qaynana

“Gəlinlə qaynana mübahisəsi olan evdə boşanmaq əvəzinə ailədən ayrı yaşamaq doğru seçim olar”

Baxış sayı: 363

Avropa İttifaqının (Aİ) Statistika İdarəsi Eurostat-ın hesablamalarına görə, Aİ-də yetkin insanlar valideynlərinin evini orta hesabla 26 yaşında tərk edirlər. Ancaq bu yaş ölkələrə görə əhəmiyyətli dərəcədə dəyişir.

Finlandiya, İsveç və Danimarkada gənclər adətən 21 yaşında evi tərk edirlər. Əksinə, Xorvatiya, Slovakiya, Yunanıstan, İspaniya, Bolqarıstan və İtaliyada bu, adətən, ən azı 30 yaşa qədər baş vermir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, hazırda valideynləri ilə birlikdə yaşayan gənc yetkinlərin ümumi sayı baxımından Cənubi Avropa ölkələrində göstəricilər yüksək görünür.

Azərbaycanda övladlar əksər hallarda valideynləri ilə yaşayır, hətta ailə qurandan sonra belə valideyn evini tərk etmirlər. Mütəxəssislərə görə, bu da bizim mentalitetdən irəli gəlir.

Mail Yaqub

Sosioloq Mail Yaqub bildirir ki, xoşbəxtlikdən Azərbaycanda uşaqlar 18 yaşından sonra nadir hallarda ayrı evə çıxır. Valideynlərin övladları ilə birlikdə yaşaması çox vacib sayılır.

Mail Yaqub hesab edir ki, uşaqlar ən azından ailə həyatı qurana qədər valideynləri ilə yaşamalıdırlar.

“Bunu bizim mədəniyyətimiz də diqtə edir. Eyni zamanda bizim milli-mənəvi əxlqımız da bu istiqamətə köklənib. Azərbaycanda həm valideynlər övladının xidmətində olmalıdır, həm də övladlar valideynlərin xidmətində olmalıdır. Bizim dinimiz, müqəddəs kitabımız da övladların valideynə xidmətçi olmasına təkid edir. Hətta bunu bir neçə ayədə yüksək səviyyədə dəyərləndirir. Amma, burada başqa bir məqam da var”-deyən Mail Yaqub bildirib ki, bəzi ailələrdə ailə qurandan sonra gəlinlə qaynana arasında problem yaranır.

qaynana

Gəlinlə qaynana arasında mübahisə olan zaman nə etməli?

Sosioloq qeyd edir ki, əgər imkan varsa, oğul övladı ailəsi ilə ayrı yaşamağa çalışmalıdır. Çünki bəzi hallarda bu problemə görə, ailə dağılır. Bu da yolverilməzdir.

“Heç bir qanunda yazılmayıb ki, gəlin qaynana ilə yaşasın. Əgər yola getmirlərsə, hansısa səbəbdən gəlin-qaynana yola getmirsə, burada ailənin dağılması çıxış yolu olmamalıdır. Çıxış yolu kimi onların valideynlərdən kənarda yaşaması seçilməli və təmin edilməlidir. Bu qərar çətin olsa da, ailənin dağılmasından daha yaxşıdır. Ailənin dağılması, sözün əsl mənasında faciədir. Burada ən optimal yolu seçmək lazımdır. Əgər valideynlərlə mübahisə və ya problem yoxdursa, bir evdə yaşamaq daha yaxşıdır”-deyə Mail Yaqub əlavə edir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir