cavid pasayev

“Hər evdə koronavirusdan ölüm ola bilər” – HƏYƏCAN TƏBİLİ

Baxış sayı: 751

“Gencaile.az” saytı APA-ya istinadən Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müsahibəsini təqdim edir.

– Son həftələrdə koronavirusa yoluxma sayı artır. Ölkədə ümumi vəziyyət haqqında nə deyə bilərsiniz?

– Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil. Viruslu xəstələrin sayının daha da artacağı gözlənilir. Demək olar ki, artıq hər evdə koronavirusa yoluxmuş xəstə var. Hər gün yoluxan xəstələrin 10 faizinin ağırlaşdığını nəzərə alsaq, gələn həftədən gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək. Hesab edirəm ki, vəziyyətin nə qədər belə davam edəcəyini infeksionistlər dəqiqləşdirəcək. Gözlənilir ki, gələn həftədən etibarən xəstələrin sayı daha da artacaq. Təəssüf ki, artıq xəstəxanalarda yer məhdudluğu yaranıb. Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Əvvəl “hər evdə koronavirusa yoluxan xəstə olacaq” deyə iddia edirdiksə, indi artıq deyə bilərik ki, hər evdə ölüm ola bilər. Peyvənd tapılana qədər, maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır.

– Bir müddət əvvəl Siz də virusa yoluxmuşdunuz. Xəstəliyi çox ağır keçirdiniz. Sizdə ilk simptomlar nələr idi?

– Koronavirusa yoluxduğum zaman xəstəliyin ilkin əlamətləri, adətən, hər kəsdə müşahidə edilən boğaz ağrısı, əzələ ağrısı idi. Daha sonra boğulma, tənəffüs çatışmazlığı şəklində davam etdi. Testin informativliyi az olduğu üçün şikayətim olan kimi Kompüter Tomoqrafiyası (KT) yoxlanışından keçdim. Dərhal müalicəyə başlasaq da, sürətli şəkildə pisləşmə gedirdi.

– Neçə gün xəstəxanada müalicə olundunuz və testin cavabı neçə gün sonra neqativ çıxdı?

– Mən xəstəxanadan çıxmamışdan 15 gün əvvəl artıq koronavirus testimin cavabı neqativ idi. Ümumilikdə, 45 gün xəstəxana şəraitində müalicə almışam. EKMO cihazına bağlanmışdım, həmçinin süni tənəffüs aparatına qoşulmuşdum. Təxminən 12 gün koma vəziyyətində qalmışam, demək olar ki, ortalama 1 ay ərzində baş verənləri xatırlamıram. Komadan ayılandan sonrakı dönəmi izah etmək bir az çətindir, çünki bütün baş verənləri anlamaq çətin prosesdir.

– Hazırda koronaviruslu xəstələrlə işləyirsinizmi?

– Xeyr. Sentyabrın 29-dan etibarən yaralılarla işləyirik.

– Son həftələrdə koronavirusa yoluxmanın bu qədər artmasının əsas səbəbi nədir?

– İki həftə əvvəl – sərtləşdirilmiş karantin rejiminə qədər, demək olar ki, heç kəs maskadan istifadə etmirdi. Hər halda bu da son 1-2 həftədə yoluxma sayının bu qədər artmasına səbəb olub. Əslində, yoluxmanı artıran səbəblərdən biri də qələbə münasibətilə hər kəsin küçələrə axışmağı, görüşməsi, daha sıx ünsiyyət qurması oldu. Müharibənin başladığı ilk günlərdə də mən “Facebook” səhifəmdə COVID-19-la bağlı özümüzü qorumaq məqsədilə bir post paylaşmışdım və qeyd etmişdim ki, yoluxmanın artması gözlənilir. Nəticəsi budur ki, gün ərzində 13 min test edilir və 3-4 min yoluxma faktı qeydə alınır. Bu hələ yalnız testlərin nəticələridir. Nəzərə alsaq ki, testlərin informativliyi 70%-dir, deməli bu say bir az da çoxdur.

– İnsanlar testlərin informativliyinin aşağı olduğunu nəzərə alaraq KT etdirirlər. Xəstəliyi yüngül simptomla keçirən şəxslərin KT yoxlanışından keçməsinə ehtiyac var?

– Simptomsuz və ya yüngül simptomlu xəstələrin KT olunmasına ehtiyac yoxdur. Ancaq özünü təcrid etmək üçün test yoxlanışından keçməsi məqsədəuyğundur. Şikayət yoxdursa, KT-yə ehtiyac yoxdur.

– Siz koronavirusa yoluxanda KT yoxlanışında ağciyərin vəziyyəti necə idi?

– Mən yeni yoluxanda KT cavabında ağciyərin 99 faizi pnevmoniya göstərirdi. Xəstəxanadan çıxanda isə artıq ağciyərlərimin 80% düzəlmişdi, bəzi problemlər qalmışdı. Son KT müayinəsini noyabrın 11-də edirdim və indi ağciyərlərim tamamilə yaxşıdır.

– Yəni, koronavirusa yoluxmuş, xəstəliyi ağır keçirən şəxslərin ağciyəri tam sağala bilərmi?

– Bu, fərqlidir. Bu o demək deyil ki, bütün xəstələr tamamilə sağala bilir. Çünki ciyəri fibroza qədər gedən, ağırlaşan xəstələr olur ki, onların sağalması çətinləşir. Hazırda belə xəstələr çoxdur, onlar cihaza bağlı yaşayırlar.

– Buna səbəb həmin şəxslərin yanaşı xəstəliklərinin olmasıdır?

– Bu, bilinmir. Virus haqqında heç nə bilmirik. Əslində, biz deyirik ki, maska taxın, amma maska taxanda yoluxma olub-olmaması məlum deyil. Maska taxılsa da, xəstəliyə yoluxan insanlar var. Maskanın yoluxmaya təsiri varmı, bilmirik. Dəqiq deyil.

– Xəstəliyin gedişatı barədə nə düşünürsünüz? Nə qədər davam edə bilər?

– Bu virus mövsümlə olacaq, yəni yaz və payız aylarında orqanizm müqaviməti düşür, fəsil dəyişikliyi olur. Həmin vaxt xəstəliyə yoluxma sayı artacaq. Hazırda kimin COVID, kimin qripə yoluxduğunun bilinməməsi də problemdir . Ona görə peyvənd olması vacibdir. Bununla biz həkimlərin də işi azalır. Şikayətlər gəlir. Məsələn, kimsə qrip peyvəndi olduğu halda xəstələnsə, biləcəyik ki, bu, COVID-dir.

– Hazırda reanimasiyada olan xəstələrin sayı çoxdurmu və reanimasiya xəstələrindəki əsas problemlər nələrdir?

– Reanimasiyada olan xəstələr yaydakından daha çoxdur. Reanimasiyaya yerləşdirilən xəstələrin 99 faizində tənəffüs çatışmazlığı olur. Reanimasiyada olanlarda əsas problemi tənəffüs çatışmazlığının dərinləşməsidir.

– Virusa yoluxanların neçə faizi xəstəliyi ağır keçirir?

– 80 faiz insan bu xəstəliyi ayaqüstə keçirir. 10 faizində simptomlu olur, qalan 5-10 faizində ağırlaşma olur. Bizdə problem odur ki, əksər xəstələrə antibiotik yazırlar. Artıq pasiyent xəstəxanaya gələndə bizim edəcəyimiz bir şey qalmır. İmmun sistemi zəifləmiş xəstəyə antibiotik verib, immun sistemini daha da çökdürürlər. Xəstə gəlir, amma ediləcək bir şey qalmır. Xəstəyə deksametazon yazmaq elə-belə şey deyil. Hazırda simptomu olana da, olmayana da hər şey edirlər. Şikayəti, temperaturu olmadığı halda, fərq qoymadan, virusun bakterial və ya viral olma səbəbini tapmadan antibiotikə başlamaq düzgün deyil. Antibiotikin göstərişi olmadan verirlər. Bu da vəziyyəti daha da pisləşdirir. İnsanlar simptomlar hiss etdikdə ilk olaraq sahə həkiminə müraciət etməlidirlər. Bu zaman onlar sahə həkiminin müşahidəsində olurlar. Ondan sonra xəstəyə müalicəyə yazılır. Hər kəsi xəstəxanaya gətirməyin də bir adı yoxdur. Evdə o qədər antibiotik qəbul edirlər ki, mikrobla gəlib, xəstəxanadakıları da yoluxdururlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir