Meryem Mecidova

“Gender Hub”: “Azərbaycanda hər 116 oğlana 100 qız doğulur”

Baxış sayı: 512

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNPF) da apardığı araşdırmalara görə, selektiv abort problemi Asiya və Qafqazda çox aktualdır. Azərbaycan da bu problemlə üzləşən ölkələr sırasındadır.

“Gencaile.az” saytı xəbər verir ki, “Report”un əməkdaşı əsasən qadınlara qarşı zorakılıqla mübarizə aparan “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidovadan müsahibə alıb. Təşkilat həm də xüsusilə bu təcrübənin daha çox tətbiq olunduğu regionlarda araşdırmalar və sorğular apararaq selektiv abort məsələləri ilə də məşğul olur, gender stereotiplərini məhv etməyə çalışır.

 

– Xahiş edirik fəaliyyətiniz barədə ətraflı məlumat verin.

– Biz 2020-ci ildən işləyirik, qadınlara qarşı zorakılıqla bağlı məlumatların daxil olduğu qaynar xəttimiz var. Biz onlara pulsuz psixoloq yardımı və hüquqi yardım, lazım gələrsə, sığınacaq verməklə kömək etməyə çalışırıq.

Biz bərabərliyin olacağı dünya yaratmağa çalışırıq ki, qadınlar da kişilər kimi öz hüquqlarından istifadə edə bilsinlər.

Əlbəttə, Konstitusiyada hüquqlarımız bərabərdir, amma əslində qadınların hüquqları kişilərdən qat-qat çox pozulur. Əgər qadın həm oxumaq, həm də ana olmaq istəyirsə, o zaman seçim etməli deyil. Onun paralel olaraq karyera və ailə qurmaq imkanı olmalıdır. Amma təəssüf ki, bir çox qadın bu hüquqdan istifadə edə bilmir.

İkinci problem erkən nikahlardır. Çoxları düşünür ki, əgər bununla qarşılaşmayıblarsa, deməli, bu problem 19-cu əsrdə qalıb. Ancaq buna dair bir çox nümunə var – 14-15 və hətta 11 yaşlı gəlinlər olub. Təbii ki, bu, fiziki sağlamlığa və psixoloji vəziyyətə təsir edir.

Selektiv abort problemi də bu qəbildəndir. Azərbaycan bu sahədə liderlər siyahısındadır. Ölkəmizdə hər 116 oğlana 100 qız doğulur, bioloji norma isə 100 qızın 102-106 oğlana nisbəti hesab olunur. Bu o deməkdir ki, demoqrafik baxımdan artıq problem var, belə davam edərsə, 2050-ci ildə bizdə hər 9 oğlana yalnız 1 qız düşəcək. Ona görə də cəmiyyətin diqqətini bu problemə yönəltmək çox vacibdir.

 

– Hansı beynəlxalq və yerli strukturlarla və hansı proqramlar çərçivəsində əməkdaşlıq edirsiniz?

– Müxtəlif layihələr çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Məsələn, BMT-nin Əhali Fondu tərəfindən dəstəklənən “Atalar məktəbi” layihəmiz var idi.

Həmçinin Avropa Şurası, müxtəlif ölkələrin Azərbaycandakı səfirlikləri və BMT-nin digər qurumları, məsələn, İnsan Hüquqları Agentliyi ilə də əməkdaşlıq edirik. O cümlədən bu Agentlik ilə əməkdaşlıq çərçivəsində məişət zorakılığı üzrə ixtisaslaşmış hüquqşünasların cəlb olunacağı birgə layihənin həyata keçirilməsi planlaşdırılır. Layihə hüquqşünaslara gender əsaslı zorakılıqla bağlı işlərdə kömək etmək məqsədi daşıyır.

Avropa Şurası bizə təlimlər və proqramlar üçün resurslar və materiallar, eləcə də metodologiya ilə kömək edir.

Erkən və qohum evlilikləri ilə bağlı əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilat da var. Bu layihələr Böyük Britaniya səfirliyi vasitəsilə həyata keçirilir, çünki təşkilat orada yerləşir.

Keçən il İsveçrə səfirliyi və “The Swiss Agency for Development and Cooperation”ın köməyi ilə teatr fotmatında layihə həyata keçirdik. Yəni gender bərabərsizliyi problemlərinə dair təlimlər keçirildi, daha sonra iştirakçılar bu mövzuda teatrlaşdırılmış səhnəciklər göstərdilər. Ssenari dəyişdikdə həll yolları axtarılır və bu və ya digər çətin vəziyyətdən çıxış yolu nümayiş etdirilir.

Biz bu layihəni Lənkəran teatrında həyata keçirdik, sonra isə Astara, Lerik, Lənkəran gəncləri bu mövzuda qısametrajlı filmlər çəkdilər. Bu layihə tənqidi təfəkkür səviyyəsini yüksəltmək üçün vacib idi ki, onlar filmlər və videolar vasitəsilə belə mühüm mövzuların necə qaldırılacağını başa düşsünlər.

Həmçinin Avropa İttifaqı, Niderland, Fransa səfirlikləri, “FemAct”, USAID, “UN Women”, “Institute for War and Peace”, “Anti-Discrimination Center” kimi təşkilatlar ilə əməkdaşlıq edirik.

“Paşa Holdinq”in dəstəyi ilə “Woman Bazaar” festivalı reallaşdırılıb. Əsas məqsəd həyatlarının müəyyən mərhələlərində hər hansı formada zorakılığa məruz qalmış qadın sahibkarların cəmiyyətə müsbət reinteqrasiyasına və davamlı iqtisadi azadlığa dəstək mexanizmlərinin genişləndirilməsinə dəstək olmaq olub. Festivalda 80 qadın iştirak edib.

Biz gender problemləri ilə bağlı profilaktik tədbirlərdə fəal iştirak edən və məişət zorakılığı qurbanları üçün sığınacaq verən digər təşkilatlarla da əməkdaşlıq edirik. Bunlar Gəncədə “Tamas”, Bakıda “Təmiz Dünya”dır.

 

– “Atalar məktəbi” layihəsi haqqında ətraflı məlumat verərdiniz. Bu layihə ilə bağlı artıq neçə rayonda seminarlar keçirmisiniz?

– “Atalar məktəbi” layihəsi kişilərin övladları ilə ünsiyyət qurmalarına kömək etmək, onların ev işlərinin bir hissəsini öz üzərinə götürməsi, qadınların isə oxumağa, işləməyə və istirahət etməyə imkan əldə etməsi üçün nəzərdə tutulmuşdu.

Layihə ötən il başa çatıb və hər şəhərdə – Ağstafa, Qazax, Lənkəran, Mingəçevir, Qax, Bakı, Sumqayıt, Tovuz və Gəncədə 8 həftə davam edib. Layihədə 500-dən çox adam iştirak edib. O, Avropa İttifaqı tərəfindən maliyyələşdirilib, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin UNFPA və “UN Women” isə layihənin tərəfdaşları olublar. Məktəbdə atalar psixoloqlar, pediatrlar və s. ilə treninqlər keçiblər. Atalarda uşaqların istəklərini necə dinləmək, onlarla necə ünsiyyət qurmaq barədə fikir formalaşdırmaq üçün xüsusi oyunlar təşkil edilib.

 

– Vətəndaşları gender bərabərliyi ilə bağlı məlumatlandırmaq üçün hansı onlayn təlimlər keçirilib?

– Bəli, onlayn təlimlər də olub və gələcəkdə də nəzərdə tutulub. Təzə başlayanda – 2020-ci ildə bu format üstünlük təşkil edirdi, çünki pandemiya var idi. Amma iştirakçılarla daha yaxşı ünsiyyət qurmaq üçün canlı görüşlərə üstünlük veririk.

Zorakılıq və bu problemin həlli üçün cəmiyyətin necə birgə fəaliyyət göstərməsi mövzularında təlimlər keçirilib.

Bu formatda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda daha bir təlimin keçirilməsi nəzərdə tutulub.

 

– Gender əsaslı zorakılığa qarşı 16 günlük aksiya haqqında ətraflı məlumat verərdiniz.

– Bu, beynəlxalq aksiyadır, BMT tərəfindən sponsorlaşdırılıb və 8 rayonda baş tutub. Zorakılığın qarşısının alınması və onunla mübarizənin mövcud hüquqi mexanizmləri ilə bağlı keçirdiyimiz ictimai müzakirələrdə 300-ə yaxın insan iştirak edib. Hara müraciət etməyin lazım olduğu, vəkillərin, qadın komitələrinin rolunun nədən ibarət olduğu, hansı qaynar xətlərin mövcud olduğu və s. müzakirə olunub. Çox vacib bir məsələ də var – zərərçəkmiş özünü təhlükəsiz hiss etmirsə, polislə necə əlaqə saxlamağa davam edə bilər, hər halda, polisin arvadını polis bölməsində güllələdiyi hadisəni hamı xatırlayır.

Bu müzakirələrin məqsədi insanların məişət zorakılığına ailə daxilində həll olunan bir şey kimi baxmasının qarşısını almaq idi. Cəmiyyət bu problemlərdən danışmalıdır, bu təkcə dövlətin və ya BMT-nin işi deyil. Uzunmüddətli perspektivdə qadınlar üçün onların meditasiya, yoqa ilə məşğul olmaq, eləcə də biznes üzrə təlimlər təşkil etməklə cəmiyyətə reinteqrasiya edə biləcəkləri resurs mərkəzi açmaq istərdik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir