internet

İnternetlə dərs problemi

Baxış sayı: 471

Martın 3-dən etibarən ölkə üzrə təhsil müəssisələrində tədris dayansa da, martın 11-dən başlayaraq, Təhsil Nazirliyi teledərslər vasitəsilə şagirdlərin dərslərdən uzaqlaşmamasını təmin edir. Aprelin 2-dən isə “Virtual məktəb” layihəsinə qeydiyyat başladı. Artıq layihəyə müəllimlərin də qeydiyyatı aparılır. Amma bir çox layihə istifadəçisi valideynlər hələ də bu yeniliyin şagirdlər üçün teledərslərin formatından o qədər də irəli gedə bilmədiyini düşünür və ya istifadəsində problemlər yaşayır.

Bəs problem nədədir və prosesdən tam yararlana bilmək üçün hansı imkanların olması vacibdir?

Təhsil eksperti Elçin Əfəndi bildirilir ki, hazırkı durumda “Virtual məktəb” layihəsi özünü tam-tamına doğrulda bilmir. Onun fikrincə, layihədən istifadə edə bilmək üçün həm müəllimlərin, həm də şagirdlərin İKT biliklərinin müəyyən səviyyədə olması əsas şərtlərdəndir:

“Doğrudur, layihəyə qeydiyyat proseduru sadədir. Amma hər bir insanda internet olmaması, maddi imkansızlıq səbəbindən dərslərə qoşula, mövcud imkanlardan yararlana bilmir. Nəzərə alsaq ki, dünyada pandemiya davam edir və ölkəmizdə də mayın 4-nə kimi karantin rejimi davam edəcək. Biz online dərslərdən yararlanmağa məcburuq. Çünki karantin rejimi yumşaldılsa da, dərslərin başlanması bir qədər uzana bilər. Bunun da səbəbi bəllidir. Pandemiya ləğv olunmalı, ölkədə yoluxma sıfırlanmalıdır. Yalnız belə olan halda dərslərin başlama ehtimalı var. Ona görə də hamını online dərslərə qoşulmağa çağırıram. Çatışmazlıq olsa da, biz bundan yararlanmalıyıq. Çünki gələcəkdə də fəlakətlər ola bilər. Buna görə də biz bu cür dərslərin keçirilməsinə öyrənməliyik, hazırlıqlı olmalıyıq”.
Ekspert bildirib ki, ümumilikdə “Virtual məktəb” layihəsində, eləcə də ali məktəblərdə keçirilən distant dərslərdə müəyyən çatışmazlıqlar var:

“Bu da çox zaman şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə qoşulması ilə bağlı olur. Yaxud dərsə qoşulsalar da bəzən anlaşılmazlığın yaşanması problemi olur, şagirdlər müəllimləri anlamaqda çətinlik çəkə bilir. İnternetin dayanmasından asılı olaraq mövzudan tam yararlanmamaq kimi problemlər də olur. Bunlar tədricən aradan qaldırılacaq məsələlərdir. Birbaşa deyə bilmərik ki, hər kəs yeni dərs formatından yararlana bilir. Amma hər kəsin faydalanması qaçılmazdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir