aliment

Kişilər niyə aliment vermək istəmirlər?

Baxış sayı: 300

Bəzən sual verirlər ki, boşanma zamanı qadın, yoxsa kişi zərbə alır? Boşanmalar zamanı ən böyük zərbə uşaqlara dəyir. Valideynlərindən ayrılma, ailədaxili münaqişə və zorakılığa şahid olmuş uşaq uzun illər bu vəziyyətin təsirindən çıxa bilmir. Sonradan maddi sıxıntılar, atanın alimenti verməkdən imtina etməsi və s. uşağın gələcək həyayına böyük təsir edir.

Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirir edib ki, hazırda icra sənədlərinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır.

“Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub”,- deyən K.Əhmədova bildirib ki, son 1,5 il ərzində iş yükünün çox olmasına baxmayaraq, 130 milyon manatdan çox aliment tələbi ödənilib. Onun sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində 3000 nəfər aliment borcuna görə axtarışa verilib.

Nura Ceferzade

Kişilər niyə aliment vermək istəmirlər?

Kouç, psixoloq Nura Cəfərzadənin sözlərinə görə, kişilər alimenti uşağa görə deyil, qadına görə ödəmək istəmirlər. Aliment ödəmək istəməyən kişi düşünmür ki, bu pul onun uşağına çatır:

“Aliment ödəmək istəməyən kişi, eyni zamanda keçmiş həyat yoldaşının rahat yaşamasını istəmir. Kişi düşünür ki, qadın ondan bu pulu alıb kafeye gedəcək, özünə geyim alacaq və yaxud onun pulu ilə başqası ilə yaşayacaq. Kişi qısqanclıqdan bu pulu vermək istəmir, keçmiş həyat yoldaşını düşünüb bu pulu ödəməkdən imtina edir”.

N.Cəfərzadə bildirir ki, bəzi kişiləri də həqiqətən uşaq düşündürmür. Çəkişməli-mübahisəli boşanmalar zamanı kişi aliment verməkdən boyun qaçırır. Bəzi kişilər isə, aliment ödməyərək, qadını alimentdən asılı vəziyyətdə saxlamağa çalışır. “Bilir ki, qadının başqa gəlir yeri yoxdur. Kişi boşanmaq istəmir, barışmaq istəyir. Belə olan halda, kişi qadını aliment vasitəsilə özündən asılı vəziyyətə salmaq istəyir”,- deyə psixoloq qeyd edir.

Qeyd edək ki, Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı göstərilib. Belə ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə —qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur.

Həmçinin 76-cı maddədə qeyd olunur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir