Hiperaktivlik daha dəqiq desək, Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu (DƏHP) – bir çox ailələrin gündəlik həyatına təsir edən, uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu vəziyyətdə olan uşaqlar daha enerjili, impulsiv və diqqəti toplamaqda çətinlik çəkə bilirlər. Bu enerjini və davranış çətinliklərini idarə etmək üçün oyunlar çox faydalı bir vasitədir. Oyun həm uşağın inkişafını dəstəkləyir, həm də valideyn-uşaq münasibətlərini gücləndirir. Bu oyunlar vasitəsilə uşaqda gözləmə bacarığı, diqqətini davam etdirmə müddəti, davranışlarını kontrol etmək kimi müsbət bacarıqlar formalaşdırılır.
Oyunlar aşağıdakılardır:
1)“Qışqır və sus” oyunu
Məqsəd: Diqqətin korreksiyası, impulsivliyin kontrolu, qaydalara tabe olmaq bacarığının inkişaf etdirilməsi
Tətbiqi: Valideyn uşaqla birlikdə rəngli kartonlardan qırmızı, sarı və yaşıl rəngli əl qəlibləri kəsirlər. Oyunun təlimatı: Yaşıl əl göstərildiyində istədiyin qədər qışqırıb hoppana bilərsən. Sarı əl-pıçıltı ilə danışıb, asta hərəkət edəcəksən. Qırmızı əl-hərəkətsiz qalmalı və danışmamalısan.
Oyun ən sonda susma-qırmızı əl ilə sonlandırılmalıdır.
2) “Sus-danış” oyunu
Məqsəd: İmpulsiv davranışları idarə etmək, qaydalara tabe olmaq bacarığı
Tətbiqi: Valideyn yumruq tutaraq sağ əlini havada tutur. Yumruq “sus” deməkdir.Yumruğun açılması isə “danış” deməkdir. Uşaqlara çoxlu və sürətli suallar verilir, eyni zamanda əl işarələri göstərilir. Uşaqlar əl işarələrinə baxıb suallara yanıt verirlər. Eyni zamanda əli izləməli və ona uyğun hərəkət etməlidirlər.
3) Musiqi ilə heykəltəraşlıq oyunu
Şən və hərəkətli musiqi səsləndirilir. Uşaqlar qrup şəklində rəqs edirlər. Musiqi bir müddət sonra dayandırılır. Dayananda uşaqlar heykəl kimi donub qalmalıdır. Musiqi yenidən səslənəndə uşaqlar hərəkət edə bilərlər.
( Qeyd: Bu oyunu stullarla da oynamaq olar.
Bu oyun uşağın özünü tənzimləmə, diqqət mərkəzləşdirmə və impuls nəzarətini inkişaf etdirir. Davranışlarını kontrol etmə bacarıqları formalaşdırır, eyni zamanda audial diqqətin inkişafına səbəb olur.
4)“Tap və gətir” oyunu
Valideyn uşağa evdəki bir əşyanın xüsusiyyətlərini təsvir edir (“Mavi, yumşaq və yataq otağında olan bir şey”) və uşaq onu tapmalıdır.
Nə üçün faydalıdır?
Uşaq həm diqqətini yönəldir, həm də anlama və yerinə yetirmə bacarıqlarını inkişaf etdirir.
5) “Sürətli və yavaş” – Hərəkət nəzarəti oyunu
Necə oynanır?
Valideyn müxtəlif sürətlərdə hərəkətlər göstərəcək: “Sürətlə qaç!” – “Yavaşla!” – “Don!”
Nə üçün faydalıdır?
Uşaq bədənini tənzimləməyi, komandalara uyğun davranmağı öyrənir.
6) “Əksini Et” – düşünmə və nəzarət oyunu
Necə oynanır?
Valideyn hərəkət deyir, uşaq onun əksini etməlidir. Məsələn, “Otur” deyiləndə uşaq ayağa qalxmalıdır.
Nə üçün faydalıdır?
Bu oyun impulsların qarşısını almağa və dəyişən şəraitə uyğunlaşmağa kömək edir.
7) Ritm oyunu – yaddaş və koordinasiya oyunu
Necə oynanır?
Valideyn müəyyən ritmlə əl çalır və ya dizinə vurur, uşaq isə bunu təkrarlayır.
Nə üçün faydalıdır?
Motor koordinasiyası, diqqət və eşitmə yaddaşı inkişaf edir.
Hiperaktiv uşaqlar üçün düzgün seçilmiş oyunlar onların həm davranışlarını tənzimləməyə, həm də inkişaflarına dəstək olmağa kömək edir. Ən əsası isə budur ki, bu oyunlar öyrədici olduğu qədər əyləncəlidir. Valideynlər bu oyunlarla uşağın potensialını daha yaxşı kəşf edə və onunla sağlam əlaqə qura bilərlər.
Psixoloq Aysu Əliyeva
Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.
Allah razı olsun, Aysu xanım. Oğlumda da diqqət problemi var, hər şeyə tez əsəbləşir, sakit otura bilmir. Bu oyunları mütləq yoxlayacağam. Ən çox da o ‘Tap və gətir’ oyunu xoşuma gəldi. Ev şəraitində sadə və maraqlıdır. Belə maarifləndirici yazılar çox gəlsin, zəhmət olmasa
Maraqlı yanaşmadır. Bizim vaxtımızda belə şeylər yox idi, amma indi uşaqlar tamam fərqlidir. Məncə, bu oyunlar uşağın həm enerjisini düzgün yönləndirir, həm də aramızdakı bağları gücləndirə bilər. Qızımla bu musiqili oyunu bir neçə gündür edirik, gözəl nəticələr verir.
İndi uşaqlar tamam fərqli böyüyür. Biz belə şeyləri bilmirdik, amma nəvəmə baxıram, görürəm ki, çox yerində durmur. Gəlinimə göstərdim bu yazını, dedi başlayacağıq. Allah sizə can sağlığı versin
Yaxşı ki, rast gəldim bu yazıya. Uşağım çox dəcəl idi, indi başa düşürəm ki, bu problem ola bilərmiş. Çox sağ olun
Qırmızı-sarı-yaşıl oyununu dünən oynadıq, inanılmaz idi. Uşaq özü təşəbbüs göstərdi. Tövsiyə edirəm
Uşaq bir dəqiqə yerində dura bilmir, heç yemək yedizdirə bilmirəm. Bu ‘Sürətli və yavaş’ oyunu elə bil bizim üçün yazılıb. Təşəkkür edirəm, Aysu xanım, çox aydın başa salmısız. Allah kömək olsun sizə
Faydalı olduğuna sevindim 🤝🏻😇
Bəzən bu oyunlar ilk dəfə olanda effekt verir, sonra uşaq bezir. Amma ümumilikdə, bu yanaşma doğrudur. Uşaqla oynamaq onunla bağ qurmaq üçün əla üsuldur. Bir neçə oyunu biz də sınayacağıq
Maraqlı, praktik yazınız üçün təşəkkür edirəm Aysu xanım. Həm valideyinlər, həm də mütəxəssislər və tələbələr üçün lazımlı, faydalı yazıdır.💖
Instagramda çox məsləhət görürdülər bu cür oyunları, amma necə oynanıldığını anlamırdım. Bu yazıda çox gözəl izah olunub. Sadə dildə, başa düşülən formada yazılıb. Bəyəndim, paylaşacağam
Qızım çox şirin uşaqdır, amma diqqətini toplamaq çətin olur. Özüm hər axşam telefona baxmaq əvəzinə onunla bu oyunları oynamağa başladım. Hər şey bir az səbrlə düzəlir. Yazıya görə minnətdaram
Mən həm ana, həm də ibtidai sinif müəllimiyəm. Diqqət problemi olan uşaqlar dərsdə çox çətinlik çəkir. Bu oyunları sinifdə adaptasiya edib tətbiq etmək də mümkündür. Çox faydalı məlumatlardır, təşəkkür edirəm
Sizi tanımıram, amma elə bil mənim evimdəki vəziyyəti yazmısız. Uşağı danlamaq yerinə oynamaqla tərbiyə etmək daha gözəlmiş. Həyatımda yeni pəncərə açdız. Çox sağ olun