mehsul

Keyfiyyətli məhsulu necə seçməli?

Baxış sayı: 460

Bəzən mağazada lazım olan tapmaq asan, çeşidlərin içindən seçmək çətin olur, xüsusilə də çox sayda məhsul və əşyalar təklif edilən indiki dövrdə. Vaxt qıtlığı ilə çoxlarımız üz-üzə olsaq da, alış-verişə çox vaxt sərf etmək lazım gəlir. Üstəgəl aldığımız məhsulun keyfiyyətindən narazı qalanda ikiqat məyus oluruq. Keyfiyyətinə, dadına və təyinatına görə məyus olmamaq üçün müxtəlif əşyaların və məhsulların necə seçiləcəyinə dair məsləhətlərlə kiçik bir bələdçi hazırlamışıq:

 

Hansı qəhvə daha məsləhətlidir?

Bəyəndiyiniz qəhvəni seçmək üçün bu içkinin bəzi xüsusiyyətlərini nəzərə almalısınız.

– Qəhvə dənələrinin iki əsas növü Robusta (daha acı və daha güclü) və Arabica (daha yumşaq və turş) var.

– Tünd qəhvə üçün mono növlər, südlə içmək üçün isə qarışıqlar daha uyğundur.

– Mütəxəssislərin tövsiyələrinə görə, dənələri qovrulduqdan sonra 3 həftədən çox olmayan müddətdə qəhvədən istifadə etmək daha yaxşıdır.

– Üyüdülmüş qəhvədə hazır qəhvədən daha çox kofein var.

 

Bu tavalardan istifadə edib

Tavanın ölçüsü adətən sobanın ölçüsünə əsasən seçilir  və onun məqsədi, bir qayda olaraq, kitabçasında göstərilir. Lakin materialla bağlı vəziyyət o qədər də aydın deyil. Tavanın hazırlandığı material da ona müəyyən üstünlüklər verə bilər. Əsas odur ki, hansının sizin üçün uyğun olduğuna qərar verin. Seçimdə səhv etməmək üçün nələrə diqqət etmək lazımdır?

– Paslanmayan polad: peşəkarlar tərəfindən istifadə olunur, yeməyin inqridientləri bərabər bişir, qızdırıldıqda zərərli maddələr ayrılmır. Amma yağsız qızartsanız, qab yana bilər.

– Çuqundan hazırlanan tavalar sobaya qoyula bilir, bərabər qızardır və gec soyuyur, yeməklər düzgün istifadə edildikdə yanmır, çox davamlıdır, induksiya sobasında işləyir.

– Alüminiumdan hazırlanan tavalar isə adətən, büdcəyə uyğun olur, paslanmır, yüngül, asan təmizlənir, tez qızır, lakin induksiya plitələrində istifadə edilə bilməz.

 

Keyfiyyətli ət yemək istəyirsinizsə…

Aşağıdakı məsləhətlər ən təzə əti seçməyə kömək edəcək:

– Qoxusu təzə, təbii olmalıdır. Məsələn, korlanmış donuz əti ammonyak kimi iyi olur.

– Ətin rəngi: yaxşı mal əti və quzu ətinin bənövşəyiyə çalan tonu olur (ən təzə ət) və ya parlaq qırmızıdır (oksigenə məruz qalmış təzə məhsul); təzə donuz əti tamamilə çəhrayı olmalıdır, üzərində boz və ya qəhvəyi ləkələr pis əlamətdir.

– Piyin rəngi: əgər mal-qara taxılla qidalanıbsa, o zaman piyin rəngi ağ, ot ilə qidalanıbsa sarımtıl ağ olacaq. Donuz ətinə gəldikdə isə sarı yağ köhnəlmiş ətin əlaməti sayılır.

– Elastiklik: əti barmağınızla sıxın, təzə məhsul tez öz formasını bərpa edəcək, köhnə olanda isə çuxur qalacaq.

 

Hansı fırça dişləri daha yaxşı təmizləyir?

– Hündürlüyü 2,5 sm-dən çox olmayan və eni təxminən 1,5 sm olan fırçalar çətin təmizlənən azı dişlərini də təmizləməyə kömək edəcək.

– Tüklərin sərtliyi vəziyyətə uyğun seçilməlidir. Həssas və uşaq dişləri üçün – yumşaq tüklü seçilməlidir. Ərpə qarşı – sərt tüklü istifadə edilə bilər, lakin davamlı olaraq istifadə etmək tövsiyə edilmir. Ən çox uyğun gələn və ən yaxşı seçim orta sərtlikli fırçalardır.

– Sintetik tüklər daha təhlükəsizdir, çünki təbii tüklər kimi bakteriyaların böyüməsinə şərait yaratmırlar. Bundan əlavə, sintetikləri yumaq və qurutmaq daha asandır. Təbii diş fırçası 6 həftədən sonra, sintetik diş fırçası isə 3-4 aydan bir dəyişdirilməlidir.

– Uzun-qısa şəkildə düzülmüş tüklər dişləri daha yaxşı təmizləyir, lakin fırçanın  səthinə bəzən düzülən silikon əlavələr faydasız bir atributdur.

 

Avokado necə seçilir?

– Avokadonun rəngi müxtəlifliyindən asılı ola bilər, bu baxımdan meyvə seçərkən möhkəmliyinə fikir vermək daha yaxşıdır. Yumşaq, şirəli avokado – artıq yetişmiş, sərt isə yetişməmişdir. Meyvənin optimal variantı barmaq ilə toxunduqda azca sıxılan, lakin elastik qaldığı zamandır.

– Aldığınız gün avokado yeməyi planlaşdırmırsınızsa, bir qədər bərk meyvə seçə bilərsiniz. Bu halda 1 gündən 4 günə qədər saxlanıla bilər, bu zaman çürüməyəcək, əksinə, yetişəcək.

– Saplağını yoxlayın: əgər asanlıqla ayrılırsa və altındakı sahə yaşıldırsa, deməli qarşınızda yeyilməyə hazır olan yetişmiş avokado var. Qəhvəyi ləkələr meyvənin artıq yetişdiyini və içərisinin də qismən qəhvəyi olacağını göstərir. Saplağı ayırmaq mümkün olmadıqda, meyvə hələ yetişməmişdir.

 

Ən faydalı və təbii dadını saxlayan zeytun yağları

Zeytun yağının ən yaxşı növü ekstra-class və ya “Extra Virgin” hesab olunur. Bu yağ ən faydalı və keyfiyyətlidir, təbii dadını və ətrini saxlayır, həm də sağlamlıq üçün faydalı hesab olunur. Siz onu aşağıdakı xüsusiyyətlərə görə tanıya bilərsiniz:

– Soyuq sıxma: istehsal zamanı zeytun yüksək temperaturlara məruz qalmır. Yüksək temperatur daha çox yağ çıxarsa da, istilik bu məhsulun faydalı maddələrini də məhv edir. Soyuq sıxım zamanı isə 27 ° C-dən yüksək olmayan bir temperaturdan istifadə edilir.

– Yağın hasilat tarixi ilə son istifadə tarixi arasındakı müddət 1 ildir. Yağı çox uzun müddət saxlamaqdansa, satın alındıqdan sonra bir ay ərzində istehlak etmək tövsiyə olunur.

– Dadmaq: mümkünsə, yağı dadmaq məsləhətdir. Acılı, çiçəkli, qozlu, meyvəli notları yalnız dadda və ya aromada hiss edilə bilər, bunu vizual olaraq qiymətləndirmək mümkün deyil. Yüksək keyfiyyətli sızma zeytun yağının ağızda təsiri “amato” adlanır. Bunu belə təsvir etmək olar: dilin ucunda bibərli dad hiss olunur, sonra ağızın uzaq hissəsinə keçir.

– Rəng: bu göstərici məhsulun keyfiyyətini müəyyən etməyə imkan vermir. Yaxşı sızma zeytun yağı həm tünd yaşıl, həm də qızılı sarı ola bilər.

– Mənşə: ən yaxşı yağ eyni ölkədə toplanan məhsuldan hazırlanır, sıxılır və qablaşdırılır. Qablaşdırmanın üzərindəki “İtaliya məhsulları” yazısında çox vaxt ancaq duru yağın bu ölkədə qablaşdırıldığı nəzərdə tutulur. Bu o deməkdir ki, hansısa başqa ölkədən xammal İtaliyaya daşınıb və orada butulkaya tökülüb.

 

Yaxşı balığı necə ayırd etməli?

Yaxşı balıq ammonyak, turş və yad bir şey kimi iy verməməlidir.

– Gözlər qabarıq, parlaq və aydın olmalıdır.

– Keyfiyyətli balığın sıx cəmdəyi olur, əti sıxdıqdan sonra çuxur qoymur. Ancaq çox yumşaq və boz ət aşağı keyfiyyətli balığın əlamətidir.

– Əgər üzgəclər yaşdırsa və qəlpələr parlaq qırmızıdırsa, balıq təzədir. Əgər onlar qurudursa, seliklidirsə və pis qoxu gəlirsə, balıq köhnədir.

– Dondurulmuş balıqların parlaq gözləri və ya bərk əti olmur, lakin onlar turş deyil, təzə qoxu verməlidirlər.

– Təzə balığın qabığında heç bir zədə yoxdur, pulcuqları bədənə tam oturur. Səthi sıx və parlaqdır, əldən sürüşə bilir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir