lazer

Gözəllik yaradan lazer prosedurlarının gözlərdə yaratdığı FƏSADLAR

Baxış sayı: 967

Kosmetologiya sahəsində lazer şüalarının istifadəsi zamanı buraxılan səhvlər təkcə dəridə deyil, digər orqanlarda, eləcə də gözlərdə ciddi nəticələrə gətirib çıxara bilər. Bunlardan ən təhlükəli olan isə lazer şüalarının gözlərdə yaratdığı problemlərdir.

Həkim-oftalmoloq Kərim Hüseynov bu prosedurların gözlərdə yaratdığı fəsadlardan danışıb. Həkim bildirib ki, əsasən lazer epliyasiya və tatuların (döymə) sillinməsi prosedurlarında müasir cihazlardan istifadə edilərək daha yaxşı nəticələrin əldə olunması bu prosedurlara diqqəti daha da artırır: “Bu prosedurlardan istifadə həyatımızı asandlaşdırsa da, onun düzgün istifadə olunmadığı halda yarada biləcəyi fəsadlar çoxdur. Xüsusilə gözdə baş verən zədələnmələr bu prosedurlardan yanlış istifadə nəticəsində yaranır. Lazer şüaları gözümüzdə müxtəlif zədələnmələrə-qüzehli qişada atrofiya, travmatik katarakta, ön uveit, qlaukoma, və pupilla deffekti səbəb ola bilər. Bu zədələrdən ən vacibi torlu qişada baş verən yanıqlardır. Torlu qişa gözümüzdə görməni təmin edən, ön təbəqədən ibarət sinir mənşəli qatdır. Yanlışlıqla torlu qişa üzərinə düşən lazer onun piqment epitel qatı tərəfindən udularaq isitilik enerjisinə çevrilir, bunun nəticəsində torlu qişada bərpası mümkün olmayan görmə sahəsi defektləri, hətta bir çox halda görmənin itirilməsinə gətirib çıxaran termiki zədələnməyə səbəb olur”.

Onun sözlərinə görə, şüa yanığı əksər hallarda oxuma və yazmamızı təmin edən, torlu qişanın makula sahəsində yerləşir. Adətən torlu qişanın lazer şüasıyla yanması göz içi qanama yaradır (intravitreal, subretinal, xororetinal hemorragiya), pigment epitel deffekti, xoroidal neovaskularizasiya, makula dəliyi, retina ödemi və epiretinal membran kimi xəstəliklərlə ağırlaşır. Həmçinin görmənin bir daha bərpasının mümkün olmaması bu xəstələrin psixoloji vəziyyətlərinə də kəskin şəkildə təsir edir.

Oftalmoloq qeyd edib ki, torlu qişanın şüa zədələnməsinin əsas səbəbi lazer proseduru zamanı ya düzgün eynək istifadə edilməməsi, ya da prosedurun qoruyucu eynəksiz həyata keçirilməsindən qaynaqlanır: “Təəssüf ki, rastlaşdığmız pasientlərin əksəriyyəti gənc xanımlardır. Solar retinopatiyanın tam müalicəsinin olmaması, hər ötən ilə nisbətən xəstə sayının artması, xəstələrin daha çox gənc olması bunun necə ciddi bir problem olduğunu anlamağa kifayət edir”.

Həkim bildirib ki, bu kimi halların qarşısını almaq üçün göz ətrafı və üz nahiyyəsinə tətbiq edilən lazer proseduru zamanı daha ehtiyyatlı olmaq lazımdır. Eyni zamanda proseduru yerinə yetirən həkim-kosmetoloq cihazla bağlı xüsusi təlim keçməlidir. Bundan başqa, lazer cihazının dalğa uzunluğuna uyğun qoruyucu eynək taxılması, prosedur zamanı həkimin və xəstənin qoruyucu eynəkdən istifadəsi vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir