Billure6

“İlk sevgi etirafını da mesajla etmişdi” – MÜSAHİBƏ

Baxış sayı: 2. 037

Müsahibimiz teleaparıcı Billurə Aslanqızıdır.
Billurə xanımla söhbətimiz təhsildən, universitetdən başladı:

Yanılmıramsa, siz Bakı Dövlət universitetini bitirmisiniz.

– Bəli, Bakı Dövlət Universitetini bitirmişəm, indi də orda dərs deyirəm.İnşaallah ən qısa zamanda elmi işimi müdafiə etməyə çalışacam.

“Mənə lağ edirdilər ki…” 

– Bəs jurnalistikaya necə gəldiniz? 

– Mən ümumiyyətlə, orta məktəbdə oxuyanda cəmi iki sənət arzulamışam. Lap əvvəl hüquqşünas olmaq istəyirdim. Şəmistan Əsgərovun “Bağışlanmaz səhv” adlı əsərindən təsirlənmişdim. Çingiz Mustafayev rəhmətə gedəndən sonra isə jurnalist olmağa qərar verdim. Qrupda oğlanlar lağ edirdilər ki, sənin yığdığın bal bizdə olsa, hüquq fakültəsinə gedərdik.

– Yəni jurnalistikaya sizi heç bir təsadüf gətirməyib də… 

– Yox, heç bir təsadüf olmayıb, sırf özüm gəlmişəm. Hətta uşaqlıqda inşa yazanda çox sevinirdim, çünki müəllimlərim deyirdi ki, sən sadəcə inşa yazmırsan, publisistik tərz duyulur yazdıqlarında… Orta məktəb vaxtında şeir də yazmışam, amma bu şeirlər daha çox ağrılı məqamlarla bağlı olub. Mən əslən Füzuli rayonundanam. Müharibə illərində məktəbimizdən, dostlarımdan, evimizdən uzaq düşməyim mənə çox təsir etmişdi.

“Məni çağırdı dedi ki, ailə qur, sonra televiziyaya get” 

– Jurnalistikanı arzulayanda sizi bu peşədən çəkindirməyə çalışmadılar ki? 

– O qədər olub ki… Deyirdilər ki, qızın sənəti müəlliməlikdir. Get, müəllimə və ya həkim ol. Amma açığı, heç vaxt mənə ciddi şəkildə mane olmayıblar. Sizə bir şey danışacam: Deməli, mən universiteti bitirəndə, artıq dördüncü kursda müəllimlərimizdən biri (hal-hazırda tanınmış bir şəxsdir deyə adını çəkməyəcəm) məni çağırdı dedi ki, televiziyaya getmə. Əvvəlcə ailə qur, sonra get. Mən isə bunun əksini elədim. Televiziya heç vaxt şəxsi həyatıma mane olmayıb. Mən işimi çox sevirəm. Sadəcə, mənəvi cəhətdən çox böyük gərginliklərə səbəb olur. Televiziyada işlədiyim gündən mübarizə aparmışam.

– Nə ilə mübarizə aparmısınız ki? 

– Ədalət və peşəkarlıq üçün… Mən universitetin jurnalistika fakültəsini bitirməyimlə həmişə fəxr etmişəm. Çünki nəzəriyyə əsaslanan təcrübəylə televiziyaya gəlmişəm. Nitqimdə ədəbi dilin bütün normalarına əməl etməyə çaləşmışam, jurnalist etikasını unutmamışam. Aparıcı kimi ilk öncə məlumatlı olmağa üstünlük vermişəm.Bunu isə mənə bəzən irad tuturdular. Deyirdilər ki, belə “ağıllı danışmaq”, ciddiyyət universitetdə qalıb, televiziya tamam başqa şey tələb edir. Amma mən heç vaxt nəzəriyyəni unutmamışam. Ən yaxşı təcrübənin nəzəri biliklərə əsaslandığını düşünmüşəm.Və bu fikri əsas tutmuşam ki, televiziya kütlənin arxasınca qaçmalı deyil, əksinə, kütləni öz arxasınca aparmalıdır. Nə qədər mətbəx, yaxud həkim verilişi vermək olar ki… Əyləndirəndə belə o əyləncənin mənalı olmasına çalışmaq lazımdır.Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün televiziyada adi məktəb səviyyəsində biliyi olmayan “jurnalistlər” var. Kiçik bir imla yazdırsanız, aydın görərsiniz…

– Televizyada nədən narazısınız? 

– Konkret narazı olduğum məqamlar var. Nə vaxta qədər biz efirə mötəbər qonaqlar çağırıb, onların sözünü kəsib ortada kolbasa “reklam” edəcəyik. Türkiyə kanallarının populyar telelayihələri var ki, milyonlarla vəsait qoyulur və sponsorları da var, amma verilişin ortasında onlardan reklam tələb etmirlər.

– Bəs nə vaxtsa xaricə gedib, orda işləmək barədə fikirləşmisiniz? Məsələn, elə Türkiyədə çalışmaq istərdiniz? 

– Oğlum Türkiyəyə çox getmək istəyir. Əslində, yoldaşım Türkiyədə təhsil alıb, elə orada işləməyə başlayırdı və təsadüf nəticəsində vətənə dönəndə mənimlə tanış oldu və burada qalmalı oldu. Bəlkə də məni görməsəydi, gedib işləyərdi.(gülür) Sonralar isə getməyimizə mən mane oldum. Mən çox duyğusal olduğumdan heç vaxt yaxınlarımdan, ailəmizdən, doğmalarımdan, dostlarımdan və ən əsası, vətənimdən ayrı qala bilmərəm. Peşəkarlıq baxımından öyrənmək, işləmək istəyərəm, amma heç vaxt Vətəndən və sevdiklərimdən uzaqda qala bilmərəm.

“Reytinqə işləmək, elə özünə işləməkdir” 

– Özünüz necə televiziyalarımızı izləyirsinizmi ?

– Yox, mən ümumiyyətlə televiziyaya baxmıram. Çünki sosial şəbəkələrdən bütün lazımı informasiyaları ala bilirəm, televiziyaya ehtiyac qalmır. 

– “Uşaqlığın son gecəsi” filmində xatırlayırsınız, Rüstəmə deyirlər ki, “o dəqiqə hiss olunur ki, ət kombinatına yeni gəlmisiniz”. Soruşur ki, niyə? Qarşı tərəf də cavab verir ki, “çünki ətlə xörək yeyirsiniz”. Mən də işdən gələndə heç vaxt televiziyaya baxmırdım, çünki çox yorulurdum. İnformasiyanı mən də daha çox informasiya saytlarından alıram. Televiziya hətta xəbəri görüntülü təqdim etsə də, öz duzunu qatmağa çalışır, ancaq o duz da həmişə yerində olmadığından mən o duzu sevmirəm.

– Kiminsə şəxsi həyatı, hətta intim həyatı ilə bağlı yazılar hansısa çox hörmətli, ziyalı bir insandan alınmış ciddi müsahibədən daha çox oxunur. 

– Bəli, təəssüf ki, belədir. Bu gün televiziyalar da buna meyl edir. Xəbər saytlarında kriminal xəbərlər rekordları qırır. Televiziyalarda da bir müddət öncə kriminal proqramlar dominant idi, ancaq bu mərhələ də tədricən geridə qalır. Təəssüf ki, bu gün saytlar da, televiziyalar da reytinqə işləyir. Hər şeyi unudub sadəcə, reytinqə işləməksə, fərqinə varmadan mənəvi uçuruma getmək deməkdir. Çünki atalar demikən, “hər parıldayan qızıl deyil.”

– Necə hesab edirsiniz, televiziyalarımızın daha bir problemi xarici telekanalların layihələrini “kopya”laması deyil ki? 

– Bilirsiz, əslində, ədəbiyyatda, kinoda da belə bir məqam var. “Gəzən sujetlər”. Məsələn, müxtəlif xalqlarda eyni süjetli nağıllar var. Sadəcə qəhrəmanların adı fərqli olur. Və ya oxşar ssenarili filmlər çəkilir. Əslində, oxşar formalı sujetlərin, proqramların olması normaldır. Ancaq hər şey layihəni özünəməxsus təqdimetmədən asılıdır. Məsələn, “O səs Türkiyə” layihəsi – bilirsiniz ki, o layihə türklərin də deyil, onlar da kənardan götürüblər. Ancaq bu proqram uğurl təqdim olundu və populyarlıq qazandı.

Xatırlayırsızsa, mən “Aynadakı mən” adlı portret veriliş hazırlayırdım. Xalq şairi Zəlimxan Yaqubla görüşəndə, təəssüflə bir söz dedi. Dedi, “ qızım, bir azdan çəkməyə qəhrəman tapa bilməyəcəksən. Azərbaycan böyük ölkə deyil və təəssüf ki, çox sahədə dünyasını dəyişən sənətkarların yerinə onlar qədər uğurlu qəhrəmanlar yetişmir…

– Sizi tamaşaçıların çox hisəssi “Xəzər”dəki səhər efirinizlə xatırlayır. Hər səhər efirə hazırlaşıb çatmaq çətin deyildi ki ? 

– “Yaxşısı budur” proqramı həqiqətən çətin başa gəlirdi. Həmkarım və adaşım Billurəylə verilişin həm aparıcısı, həm də redaktorları idik. Və veriliş həftədə 5 gün yayımlanırdı. Açığını deyim ki, mən gündəlik həyatda o qədər də baxımlı deyiləm, özümə çox da qulluq etmirəm. Sadəliyə, daha doğrusu özüm olmağa üstünlük verirəm. Gündəlik efir makiyajı insanın dərisinə çox zərər verir. Gündəlik efir zaman keçdikcə, fiziki cəhətdən çox yorucu olur. Canlı efir isə ikiqat gərginlik gətirir. Deyirlər ki, canlı efirə çıxanların çoxunun ömrü qısa olur. Çünki onlar gündəlik olaraq həyacan və gərginlik içərisində olurlar. Amma o proqramda sizin də dediyiniz kimi, çox yadda qalan və maraqlı buraxılışlarımız olmuşdu…

“Hətta qrupda kimin kimi sevdiyini də hiss edirəm” 

– Müəllim kimi tələbələrinizdən razısınızmı? 

– Həmişə auditoriyaya girəndə deyirəm ki, ciddi və qaşqabaqlı olacam, ancaq sonra alınmır, uşaqlarla yaxın dosta çevrilirəm. Bəzən özümdən asılı olmayaraq onların özəl həyatına da daxil oluram. Hətta qrupda kimin kimi sevdiyini də hiss edirəm… Onu da deyim ki, yalnız mən uşaqlara öyrətmirəm, özüm də onlardan nəsə öyrənirəm. Mənim tələbələrim mütaliəni çox sevirlər, hətta bəzi məqamlarda biz onlarla rəqabət aparırıq.

– Əksəriyyət müasir gəncliyin mütaliə etmədiyindən şikayətlənir. 

– Gənclər elmi ədəbiyyatı sevmirlər. Onlar istəyirlər ki, yalnız mühazirəni oxusunlar və gəlsinlər. Biz adətən bu sözü işlətməyi xoşlayırıq – “bizim vaxtımızda” – hə, bax, bizim vaxtımızda bu məsələ bir az fərqli idi. Bizə Famil Mehdi, Nəsir İmanquliyev, Əliş Nəbili, Şirməmməd Hüseynov kimi müəllimlər dərs deyib. Məsələn, Famil müəllim bizə oxutdurmadığı ədəbiyyat qoymamışdı. Hətta rus dilindən tərcümələr edirdik. Bu, yanlış yanaşmadır ki, nəzəriyyə vacib deyil – nəzəriyyəni, jurnalist etikasını, ədəbi dilin normalarını və s. bilən jurnalistlər mütləq seçilirlər.

– Razısınızmı, bu gün jurnalistikaya ciddi axın var, bu peşədən xəbəri olub-olmamasından asılı olmayaraq çoxları özünü burada görür. 

– Bəli, bir ara müğənniliyə belə axın var idi.. (Gülür…) Jurnalistikaya daha çox populyarlıq sahəsi kimi yanaşanlardı axına qoşulanlar. Çoxunun da sevdiyi janr müsahibədi. Düşünürlər gedəcəm, hansısa mövzunu qoyacam, qonaq da danışacaq, mənsə bir şeylər yazacam, vəssalam. Amma jurnalistika axı bu, demək deyil. Hər halda, bu da faktdır ki, naşılar ələnir və ələnəcək də…

Sizdən yeni layihə gözləyəkmi? 

– Bəzən insan bir pauza verib, dincəlmək istəyir.Mənim bu fasiləyə ehtiyacım var idi və indi bu mərhələni yaşayıram. Açığı elə bir zaman kəsiyi oldu ki, televiziyadan ümumiyyətlə, getmək istədim. Amma etiraf edim ki, yalnız pedoqoji işdə də qala bilmərəm. Mən elə bir işdə olmaq istəyirəm ki, orda məndən şou, qalmaqal, yüksək reytinq yox, ilk növbədə peşəkar iş tələb olunsun. Məsələn, televiziya filmləri. Tarix, ədəbiyyat, incəsənət, milli adət-əənənələr və s. kimi mövzularda… Gedim, araşdırım, ortaya elə bir məhsul qoyum ki, o iş xalqıma, ölkəmə xeyir gətirsin, onun təbliğinə xidmət etsin. Bəlkə bir az böyük səslənəcək, ancaq lokal səviyyəli nəsə işləməklə məhdudlaşmaq istəmirəm.

“Bir dəfə xəbəri efirdə qəzetdən oxudum” 

– Efir vaxtı gözlənilməz bir hadisə başınıza gəlib yəqin ki. 
– Bəli, çox olub. Mən xəbər aparıcısı olanda səhər erkəndən gəlirdim işə. 7-də artıq işdə olmalıydım. Adətən, axşamdan xəbər başlıqları yazılıb hazır qoyulurdu. Söhbət 2003-2004-cü illərdən gedir. Bir səhər işə gəlib gördüm ki, müxbirlərdən biri mənimçün not yazıb qoyub: çəkilişdən gecəyarı qayıtmışıq və süjeti hazırlamığı çatdırmadıq. Özün imkan et, canlı efirdək qəzetlərə nəzər sal, görüş haqda ətraflı məlumatın olsun. Efir başladı və mən ekrandakı xam görüntülərə uyğun cümlələr qurmağa, gözucu qəzetdəki informasiyadan yararlanaraq, sanki birbaşa reportaj aparmağa çalışdım. Bir gözüm xəbərdə, bir gözüm görüntüdə idi ki, bir yanlşılıq olmasın. O vaxt bizim rejissorumuz türk idi, yuxarıdan mənə dedi ki, CNN-nin aparıcıları kimi edirsiniz. Bəzən isə olub ki, videomaterial hazır olmayıb, məcburən təqdimatı xeyli uzatmalı olmuşam.

– Bəs maraqlıdır, aparıcılıq etdiyiniz proqramlarda bəyənmədiyiniz qonaqlarla necə yola gedirdiniz? 

– Əslində, deyirlər ki, jurnalist öz hisslərini, münasibətini hiss etdirməməlidir. Ancaq hər halda, həmin adamla söhbətim digərləri qədər ürəyimcə alınmırdı. Ola bilsin, bu, peşəkarlığa zidd səslənir, ancaq düşünürəm ki, sevmədiyim qonaqla proqram o qədər də parlaq alınmayıb. Əgər o adam mən başqa şey soruşanda, özünü tərifləməklə məşğuldursa, sözsüz ki, o müsahibə istənilən kimi alınmayacaq.

“Bizim bir-birimizi sevdiyimizi heç kim bilmirdi” 

– Ən zəif cəhətiniz nədir, sizcə? 

– Həssasam. Çox ürəyiyumşaq və duyğusalam ki, istənilən adam bu, zəif nöqtəmi tapıb, istifadə edə bilər.

– Keçək bir az da ailəyə. Qadın kimi xoşbəxtsinizmi? 

– Bəli, xoşbəxtəm! Kimlərsə deyir ki, bu gün sevgi yoxdur, amma mən bu fikirlə əsla razılaşmıram. Mən sevib ailə qurmuşam. Biz birgə işləyirdik, ancaq münasibətimizi heç kimə bildirmirdik. Məni evə ötürürdü, əvvəlcə mən çıxırdım, ardımca o çıxırdı. Hər kəs bu münasibətimizi nişanlananda bildi. Yoldaşım istəmirdi ki, münasibətlər rəsmiləşməmiş hər kəs bilsin, yəqin ki, daha çox mənə görə… Mən emosioanal bir adamam, yoldaşım isə daha səbirli və soyuqqanlıdır.

İlk sevgi etirafı necə oldu? 

– İşdə həmişə deyirdilər ki, Billurə çox danışandı, Ramil isə sakitdir, danışmağı sevmir. Ona görə də ilk sevgi etirafını da mesajla etmişdi. Mən gülü çox sevirəm, o isə gül gəzdirməyi, verməyi sevmir. Bir dəfə qızılgülün yalnız başını qırıb, cibinə qoyub gətirmişdi.

“Evimizi yoxdur, amma hər il xaricə səyahətə gedirik” 

– Biz səyahət etməyi və mənalı istirahəti xoşlayan ailəyik. Hər il xarici ölkəyə getməyə çalışırıq. Çoxları bizə deyir ki, bunun əvəzinə pul yığıb özünüzə ev alın. Təbii ki, hər bir ailə üçün şəxsi mənzilin olması böyük rahatlıqdı. Bu, bizim də hədəfimizdə var. Amma yalnız bu hədəf üçün yaşamırıq. Biz daha çox çalışırıq ki, yaşadığımız hər gün mənalı və dəyərli olsun. Yoldaşım ev barədə danışanda deyir ki, əslində, biz insanlar elə bu dünyada da kirayə yaşayırıq. İnsana qalan yaşadığı günlərin anlamı və etdiyi xeyirxahlıqlardır.

– Billurə xanımı peşəkar aparıcı-jurnalist saymaq olar, bəs necə gəlindir? 

– Bunu qayınanamdan soruşasınız gərək (gülür). Məncə, yaxşı gəlinəm. Televiziya, elmi iş, pedoqoji fəaliyyətlə yanaşı, ev işlərinə, məktəbli oğluma və qohumlarla münasibətlərə də vaxt tapa bilirəm. Təzə gəlin gələndə evdə hər kəsin ad gününin vaxtını öyrəndim, sonra həmin günlərdə özəl nəsə etməyə və bacardığım qədər özünəməxsus hədiyyə seçməyə çalışdım.

– Sizcə, nəyi bağışlamaq olmaz? 

– Adətən deyirlər ki, xəyanəti. Məsələn, mən inanmaram ki, həyat yoldaşım mənə xəyanət edər.Ona çox güvənirəm. Amma o qədər ürəyiyumşağam ki, bağışlamayacağım heç nə yoxdur.

– İnsanlarda soyuqqanlılığın gücləndiyini hiss edirsiniz yəqin. 

– Hə, təəssüf… Sanki dövr insanları daşlaşdırıb, hər şey adiləşib, hətta kriminal xəbərlər də. Amma, öz adıma danışım…Təkkəbbürlü səslənməsin, mən həmişə diqqətli olmağa çalışırıram. Əgər qarşımdakı insanın atası yoxdursa, heç vaxt onun yanında atamla qürrələnmərəm… Bəlkə bizim söhbətimizə də çoxları güləcək ki, bu xanım nə qəzet cümlələri ilə danışır?! Çox az dost qalıb. Sosial şəbəkədə 300-400, lap elə 1000 dostumuz var – ancaq düşünəndə ki, hansısa probleminiz olanda onu kiminlə bölüşə bilərsən, görürsən ki, belə insanların sayı olduqca çox azdır. Məsələn, mənim üçün, ən yaxın sirdaş həyat yoldaşım, valideynlərim və bacılarımdı.

– Mətbəxlə aranız necədir? 

-Mətbəxi çox sevirəm. Sevdiklərim üçün nəsə hazırlamaqdan həzz alıram.

– 15 dəqiqəyə hazırlayacağınız bir şey varmı? 

– Əgər buzlu deyilsə, toyuq və kartof qızardaram. (gülür – red.)

– Bəs ən yaxşı bişirdiyiniz yemək hansıdır? 

– Kotlet və ya dolma olar. Məncə, dünyada ən yaxşı plovu anam bişirir. Əsas odur ki, nə edirəmsə, ürəkdən edirəm, sevgiylə yanaşıram.

 Nə vaxtsa hansısa əsər yazmaq barədə düşünmüsünüzmü? 

– Kiçik hekayələrim var. Böyük həcmli əsər də yazmağa başlamışam, ancaq tamamlaya bilməmişəm. Sizə bir məqamı deyim, ancaq gülməli gəlməsin, mən hansısa hekayəni yazıram və onu yaza-yaza artıq ağlayıram. Və çox təəssüf ki, oğlum da mənə oxşayır, atasına yox. Gecələr ona nağıl danışıram, bəzən olur ki, nağılları özümdən uydururam. Bu yaxınlarda Ənvər Məmmədxanlının “Buz heykəl”ini danışırdım, otaqda işıq sönülü idi, nağıl bitəndə hiss etdim ki, hıçqırır, dedi ki, “mama, bir də mənə ağlamalı nağıl danışma”.

– Bir neçə gün sonra yeni ili qeyd edəcəyik. Yolka qurmusunuz? 

– Uşaqlıqda ən çox sevdiyim bayram Yeni il bayramı olub. Yolka insana xoş təsir edir axı. Mən gözlə sevən insanam. Yolkanı bəlkə vaxtilə hansısa məqsədlə qurublar, ancaq mən ona bir bəzək əşyası, bayram atributu kimi baxıram, yaraşıq kimi yanaşıram.

– Şaxtababaya məktub yazmısınız? 

– Uşaq vaxtı yazmışam.

– İndi yazsanız, nə istəyərdiz? 

– Təbii ki, indi nə istəyirəmsə, Allahdan istəyirəm. Maddi olaraq, indi yalnız ev istəyirəm. Mənəvi olaraqsa, bu aralar bir az gərginəm. İçimdəki stresdən, gərginlikdən qurtulmaq istəyirəm. Və təbii ki, sağlamlıq istəyirəm.

Səbinə Məmmədova
AzVision.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir