imtahan

Gələn il qəbul imtahanlarında hansı mövzular olacaq? - Abituriyentlər üçün ip ucları

Baxış sayı: 337

“Dövlət İmtahan Mərkəzi hər il sentyabr-oktyabr ayında növbəti qəbul imtahanının proqramını qəbul edir. Bu həm buraxılış, həm də blok imtahanları üçün keçərlidir. Bu imtahanlarda DİM hansı mövzulara toxunmayacaqsa o mövzuları əvvəldən elan edir. Bu, abituriyentlərə qəbul proqramında hansı mövzuları daha dərindən öyrənməyə istiqamət verir”.

Bunu abituriyent hazırlığı üzrə, təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsində fənlər üzrə salınacaq proqramları açıqlayıb. Sputnik Azərbaycan növbəti qəbul ilində imtahan proqramlarından hansı mövzuların çıxardıldığını, bu dəyişikliklərin abituriyentlərin nəticələrinə necə təsir edəcəyini araşdırıb.

DİM-in açıqladığı məlumatda bildirilib ki, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılıb və proqramlara eyni olan mövzular imtahan suallarına daxil edilib. Məsələn, 9-cu siniflər üçün “Ümumi tarix” və “Azərbaycan tarixi” dərsliklərinin yeni nəşrlərində bir sıra mövzuların adları dərsliklərin əvvəlki nəşrləri ilə eynilik təşkil etsə də, məzmunda fərqlər var. Bunlar nəzərə alınaraq, imtahanlarda həmin mövzulara aid üst-üstə düşən məlumatlardan istifadə ediləcək. Bu həm Azərbaycan, həm də rus bölməsini əhatə edəcək.

“2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna dair material da növbəti qəbul imtahanlarının suallarında öz əksini tapacaq. Ötən tədris ilindən ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla da abituriyentlər maraqlanmalıdırlar. Həmçinin cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7-ci, coğrafiya fənnindən isə 6-cı siniflərdə istifadəyə verilmiş dərsliklər yeni kurikulum əsasında hazırlanıbdır. Bu dərsliklər məzmun, yeni terminlərin verilməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Bunlar nəzərə alınaraq, qəbul proqramlarında həmin siniflərə aid mövzuların materiallarında dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək.

DİM onu da bəyan edib ki, növbəti il qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunacaq. Həmin əsərlərin müvafiq hissələri ilə abituriyentlər mütləq tanış olmalıdırlar. Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur.

Ramin Nurəliyev - Sputnik Azərbaycan, 1920, 01.10.2024

Nurəliyev bildirir ki, DİM-in bu açıqlaması abituriyentlər üçün çox əhəmiyyətlidir.

“Məsələn,Azərbaycan dili fənni üzrə imtahana salınan suallar 5-11 sinif dərsliklərini əhatə edir. Abituriyent məcburdur ki. 6 ilin proqramını tam öyrənsin. Ona görə də DİM əvvəldən bu 6 ilin proqramının içərisindən hansı mövzulara diqqət ayıraraq imtahana salacağını açıqlayır. DİM abituriyentlərə jurnal vasitəsi ilə bir növ yol göstərir. Orada abituriyentin hansı bölmə üzrə hansı mövzuya daha çox vaxt ayırmalı olduğu qeyd olunur. Repetitor yanında, eləcə də məktəbdə hazırlaşan abituriyentlərə müəllimlər bu məqamları izah edirlər. Çünki müəllimlər DİM-in “Abituriyent 1″ jurnalına xüsusi diqqət ayırırlar”, deyə ekspert bildirir.

Nurəliyev deyir ki, bəzi fənlər var ki, orada bölmələr genişdir. Abituriyent qısa müddətə o bölmələrin hamısını mənimsəyə bilmir. DİM-in açıqlaması onlara həmin bölmələrdən hansı məqamlara daha çox diqqət yetirməli olduğuna bir növ istiqamət verir:

“Azərbaycan dilindən feil bölməsi 7-ci sinfin böyük bir hissəni əhatə edir. Şagird bir il yarım orta məktəbdə feil bölməsini mənimsəyir. Ona görə də abituriyentlərin feilin bütün bölmələrinə daha çox diqqət yetirmələri, bunu əvvəldən bilmələri onların xeyrinədir. Yaxud fonetika bölməsində vurğunun imtahan proqramından çıxardılması barədə abituriyentlərin məlumatlı olması onları əlavə yüklənmədən xilas edir. Hansı proqramlardan sualların tərtib olunacağını əvvəldən bilmək abituriyentin və repetitorların işini asanlaşdırır. Bu, abituriyentə imtahana daha dəqiq proqram üzrə hazırlaşmağa imkan yaradır. Məsələn, Tarix fənnində Qarabağda antiterror əməliyyatı dərslikdə olmasa da, DİM bununla bağlı xüsusi material tərtib edib. Bununla əvvəldən bu materialdan sual düşəcəyi barədə abituriyenti məlumatlandırır. Bununlda DİM qəbul imtahanlarında bütün fənnlər üzrə imtahana salacağı sualların proqramlarını açıqlamış olur”.

Ekspert deyir ki, bu həm Azərbaycan, həm də rus bölməsini əhatə edir. Onun sözlərinə görə, rus bölməsində də qəbul imtahan proqramından çıxardılan mövzular var.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir