novruz bayrami

İlaxır Çərşənbənin adətləri haqda maraqlı məqamlar

Baxış sayı: 529

Adət-ənənəyə görə, Novruz bayramına qədər Boz ayda 4 çərşənbə qeyd edilir. Bu su, od, yel və torpaq çərşənbələridir. İnanclara görə, insan 4 ünsürdən yarandığı üçün, məhz bu çərşənbələr həmin ünsürlərin adı ilə adlanaraq qeyd edilir.

Tarixi mənbələrə görə, qədim insan elə düşünürmüş ki, su, od, yel və torpağın oyanmasını bayram kimi keçirsə, həmin il bol ruzili, isti olacaq. Çünki soyuq qədim insanın sevmədiyi bir hava şəraiti idi.

Sonuncu çərşənbə “Torpaq çərşənbə”, “Yer çərçənbə” və ya “İlaxır çərçənbə” adlanır. Sonuncu çərşənbədə də evlər təmizlənir, xalça-palaz yuyulur, həyətləər süpürülür, tonqallar qalanır. Süfrəyə müxtəlif çərəzlər, şirniyyatlar düzülür.

Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və s. nemətlər bayram süfrəsinə düzülür.

İlaxır çərşənbə inancları, falları ilə daha zəngindir. Belə ki, ilaxır çərşnəbədə bütün süfrələrdə evdə olan hər kəsin adına bir şam yandırılır. İnanca görə, kimin şamı gec sönərsə, o, ailənin ən çox yaşayan üzvü olacaq.

Başqa bir fal da “qulaq falı” adlanır. Həyatını, gələcəyini bilmək istəyən arzusunu tutub, heç kimlə danışmadan qapı pusmağa gedir. Eşitdiyi ilk söz ilə niyyətini uyğunlaşdırıb yoza bilər. Papaq atma da Novruzun qədim adət-ənənələrindəndir. Belə ki, çərşənbələrdə uşaqlar, gənclər papaqlarını müxtəlif qapılara ataraq pay yığarmışlar. İlaxır çəşənbədə hər kəs öz evində olub, ailəsi ilə bayramı keçirməsə, deyilənə görə, 7 il belə davam edəcək. İlaxır çərşənbədə nişanlı qızlara xonça aparılar, yeni evlilərə hədiyyələr verərmişlər.

novruz tonqali

İlaxır çərşənbənin müxtəlif inancları var. Belə ki, ilaıxr çərşənbədə şamı yarım söndürməzlər. Qonşuya pul, un, çörək vermək olmaz.

İlaxır çərşənbədə gecə yatanda niyyət tutular, sonra gecə yarısı oyanıb şam yandıraraq güzgüyə baxarmışlar. Deyilənə görə, güzgüdə niyyətinin cavabı görünərmüş.

İlaxır çərşənbədə qalanan tonqalın üzərindən 7 dəfə atılmaq lazımdır. Hər dəfə atılanda “ağırlığım, uğurluğum odlara” deməyi unutmayın.

novruz

Ümumiyyətlə, xalqımızın Novruzla bağlı adət-ənələri kifayət qədər zəngindir. Belə ki, istər Novruza qədər olan çərşənbələrdə, istərsə də Novruz günündə müxtəlif mərasimlər həyata keçirilir, qədim oyunlar oynanılır. “Kəmənd atdı”, “Kosa-Kosa” və s. oyunlar qədimdə insanların üzünü güldürərmiş. Yəni baharın gəlişi xüsusi bayram kimi qəbul edilirmiş.

Yüksək texnologiyalara sahib olmağımıza baxmayaraq, adət ənələrimizi unutmayaq. Yaxınlarımızı xatırlayaq, küsülülərimiz barışsın. Bəlkə də bayram süfrəsini əvvəllər olduğu kimi müxtəlif şirniyyatlar, çərəzlərlə doldurmağa imkanınız yoxdur, amma əlinizdən gələn qədər Novruz havasını yaşamağa çalışın. Bəlkə elə əcdadlarımız haqlı imiş. Novruzu təmtəraqla keçirsək, həyatımız da dəyişər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir