikilib. Biz baş verə biləcək qəza və təhlükələri nəzərə alaraq qanunsuz tikililərlə bağlı vahid siyahı hazırlamışıq, 7-8 il öncə Nazirlər Kabinetinə müraciət etmişik. Amma o evlərin aqibəti necə olacaq, söküləcəkmi, söküntü işi aparılarkən kompensasiya veriləcəkmi və sair bu kimi məsələlər hələ aydınlaşmayıb”.

Şəxsi maraqları üstün tutanların dövlətə zərəri

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, uzun illər bu kimi məsələlərə nəzarət olduqca zəif olub. Onun fikrincə, bələdiyyələr, həmçinin yerli icra orqanları tərəfindən hansısa maraq qarşılığında qeyri-yaşayış və yaşayış obyektlərinin qadağan olunmuş yerlərdə qanunsuz tikintisinə şərait yaradılıb: “Nəticədə, bu ərazilərdə geniş məskunlaşma aparılıb. Düzdür, son illər bu cür qanunsuz tikililərin qarşısı alınıb. Amma vaxtilə minlərlə belə tikintilər aparılıb. İndi həmin ərazilərdəki tikililərin köçürülməsi, söküntü işlərinin aparılması çox ciddi narazılıqlarla müşayiət oluna bilər. Burada o tikinti işlərini aparanlarla yanaşı, ən böyük məsuliyyəti aidiyyəti dövlət qurumları, xüsusən də həmin ərazinin icra strukturları daşıyır. Məhz həmin səlahiyyətli şəxslər müəyyən razılaşmalar müqabilində vətəndaşların qanunsuz tikinti işləri görməsinə göz yumublar”.

Problemin həllinə diqqət yönəlsin

Ekspertin sözlərinə görə, qanunsuz şəkildə tikilən bu obyektləri alan vətəndaşlar anlamalıdırlar ki, gələcəkdə onlar həmin daşınmaz əmlakın hüquqi sahibi ola bilməyəcəklər: “O ərazilərdəki tikintilər istənilən vaxt məhkəmə qərarı ilə sökülə bilər. Həmin obyektləri tikib başqasına satıb aradan çıxan işbazlar müəyyən məbləğdə gəlir əldə etsələr də, obyekti alan sadə vətəndaş sonradan ciddi ziyanla üzləşəcək. Ona görə də vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar. Fikrimcə, bu məsələnin birdəfəlik tənzimlənməsi üçün dövlət səviyyəsində ciddi addımlar atılmalıdır. Gözləmək olmaz ki, mütləq hansısa qəza və ya insan tələfatı baş versin, ondan sonra problemin həllinə diqqət yönəlsin”.

Hüquqi məsuliyyət

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirdi ki, özbaşına tikinti işlərinin aparılmasına görə qanunvericilikdə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub: “İnzibati xətalar Məcəlləsinin 395.1-ci və 395.2-ci maddələrinə uyğun olaraq, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin rəsmi icazə almadan aparılmasına görə müəyyən məbləğdə cərimələr tətbiq olunur. Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.2-ci maddəsinə əsasən isə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Rufik İSMAYILOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir