gunes

Günəş kremlərindən necə istifadə edilməlidir?

Baxış sayı: 778

Havalar isinəndə, günəş şüaları ətrafa yayılanda xanımların əksəriyyəti günəşdən qoruyucu kremlərdən istifadə etməyə başlayır. Zərərli ultrabənövşəyi şüalardan qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Lakin bu zaman bəzən ciddi səhvlərə yol verilir. Bəs günəşdən qoruyucu kremləri necə istifadə etmək lazımdır?

Həkim pediatr Tərlan Əyyubov bu və ya digər aktual sualları cavablandırıb.

Uşaqlarda dərinin UVA və UVB şüalarına qarşı müdafiəsi üçün SPF-50 kremlərdən, xüsusilə də suya davamlı formalardan istifadə etmək məsləhətdir.

Kimlər tətbiq edə bilər?

Həm böyük, həm də uşaqlar. Dərinin yaşla bağlı xüsusiyyətlərinə görə, 3 yaşadək uşaqların həmişə kölgədə olması məsləhətdir, çünki onların dərisində olan melanositlər lazımi qədər melanin sintez edə bilmir və buna görə də dərini lazımi qədər qorumur.

Nə zaman tətbiq edilməli?

Dənizdə çimdikdən, qurulandıqdan, tərlədikdən sonra. Kremi hər 2 saatdan bir sürtmək lazımdır. Günə çıxmazdan 15 dəqiqə əvvəl sürtülməlidir.

Suda və ya buludlu havada istifadə etmək olar?

Suda da qoruyucu vasitə lazımdır. Su ultrabənövşəyi şüaların intensivliyini artırır. UVB-nin 50%, UVA-nın 80%-i suyun səthindən 50 sm dərinə keçə bilir. Ultrabənövşəyi şüalar buludları dəf edirlər, buna görə də buludlu havada da dəri yanması ola bilər.

Hansı nahiyələrə tətbiq edilməlidir?

Bədənin bütün açıq hissələrinə. Qulaqları, boyunun bütün səthlərini, ayaqları yaddan çıxarmaq olmaz. Göz ətrafına vurmaq məsləhət deyil. Gözə düşərsə, tez bir zamanda yumaq lazımdır. Kremi ikiqat sürtmək hər zaman daha effektivdir.

Müxtəlif kremləri eyni vaxtda tətbiq etmək olar?

Yadda saxlamaq lazımdır ki, günəş əleyhinə krem ən sonda tətbiq edilməldir.

1 il əvvəlki krem istifadə edilə bilər?

Xeyr. Bu kremlərin tərkibindəki kimyəvi filtrlər dayanıqlı olmadığı üçün köhnələrdən istifadə məsləhət deyil. Bundan başqa kremi günəş altında saxlamaq məsləhət deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir