Ulker Memmedova

Məktəblərdə bulllinq: problem və Azərbaycan qanunvericiliyinin fonunda həll və perspektivlər

Baxış sayı: 29. 720

Müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas problemlərdən biri məktəblərdə bullinq-yəni zorakılıq, psixoloji və ya fiziki təzyiqlərdir. Uşaqların psixoloji inkişafına mənfi təsir göstərən bu problem, təhsil müəssisələrinin sağlam mühitini pozmaqla yanaşı, gələcək nəsillərin sosial uyğunlaşmasına da mane olur. Azərbaycanda bu problemin mövcudluğu artıq cəmiyyətin və dövlətin diqqət mərkəzinə çevrilib.

 

Bəs bullinq nədir?

Bullinq, bir və ya bir neçə şagirdin digər şagirdə qarşı davamlı şəkildə zorakılıq, təhqir, alçaltma, qorxutma və ya sosial təcrid etmə davranışlarıdır. Bu davranışlar fiziki, psixoloji və ya kiber məkanlarda (sosial şəbəkələr, mesajlaşma tətbiqləri) baş verə bilər. Məktəblərdə bu hallar, xüsusilə müəllim və valideyn nəzarətinin zəif olduğu şəraitdə daha tez-tez müşahidə olunur.

 

Bullinqin səbəbləri

Bullinqin yaranmasında müxtəlif faktorlar rol oynayır:

-Ailədə və ya cəmiyyətdə zorakılıq hallarının olması;

-Valideyn nəzarətinin zəifliyi və ya uşağın laqeyd böyüdülməsi;

-Psixoloji problemlər və emosional qeyri-sabitlik;

-Məktəbdə zəif nəzarət mexanizmləri;

-Sosial status fərqləri, irq, din və ya fiziki xüsusiyyətlərə görə diskriminasiya

 

Bullinqin nəticələri

Bullinqə məruz qalan şagirdlərdə aşağıdakı nəticələr müşahidə oluna bilər:

-Özünə inamın itməsi, depressiya və təşviş pozuntuları;

-Akademik nəticələrin pisləşməsi;

-Məktəbdən yayınma və sosial təcrid;

-Daha ciddi hallarda intihar meylləri və uzunmüddətli psixoloji travmalar

 

Azərbaycanda bullinqlə bağlı qanunvericilik

Azərbaycanda birbaşa bullinqə həsr olunmuş ayrıca qanun mövcud olmasa da, bu məsələyə müxtəlif hüquqi aktlarda dolayısı ilə toxunulur:

1) Azərbaycan Respublikasının Konstitusiyası – Hər bir vətəndaşın şərəf və ləyaqətinin qorunması hüququnu təsbit edir (maddə 46).

2) Təhsil Qanunu-Təhsil müəssisələrinin sağlam psixoloji mühit yaratmaq və şagirdlərin hüquqlarını qorumaq vəzifəsini müəyyən edir.

3) Uşaq hüquqları haqqında qanun- Uşaqların istənilən zorakılıq formalarından qorunmasını nəzərdə tutur.

4) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Təhsil Nazirliyinin normativ aktları-Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsini və zorakılığın qarşısının alınmasını təşviq edir.

2022-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəblərdə zorakılığa qarşı xüsusi təlimatlar və qaydalar hazırlanmış, psixoloq ştatlarının artırılması təklif olunmuşdur. Eyni zamanda, bəzi məktəblərdə bullinqin qarşısını almağa yönəlmiş maarifləndirici proqramlar tətbiq olunur.

 

Həll yolları

Bullinqin qarşısını almaq üçün aşağıdakı addımlar atılmalıdır:

Maarifləndirmə: Şagirdlər, valideynlər və müəllimlər bullinqin nə olduğunu və onun nəticələrini bilməlidir.

Psixoloji dəstək: Məktəblərdə mütəmadi psixoloji qiymətləndirmə və dəstək verilməlidir.

Məktəb siyasəti: Hər məktəbdə zorakılığa qarşı sıfır tolerantlıq siyasəti formalaşdırılmalıdır.

Valideyn-məktəb əməkdaşlığı: Uşağın davranışında və əhvalında dəyişiklik olduqda valideynlərlə mütəmadi əlaqə saxlanılmalıdır.

Rəqəmsal nəzarət: Kiberbullinqin qarşısının alınması üçün rəqəmsal təhlükəsizlik və etik davranış qaydaları tədris edilməlidir.

 

Nəticə

Məktəblərdə bullinq təkcə fərdi problem deyil, həm də ümumi təhsil sisteminin və cəmiyyətin yaralı yeridir. Fərd sağlam olmazsa, cəmiyyətdə də sağlam inkişafdan söhbət gedə bilməz. Bullinq son vaxtlar qlobal bir problemdir və daim diqqət mərkəzində saxlanılmalı, qabaqlayıcı tədbirlər görülməlidir.

 

Psixoloq Ülkər Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir