İlon Mask

İlon Maskın yeni “oyuncağı” olan mikroçip nədir və bizi nələr gözləyir?

Baxış sayı: 919

“Dünya harada başlayıb harada bitir?” – bu, 4 yaşında İlonun atasına verdiyi sual idi. 48 yaşına çatmış İlonun arzuları artıq bu dünyaya sığmır və o multiplanetar bir dünya yaratmaq ideyasını reallaşdırmağa bütün ömrünü həsr edir.

 

İlonun uşaqlığı

Çox oxumağı sevən İlon qeyri-adi uşaq idi. 10 yaşında ona “Commodore VIC-20” kompüterini hədiyyə edirlər və o, 12 yaşında yaratdığı “Blastar” oyunundan 500 dollar qazanır. Bu oyunda yadplanetliləri lazer silahla öldürmək lazım idi.

Elmi-fantastika janrı ilə maraqlanan İlonun sevdiyi yazıçılar Ayzek Azimov, Jül Vern, Robert Haynlayn və Tolkin idi. “Akademiya” və “Ay sərt sahibədir” əsərləri onda kosmosa maraq oyadır. 14 yaşında Duqlas Adamsın “Qalaktika üzrə avtostopla” əsərini oxuması İlonu psixoloji krizisdən xilas edir. İlon “Fizika və informatika” üzrə məktəbi əla qiymətlərlə bitirir.

 

İlonun ailəsi

İlonun anası Mey Mask dietoloq və model, atası Errol Mask isə mühəndis, dənizçi və pilot idi. Bir bacı və bir qardaşı olan İlonun atası ilə anası onlar uşaq olanda ayrılırlar və uşaqlar ataları ilə yaşamağa başlayır.

19 yaşında Kanadaya anasının yanına köçən İlon Kinqstonda yerləşən Kuins Universitetinə daxil olur. 1992-ci ildə ABŞ-a köçür. Fizika və iqtisadiyyat üzrə bakalavr dərəcisini alır. Daha sonra Stanfordda oxumağa davam etsə də, təhsilini yarımçıq qoyur.

2000-ci ildə universitet yoldaşı olan Castin Uilson ilə evlənir və 5 oğlu dünyaya gəlir. 2008-ci ildə Castinlə ayrılır. 6-cı oğlunu isə bu il may ayında kanadalı müğənni Qrayms dünyaya gətirir və onun adını “X Æ A-12” qoyurlar.

 

İlon necə milyonçu oldu? 

“Zip2” İlonun qardaşı ilə birgə yaratdığı ilk şirkət olur. Startapın gedişatı tam onun istədiyi kimi olmasa da, işgüzar İlon məhz bu layihə ilə 27 yaşında milyonçu olur. Belə ki, bir şirkət “Zip2”ni 307 milyon dollara alır və İlon özü 22 milyon dollar qazanır.

 

İlon və “PayPal” 

Onlayn pul transferi sahəsində inqilab etmək istəyən İlon x.com layihəsinə 12 milyon dollar yatırım edir və onun əsasını qoyanlardan biri olur. Şirkət daxilindəki fikir ayrılığına görə o, şirkəti tərk edir, bir il sonra isə şirkət rebrendinq edir. 2002-ci ildə artıq “PayPal” adı ilə tanınan bu şirkət 1,5 milyard dollara “eBay” tərəfindən alınır. İlon isə özünün 11,7% payı ilə 175 milyon dollar qazanır.

 

İlon “SpaceX”i yaradır 

İlon 2002-ci ildə özünün üçüncü şirkəti olan “SpaceX”i yaradır. Şirkəti yaratmaqda məqsədi kosmosu daha yaxşı öyrənmək, uçuş xərclərini azaltmaq və Marsı müstəmləkələşdirmək olur. “Falcon 1” adlanan ilk raket qəzaya uğrayır. Lakin elə həmin il “SpaceX” NASA “Commercial Orbital Transportation Services” müsabiqəsində qaliblərdən biri olur. Qazandıqları 396 milyon dolları “Falcon 9” raketi və Draqon gəmisinin hazırlanması və nümayişi üçün xərcləyir.

2008-ci ildə “Falcon 1” ilk uğurlu uçuşunu edir. Elə həmin il NASA şirkətlə 1,6 milyard dollar dəyərində müqavilə imzalayır. “SpaceX”in uğurları davam edir. Draqon gəmisi orbitə buraxılır və 2010-cu ildə Yerə qayıdır.

Mayın 30-u 2020-ci ildə “SpaceX” və NASA-nın iş birliyi nəticəsində İlon arzusuna daha da yaxınlaşdı. “Falcon 9” raketini NASA-nın iki astronavtı ilə birlikdə kosmosa göndərdi. Bununla bağlı verdiyi müsahibədən:

“Əgər hər şey düzgün getsə, bu “SpaceX” komandasının uğurudur, yanlış gedərsə, mənim səhvimdir. Bu böyük arzunun yerinə yetmə anıdır, bu arzunun reallığını indi hiss edə bilirəm. “SpaceX” yarananda məndən soruşsaydınız bunun 1%-nin real olduğunu deyərdim. Mən bütün komandaya demişəm: “Bu tarixi anın həyata keçirilməsində astronavtların təhlükəsizliyi bizim prioritetlərimizdən biri deyil, yeganə prioritetimizdir”.

 

“Neuralink” şirkəti və mikroçip

29 avqust 2020-ci ildə keçirdiyi təqdimatda İlon Mask “Neuralink” şirkətinin məhsulu olan mikroçip ilə beyin implantının işini Qertruda adlı donuz üzərində canlı olaraq göstərdi. Beyin-robot interfeys texnologiyası elektrodları beynə yerləşdirir, daha sonra isə çipi kompüterlə əlaqələndirir. Donuzun kəllə sümüyünə əməliyyat ilə yerləşdirilən cihaz beyinlə kompüter arasında 1024 nazik elektrod vasitəsilə rəqəmsal əlaqə yaradır. Beynin aktivliyini ölçən cihaz topladığı məlumatları kompüterə ötürür. Mask deyir: “Bu, kəllə sümüyündə kiçik simli “Fitbit” kimidir”.

“Reallıq budur ki, hər kəs nə vaxtsa bu problemlərlə qarşılaşacaq. Yaddaş və eşitmə zəifliyi, korluq, yuxusuzluq, depressiya, beyin zədələnməsi və s. Məqsədimiz vacib beyin və onurğa problemlərini görünməz implant cihazı ilə həll etməyə nail olmaqdır”.

Təqdimat çox böyük maraq oyatsa da, bu texnologiyanın sadalanan xəstəlikləri necə müalicə edəcəyi sual doğurur.

 

 

İlon Maskn tanınmış podkastçı Co Roqanla söhbətindən:

Co: Mən təsəvvür edə bilirəm “Tesla”da, “SpaceX”də nə qədər zaman keçirirsən. Üstəlik Los-Ancelesin altında tunel qazmağa, yeni ideyalara və onları həyata keçirməyə də vaxtın qalır. Mən sadəcə bilmək istəyirəm ki, sən vaxtını necə bölürsən? Çünki bu, bir insan üçün mümkün olmayan bir şey kimi görünür…

İlon: Məncə adi insanlar qeyri-adi olmağı seçə bilərlər. Mənim beynim çox intensiv işləyir, bu prosesi dayandıra bilmirəm. Gün ərzində beynimdən minlərlə ideya axını keçə bilər. Adamlar vaxtımı necə keçirdiyimi başa düşmürlər. Düşünürlər ki, mən biznes adamıyam, vikipediyada yazıldığı kimi mənim biznes maqnat olduğumu düşünürlər. Amma mən istəyərdim ki, biznes maqnat deyil, biznes maqnit kimi yazsınlar. Vaxtımın 80%-ini mühəndisliklə məşğulam, mühəndisliklə bağlı hər şey – dizayn, mexanika, aerokosmik mühəndisliyi və s.

 

İlon süni intellekt haqqında nə düşünür?

“Süni intellektlə bağlı əvvəllər daha ümidli idim, indi isə nə yaxşı, nə də pis olduğunu düşünmürəm, sadəcə reallıq odur ki, süni intellekt insan nəzarətindən çıxa bilər. O zaman onu silah kimi istifadə etmək çox cazibədar görünəcək. Kollektiv süni intellekt kimi “Google search”ü misal gətirmək olar, hamımız bu ağacın yarpaqlarıyıq və onu heç bir sorğu-sualsız qidalandırırıq, bir şəbəkənin qovşaqları kimi əlaqəliyik. Kollektiv şəkildə süni intellekti proqramlaşdırırıq. Bu İnstaqram, Feysbuk və Tvitter şəbəkələrinə də aiddir. Bütün sosial şəbəkələr nəhəng kibernetik kollektivlərdir”.

 

İlon Maskın gündəlik rutini ilə bağlı dedikləri:

“Gündə orta hesabla 6 saat yatıram. Səhər 7-də oyanıram, lakin gec yatıram, təxminən saat 1-də. Bilirəm ki, yaxşı səhər yeməyi sağlamlıq üçün vacibdir, lakin mənim buna vaxtım yoxdur. Ona görə də çox vaxt sadəcə kofe içirəm. Şəkərdən uzaq durmağa çalışıram. “Tesla” və “SpaceX”in elektron poçtlarının telefonuma inteqrasiyası edilməsi mənə vaxt baxımdan çox kömək edir. Bazar ertəsi “SpaceX”, çərşənbə axşamı və çərşənbə günləri “Tesla”da, cümə axşamı və cümə yenə “SpaceX”, həftəsonlarını ya “Tesla”da ya da yalnız bazar gününü “SpaceX”də keçirirəm”.

 

İlon Maskın məzunlara qarşısında çıxışından:

“Tesla ya da “SpaceX”də işə müraciət edin, alınmasa, başqa bir şirkətdə, o da alınmasa, öz şirkətlərinizi qurun. Mənim şirkət qurmağıma səbəb o idi ki, o vaxt mövcud olan internet şirkətlərindən heç biri məni işə götürməmişdi.

Yeni bir işə başlayırsınızsa, özünüzə sual verin ki, bu həqiqətən mənası olan, yoxsa hər kəsin etdiyi şeylərdən biridir. Mən də çox qorxuram, vacib bir iş üçün mən qorxunu kənara qoymağı seçirəm.

Yeni şirkət qurarkən ən vacib olan düzgün insanları işə cəlb etməkdir. Yeni yaranan çox şirkətlər pulu lazım olmayan şeylərə xərcləyirlər, məhsulu mükəmməlləşdirmək əvəzinə. İndi risk etmə anıdır, hələki uşaqlarınız yoxdur. Böyük məsuliyyətləriniz olanda yalnız özünüz üçün deyil, həm də ailənizi də riskə atmış olacaqsınız.

Yaşadığım ekzistensial krizis zamanı həyatın mənasını axtarırdım və belə bir nəticəyə gəldim ki, biz biliklərimizi artırmalı, maariflənməli və düzgün sualları verməyi bacarmalıyıq. Daimi maariflənmə şüurumuzu genişləndirir və bizi daha da irəli aparır.

Əgər yeni şirkət qurmusunuzsa, çox işləməlisiniz. Mən qardaşımla şirkət quranda ev tutmaq əvəzinə balaca bir ofisdə divanda yatırdıq. Bir kompüterimiz vardı, həftənin 7 günü gecələr kodlaşdırma ilə məşğul idik. Oyaq olduğunuz hər saat işləyin, xüsusilə də şirkəti yeni qurmusunuzsa. Kimsə 50 saat, siz isə 100 saat işləyirsinizsə, siz hamıdan iki dəfə daha çox iş bitirmiş olacaqsınız.

Səhər oyananda mən gələcək haqqında düşünmək və gələcəklə bağlı ümidli olmaq istəyirəm. Gələcəyin mümkün qədər daha yaxşı olması üçün əlimdən gələni etdiyimi bilmək istəyirəm”.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir