ISTIRAHET

Hansı mövsüm istirahət üçün daha uyğun və sərfəlidir?

Baxış sayı: 1. 160

Yay mövsümünün, demək olar ki, son günlərini yaşayırıq. Böyük əksəriyyət artıq yay məzuniyyətindən geri dönüb, iş başına keçib. Lakin bəzi insanlar məzuniyyətə məhz bu aydan sonra getməyə başlayır.

Bəs hansı mövsüm istirahət üçün daha uyğun və sərfəlidir?

İlk öncə onu qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Bu vaxtdan işçi öz istəyinə uyğun olaraq il ərzində vaxt seçimini özü etməklə yararlana bilər.

Buna baxmayaraq, tez-tez ətrafımızda müşahidə edirik ki, bəzi insanlar il ərzində fasiləsiz olaraq, heç bir məzuniyyət götürmədən işləyir. Bununla fəxr edənlər də var. Lakin mütəxəssislər hər zaman qeyd edir ki, il ərzində məzuniyyətsiz işləyən şəxslərdə sonradan səhhətlərində problem yaşanmağa başlayır. Məsələn, immunsistemi aşağı düşür, orqanizm adi xəstəliklərə qarşı müqavimətsiz olur, bədəndə xroniki yorğunluq baş qaldırır. Bu zaman şəxslər gün ərzində daim yorğun, halsız və yuxulu olur, görülən iş də effektli alınmır. Şəxs sanki işdə yatmağa yer axtarırmış kimi çalışır. Əlbəttə ki, bu da işinə təsirsiz ötüşmür. Bunun üçün də tövsiyə olunur ki, mütləq ildə bir və yaxud iki dəfə məzuniyyətə zaman ayrılsın. Bu məqamda Con Vanameykerin bir sözünü xatırlamaq yerinə düşər: “İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”.

Bəzi mütəxəssislər yaz ayında, yəni mart ayında məzuniyyət üçün ən uyğun ay olduğunu iddia edir. Əsas isə budur ki, qış boyu yığılan yorğunluq yaz aylarında psixoloji nasazlıqlara gətirib çıxardır, yuxusuzluq və əsəbilik yaranır. Beləliklə, bu aylarda profilaktika məqsədi ilə məzuniyyətə çıxmaq tövsiyə edilir.

Bununla belə, yay istirahəti də çox səmərəli hesab olunur. Çünki yay mövsümündə dənizdə çimmək, qum, Günəş vannası almaq olur. Həmçinin bu mövsümdə meyvə-tərəvəz bol olur. Meyvə-tərəvəzdən istifadə isə immunitetin güclənməsi deməkdir. Həmçinin yay mövsümündə şəhər insanlarının əksəriyyəti rayon və kəndlərə, çaylara, meşələrə üz tutur. Yer dəyişimi, təmiz hava insanın əhvalını yüksək edir. Bu baxımdan yay istirahəti çox dəyərli hesab olunur.

Eləcə də qış və payız məzuniyyətləri də faydalı sayılır.

Ötən illərdə amerikalı alimlər bu mövzuda araşdırma aparmışdı. Məlum olmuşdu ki, ümumiyyətlə, ilin dörd fəslində məzuniyyətə çıxmaq lazımdır. Məzuniyyət müddəti isə bir həftədən çox olmamalıdır. Bildirilir ki, artıq məzuniyyətin 7-ci günü xoşbəxt emosiyalar kütləşməyə doğru gedir. Məhz bu səbəbdən amerikalı alimlər psixoloji rahatlığa görə ildə dörd dəfə mini-məzuniyyət tövsiyə edir.

Mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli aşağıdakıları dedi:

“Sentyabr ayında məzuniyyət götürən şəxslər əsasən il ərzində tətildən sonra adaptasiya  problemi yaşayanlar olur. Bir növ onların şüuraltında bir qorxu var. Belə ki, onlar əvvəllər çətin adaptasiya problemi yaşadıqlarına görə daha çox payız mövsümün seçirlər. Bu barədə çoxlu sayda araşdırmalar da var. Praktiki olaraq onlar düşünür ki, əgər yay mövsümündə məzuniyyət götürsələr, sentyabrda işə başlamaq onlar üçün çətin ola bilər.  Lakin böyük hədəfləri olan şəxslər isə əsasən yay mövsümündə istirahətə çıxır. Ümumiyyətlə isə hesab edirəm ki, bu məsələ fərdi xarakter daşıyır. Ola bilsin ki, şəxslər qış mövsümündə istirahət götürür, onlar üçün mövsümün fərqi yoxdur. Amma əsasən, yay mövsümündə istirahətə çıxmaq tövsiyə olunur”.

Bu bir faktdır ki, məzuniyyətdən geri dönənlərin böyük əksəriyyəti ilk günlər işə adaptasiya olunmaq problemi ilə üz-üzə qalır. Psixoloq bununla bağlı öz tövsiyələrini bildirib: “Araşdırmalar onu göstərir ki, daha çox məhz məzuniyyətdən sonra insanlar ərizə verib işdən çıxır, ya da işdə yerdəyişmə edir.  Maraqlıdır ki, il ərzində başını aşağı salıb işləyənlər, məzuniyyətdən sonra qərar dəyişikliyi edir. Çünki məzuniyyət ərzində artıq işdən uzaq olduğu üçün özünə daha çox vaxt ayırmağa, düşünməyə başlayır ki, ”niyə mən az maaşla kiməsə işləməliyəm?” və yaxud “işlədiyim yer heç də xarakterimə uyğun deyil”.

Qeyd edim ki, adətən istirahətdən sonra bir sıra insanlarda təkcə işlə bağlı dəyişik qərarlar deyil, depressiya, qarışıq duyğular da yaşanır.  Məlum olduğu kimi, ilk iş günü, bazar ertəsi günü adaptasiya üçün sınaq günü olur. İkinci gün bir qədər artıq adaptasiya prosesi gedir. Bu baxımdan istər-istəməz sentyabr ayı bütövlükdə adaptasiya prosesinə xərclənir. Tövsiyə olunur ki, işə adaptasiya olunmaq üçün plan tutulsun, necə işləyəcəklərini planlı şəkildə həll olunsun.

Bəziləri o qədər depressiya hissi yaşayır ki, hansı işdən başlayacağı ilə bağlı qərar verə bilmir, çaşıb qalır. Bunu yaşamamaq üçün bir ağ kağız götürüb, görüləcək işlərin siyahısını qeyd etmək, daha sonra onları diqqətlə nəzərdən keçirib, ən vaciblərini işarələmək, ilk öncə məhz  onları həyata keçirmək lazımdır. Bu zaman işlər planlı şəkildə gedir və şəxs işə tez adaptasiya olur”.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru Adil Qeybulla da bildirir ki, əsasən yay mövsümündə istirahətə çıxmaq daha sərfəlidir: “Çünki yay istirahətinin çəkisi qış istirahətindən daha ağırdır: ”Çünki bu fəsildə əksər insanlar digər yerlərə, bölgələrə, xarici ölkələrə istirahətə yollanır. Həm də bu mövsümdə istilərlə bağlı əmək qabiliyyəti də aşağı düşür. Qışda isə insanlar daha çox yeni təqvimlə bağlı istirahət etməyə, əylənməyə çalışır”.

Daha bir maraqlı fakt – araşdırma zamanı məlum olub ki, dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlar, danimarkalılar və braziliyalılardır. Ən qısa məzuniyyət günləri isə ABŞ-da (14 gün), Yaponiyada (11 gün), Cənubi Koreyadadır (10 gün).

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir