aile davasi

Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzanın sərtləşdirilməsi nəyi dəyişəcək?

Baxış sayı: 389

Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.

Qeyd edək ki, dekabrın 27-də Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.

İllik məlumat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinni Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) təklif olunan dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətbiq ediləcək.

Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.

aile

Bəs görəsən, məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəza sərtləşdirilməsi nəyi dəyişəcək?

Məsələyə münasibət bildirən psixoloq Əfsanə Rüstəmova aşağıdakıları dedi:” İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik edilməsiylə bağlı təklif zorakılıq hallarının qarşısının alınması, azalması, islah və s. mahiyyətlidir deyə, əlbəttə ki, müsbət haldır. Öncəliklə onu qeyd edək ki, bu məsələnin yuxarı instansiyalarda danışılması və onları narahat etməsi cəmiyyəti sevindirir. Ölkəmizdə artan və ya gündəmə daha çox gətirilən məişət zorakılığı sadəcə fiziki şiddətlə kifayətlənmir. Psixoloji şiddət, aşağılanma, dəyərsiz hiss etdirmə, şəxsiyyətin alçalması və ya azadlığın “məhdudlaşdırılması” və s.- bunlar hər biri psixi zorakılıq halı kimi dəyərləndirilməlidir. Lakin təəssüflər olsun ki, cəmiyyət əksərən bunun “ailədaxili məsələ” olduğunu düşünüb müdaxilə etməyi YERSİZ hesab edir. Bu təfəkkürdəki insanların yetişdirdiyi şəxslər də psixoloji şiddəti norma və ya sevginin bir “parçası” olaraq görür.

efsane rusttemova

Bəlkə də cəmiyyətdə daha fundamental dəyişikliklər etmək üçün belə qanunlarla yanaşı “davranış normaları”, “vəzifə və məsuliyyət” kimi anlayışlar bir elm kimi bağçadan etibarən tədris olunmalı və insanlar bundan “imtahan” verməlidir. Əlbəttə ki, digər sertifikatların işə yaramadığı kimi bu da bizi tamamilə heç nədən sığortalamayacaq. Lakin ortada olan və cəmiyyətin yönləndirməsi  ilə tərəf seçən kəsimi ələ almaq üçün bu lazımdır.

Psixi zorakılığın sübut olunması çətin olduğu qədər, verilən cəzadan sonra şəxsin daha da hiddətlənib bunu fiziki zorakılıqla əvəzləməsi də rastlana bilinəndir. Məhz buna görə də fundamental həll üçün çabalamağın daha qalıcı təsiri olacağına inanıram.”

SAHIB ALTAY

Sosioloq Sahib Altay isə məsələyə aşağıdakı kimi münasibət bildirdi:”Hüquq növbəti cinayətlərin  qarşısını almağa qadir deyil və sadəcə qorxu effekti yaradır. Ancaq hər qeyri-hüquqi davranışların önlənməsi üçün hüququn sözdə mövcudluğu yox, mövcud hüququn arxasında hüquqi düşüncənin dayanması önəmlidir. Əks təqdirdə istənilən mövzuda qəbul edilən qanunnamə faydasızdır.”

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir