İmtahanlar hər bir abituriyent üçün böyük bir sınaqdır. Hər il minlərlə gənc, ali məktəblərə qəbul imtahanlarına hazırlaşarkən, onların üzləşdiyi ən böyük çətinliklərdən biri də həyəcan və stressin idarə edilməsidir. İmtahan həyəcanı, bəzən uğurlu nəticə əldə etmək üçün faydalı olsa da, çox hallarda abituriyentlərin psixoloji vəziyyətinə mənfi təsir göstərərək onların performansını azalda bilər.
Həyəcanın psixoloji təsirləri
İmtahan həyəcanı, əslində təbii bir reaksiya olsa da, bunun idarə olunmaması hallarında ciddi psixoloji təsirlər yarada bilər. Bir çox abituriyentdə həyəcan yalnız imtahan günü deyil, həm də imtahan prosesinə hazırlıq mərhələsində hiss edilir. Bu həyəcanın başlıca psixoloji təsirləri bunlardır:
1) Qorxu və narahatlıq: İmtahan həyəcanı bir çox abituriyentdə qorxu və narahatlıq hissi yaradır. Bu, “əgər imtahanı verə bilməsəm?” kimi düşüncələrə səbəb ola bilər. Bu zaman abituriyentlər özlərinə olan inamı itirə və yaxşı nəticə əldə etməkdən qorxa bilərlər.
2) Stressin artması: Stress, imtahanın hər mərhələsində müşahidə olunan əsas psixoloji reaksiya hesab olunur. Stressin uzun müddət davam etməsi abituriyentdə yorğunluq, diqqət itkiləri və əhval pozulmalarına səbəb ola bilər.
3) Yaddaş və konsentrasiya problemləri: Aşırı həyəcan və stress, yaddaşın zəifləməsinə və diqqətin itirilməsinə səbəb ola bilər. Bu, imtahan zamanı düzgün cavab vermə qabiliyyətini əngəlləyir və abituriyentin əsl potensialını göstərməsinə mane olur.
4) Fiziki simptomlar: Həyəcan yalnız psixoloji deyil, həm də fiziki əlamətlər verir. Qol və ayaqlarda titrəyiş, ürək döyüntülərinin sürətlənməsi, baş ağrıları və mədə narahatlıqları kimi simptomlar imtahan həyəcanının fiziki təsirləridir.
İmtahan həyəcanı ilə baş etmə yolları
İmtahan həyəcanını idarə etmək və psixoloji hazırlığı artırmaq üçün bir neçə tövsiyə var. Bu tövsiyələr abituriyentlərin yalnız imtahan zamanı deyil, həyatın digər sahələrində də qarşılaşdıqları stresslərlə mübarizə aparmalarına kömək edə bilər.
Nəfəs alma və rahatlama məşqləri: İmtahan zamanı həyəcanı azaltmaq üçün ən effektiv üsullardan biri düzgün nəfəs alma texnikalarıdır. Dərin nəfəs alma, bədəni rahatlaşdırmağa kömək edir və stresin təsirini azaldır. Məsələn, 8 saniyə ərzində (ağız bağlı olmaqla) burnundan nəfəs alaraq, 3 saniyə nəfəsi saxlayıb, 8 saniyə ərzində ağızı açıq şəkildə nəfəsi buraxmaq, sinir sistemini sakitləşdirir.
Vaxtın düzgün idarə edilməsi: İmtahan hazırlığı zamanı vaxtın düzgün planlaşdırılması və tələsik davranmamaq abituriyentin stressini əhəmiyyətli dərəcədə azalda bilər. Günlük və həftəlik məşq planları ilə hazırlıq daha rahat olur.
Pozitiv düşüncə: “Mən bunu bacara bilərəm” kimi müsbət düşüncələr həyəcanı azaldır və abituriyentin özünə inamını artırır. Müsbət düşüncə, stresin mənfi təsirlərini azaldaraq imtahanın daha rahat keçməsinə səbəb olur.
Fiziki aktivlik və idman: Məşq etmək, bədənin və beynin gərginliyini azaldır. İdman fəaliyyəti, endorfin hormonlarının istehsalını artıraraq abituriyentin əhvalını yaxşılaşdırır.
Düzgün qidalanma və yuxu: İmtahandan əvvəl bədənin enerjiyə ehtiyacı var. Yaxşı qidalanma və kifayət qədər yuxu alma, zehni və fiziki cəhətdən hazırlıqlı olmaq üçün vacibdir.
Sosial dəstək mütləqdir
Həyəcanı idarə etməkdə sosial dəstək çox vacibdir. Ailə, dostlar və müəllimlər abituriyentlərə psixoloji dəstək verərək onların ruh halını yaxşılaşdırmağa kömək edə bilərlər. Həmçinin, psixoloq və pedaqoqlardan peşəkar dəstək almaq da imtahan həyəcanı ilə başa çıxmaqda çox faydalıdır.
İmtahan öncəsi və zamanı hiss edilən həyəcanın idarə olunması, yalnız abituriyentin həmin imtahanda uğurlu olmasına deyil, həm də uzunmüddətli psixoloji inkişafına kömək edəcək. Psixoloji rahatlıq və özünə inam imtahan nəticələrinin yaxşı olmasına ciddi təsir edir.
İmtahan həyəcanı, əslində, həyatın hər sahəsində qarşılaşa biləcəyimiz bir hissdir. Onu idarə etmək, yalnız imtahanlar üçün deyil, gündəlik həyatda da vacibdir. Psixoloji hazırlıq və düzgün yanaşma ilə imtahanın stressini asanlıqla azaldıb, daha yaxşı nəticələr əldə etmək mümkündür. Unutmayın ki, həyəcan hər zaman bir motivasiya mənbəyi ola bilər, yalnız onu düzgün yönləndirmək lazımdır.
Sonda isə imtahan verəcək bütün abituriyentlərə uğurlar diləyir, arzularının reaallaşmasını arzu edirəm.
Mənsurə Qəhrəmanova
Psixoloq-Pedaqoq
Uşaq İnkişaf Mütəxəssisi
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədr müavini
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrəsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin, psixopedaqoqmensureqehremanova adlı instagram səhifəsi vasitəsilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)
Bu yazını oxuyanda sanki öz övladımı düşündüm. Qızım bu il imtahana hazırlaşır və hər dəfə deyir ki, “ana, çox həyəcanlanıram.” Məqalədə verilən nəfəs texnikasını bu gün onunla paylaşacağam. Allah razı olsun, çox dəyərli məsləhətlərdir!
Oğlum bu il imtahan verir, gecələr belə yata bilmir. Bu yazıdakı nəfəs texnikasını bu gün evdə mütləq sınaqdan keçirəcəyik. Bu cür yazılar hər valideynə çatmalıdır, təşəkkür edirəm.
Valideyn kimi hər gün övladımın yaşadığı stressi görmək çox çətindir. Bəzən nə deyəcəyimizi belə bilmirik. Bu yazı biz valideynlər üçün də bələdçi kimidir. Çox təşəkkür edirəm, Mənsurə xanım!
Bəzən uşağımızın əlaçı olmasına aldanırıq və düşünürük ki, imtahanda da eyni uğuru göstərəcək. Amma bu yazı göstərdi ki, psixoloji hazırlıq ən az dərs qədər vacibdir. Çox sağ olun belə bir yazıya görə!
Məqalə çox dolğun və aydın yazılıb. Şagirdlərimlə də paylaşacağam. Həmçinin valideyn iclaslarında bu məsələlərin üzərində dayanacağam. Uşaqların psixoloji rahatlığı ən az dərslər qədər vacibdir.
Oğlumun keçən il imtahanda başına gələnlər gözümün qabağına gəldi. Həyəcan səbəbindən bildiklərini belə unudurdu. Kaş ki bu cür yazıları daha tez oxuyardıq. Çox sağ olun!
Təbii ki, bədənlə bağlı simptomlar da olur, bunu peşəmdən bilirəm. Amma bunu bu qədər aydın və sadə dillə yazan az olur. Gənclərimiz üçün belə dəstəyə çox ehtiyac var. Təşəkkür edirəm!
Hər gün bir neçə abituriyentlə işləyirəm və görürəm ki, əksəriyyəti dərs bilsə də, həyəcanla bacara bilmir. Valideynlər bu məsələyə ciddi yanaşmalıdır. Bu yazı çox faydalı yön verir. Əhsən!
Bəzən uşaqlar dərslərlə məşğul olurlar, amma öz hisslərini içlərində saxlayırlar. Biz valideynlər də hər zaman necə dəstək ola biləcəyimizi tam bilmirik. Bu yazı mənim üçün çox maarifləndirici oldu.
Mənsurə xanımın bu cür maarifləndirici yazıları təhsil sistemimiz üçün çox vacibdir. Şagirdlərin imtahan stresini anlamaq və onlara dəstək olmaq bizim vəzifəmizdir. Oxuyub çox təsirləndim.
👏🏻👏🏻👏🏻