valideyn

Laylay eşitməyən, ana südü dadmayan uşaqlar böyüyür – ANA PROBLEMİ

Baxış sayı: 1. 475
“Qadınların böyük əksəriyyəti dünyaya övlad gətirməyin yolunu bilir, amma onların 99,9 faizi dünyaya gətirdikləri övladla nə etmək lazım olduğunu bilmir”.
 
Məşhurlardan birinin səsləndirdiyi bu fikirlə başlatdığımız “ANA” mövzusunu davam etdiririk.
 
Budəfəki müsahibi Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevdir. Ə.Ağayev bu mövzunun hər zaman üçün aktual olduğunu deyir:
 
“Adını yaza bilməyən qadına övladlıq uşaq vermədilər”
 
“100 ildən artıq bir müddətdə cəmiyyətin inkişafında, övladların normal böyüyüb, lazımi yer tutmasında ananın rolu məsələsinin müzakirə olunur. Hər zaman qeyd edilir ki, təhsilli, bilikli, dünyagörüşlü ana öz uşaqlarının həyata hazırlanmasında mühüm əhəmiyyətə malikdir.
 
Bir haşiyə açım: Bu günlərdə mən bir ailə ilə tanış oldum. Onlar 5 ildir ki, ailə qurublar, amma övladları olmur. Ailə övladlığa uşaq götürmək üçün lazımi quruma müraciət edib. Qurumda deyiblər ki, “buyurun, ərizənizi yazın”. 32 yaşlı ana, savadının olmadığını, yazı yaza bilmədiyini qeyd edib.
 
Söhbət illər əvvəldən yox, bu gündən gedir. Qurumdan ailəyə “sizə övlad etibar edə bilmərik” cavabını veriblər.
 
Axı indiki texnologiyalar, innovasiyalar, bazar iqtisadiyyatı, maraq və meyllərin nəzərə alındığı dövrdə təhsilsiz ana uşağı necə formalaşdıra bilər?
 
Beləliklə, həmin ailəyə uşaq verilmədi. Ailə mənə müraciət edərək qurumun nə dərəcədə haqlı olduğunu soruşanda mən “onlar haqlıdır” dedim. Çünki indiki dövrümüzdə dünyaya çıxışda, sərhədlərin inteqrasiya əsasında bilikdə, turizmdə qovuşmasında anaların savadlılığının səviyyəsi yüksək olmalıdır. Savad 2 cürdür: əlifba savadı- (bu zaman yazıb-oxumağı bacarırsan) və dünyagörüş savadı (biliklərə yiyələnmiş dünyagörüşü savadı).
 
Bu savada həm xalqın adət-ənənəsi, həm məişətindən gələn süfrə, ailə, dostluq, qohumluq mədəniyyəti, həm də kompüter bilikləri, hətta rəqəmsal televiziyalar da daxildir”.
“Qızları ana olmağa hazırlayan xüsusi dərslər keçirilməlidir”
 
Professor müasir dövrdə qızların təhsilinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayır:
 
“İstər oğlanlar, istərsə də qızlar yüksək səviyyədə təhsil almalıdır. Amma mən düşünürəm ki, qızların təhsilində tədris planından kənar- ailə tərbiyəçisi olmaq, bişirib-düşürmək, gözəl süfrə açmaq mədəniyyəti üçün də təhsil verilməlidir. Həmin qızlar böyüyüb ana olur. Ananın missiyası daha böyükdür. Övladın ilk gündən ta böyüyənə qədər gülüşü, ağlaması, duruşu, yerişi, hərəkəti, davranışı, dil açması ananın nəzarəti altında baş verir. Ana bunlara bələddirsə, uşağın psixoloji hallarını, fiziki dəyişkənlik hallarını bilirsə, onu düzgün istiqamətləndirir.
 
Bu gün ekologiya korlanıb. Dünyaya gələn uşaqların 80-90 faizində müəyyən qüsurlar qeydə alınır. Belə şəraitdə ananın daha da savadlanmasına ehtiyac yaranır. Bu da yeni məsələ deyil. Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi”ndə həmin məsələləri öyrətmək üçün “Qadınlara hədiyyə” adında dərslik vardı.
 
Abdulla Şaiqin qardaşı Talıbzadə o dərsliyi təxminən 30-40 ingilis, fransız, amerikan və digər ölkələrin tədqiqatçıların əsərlərindən ümumiləşdirib kitab halına salmışdı. Kitab uşaqlara yazı, oxu, müxtəlif ixtisaslar öyrətməklə yanaşı, sabahın anasının necə olacağını aşılayırdı. Təəssüf ki, hazırda bu barədə nə ailələrdə, nə də məktəblərdə lazımınca söhbət aparılmır. Bundan başqa, əvvəllər “Ailə etikasının psixoloji məsələləri haqqında” dərslik vardı. Nədənsə bu dərsliyi də yığışdırdılar”.
“Evdə bişməyib, qonşudan gəlməyib. Qız bunu haradan öyrənsin?”
 
Ə.Ağayev bildirir ki, ana öz cəmiyyətini, xalqını, dövlətini sevirsə, övlad da onu sevə-sevə böyüyür:
 
“Övlad tərbiyəsinə həm xalqdan gələn adət-ənənələrin öyrədilməsi, həm də cəmiyyətdəki iqtisadi, mənəvi münasibətlərdən tutmuş dövlətçilik səviyyəsinə qədər yeniliklər daxildir. Ana öz cəmiyyətini, xalqını, dövlətini sevirsə, övlad da onu sevə-sevə böyüyür. Bunun üçün onun təsir etmək imkanları var. Bu gün ana olan qızlarımızın çoxu dünyaya gətirdiyi balasına süd vermək istəmir, nədi-nədi fiqurası pozular. Amma o unudur ki, ana südü uşağın sağlamlığını təmin edən birinci vasitədir, ona immunitet aşılayır. Süd vasitəsilə ananın sağlam mənəviyyatı övladına ötürülür. Ana südü ilə böyüyən qız uşağı özü sabahın anası olur. Ona görə də qızlarımızın təhsilində bu məsələyə geniş formatda yanaşmalıyıq. Məktəb təhsili də, ali təhsil də cəmiyyətdə mühüm rol oynayan təsiredici qüvvə olan analıq missiyasının yeniyetməlikdən başlayaraq ona öyrədilməsidir.
 
Yaxşı bir məsəlimiz var: evdə bişməyib, qonşudan gəlməyib. Bəs mən bunu haradan bilim? Ona görə də mən bu məsələni aktual hesab edirəm. Qızlarımızın təhsili, dünyagörüşü, fəallığı indiki dövrün tələblərinə uyğun olaraq müasir mədəniyyətin, cəmiyyətin inkişafında mühüm rol oynayan keçidlərin başa düşülməsidir. Vətəndaş hazırlığında mühüm rol oynayan ana bütün bunları biləndə övladı da cəmiyyət üçün tam yararlı yetişir”.
 
“Qadın həm anadır, həm həyat yoldaşıdır, həm işçidir…”
 
Professor ideyanın Fransada Napoleon dövründən başladığını bildirir: “Napoleon deyirdi ki, qızların təhsilini gücləndirmək lazımdır. Çünki onlar əsgər böyüdürlər. Daha sonra Jan Jak Russoda bu ideya öz əksini tapıb. Amma Russo qıza təhsil verməyin tərəfdarı olsa da, işləməyin tərəfdarı deyildi. Deyirdi ki, qız yalnız tərbiyə verməklə məşğul olmalıdır. Amma sonrakı idoloqlar sübut etdilər ki, ananın cəmiyyətdə, işdə, evdə öz yeri var. Qadın hansısa yüksək vəzifədə ola bilər. Amma evdə, ailədə həyat yoldaşı, ana olmaq funksiyasını mütləq yerinə yetirməlidir. Əsas vəzifəsini də orada icra etmiş olur. Bu məsələlər geniş şəkildə izah olunaraq bizim qızlarımıza deyilməlidir. Onlar sabahın mühüm tərbiyəçisi kimi formalaşdıırlmalıdır. Kimlər ki bunu dəstəkləyir, mən onları alqışlayıram”. (Modern.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir