AILE BUDCESI

Mərci şorbası iki manata: kişidən pul qopartmaq mümkün olacaqmı?

Baxış sayı: 672

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin “kişi ev işlərinə görə həyat yoldaşına pul ödəsin” ifadəsi bir anda sosial şəbəkənin trendinə çevrildi Bu fikrin qızğın müzakirə predmeti olması hətta deputatın özünə də qəribə göründü.

Niyə yüzlərlə manat dəyəri olan vaxtımı məişətə sərf etməliyəm?

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deputatın söylədiyi tezisin belə bir rezonans doğuracağını heç kim gözləmirmiş. Musa Quliyev hətta əlavə açıqlama verərək qarşıdurma yaratmış fikrinə bir neçə yeni çalar qatıb. Çünki belə bir təklifi bir tərəfdən kişilər bəyənməyib, digər tərəfdən isə qadın toplumunda bir çaxnaşma baş verib.

Musa Quliyev: “Gəncə heç vaxt mühafizəkar şəhər olmayıb” - BBC News Azərbaycanca

Deputat növbəti açıqlamasında həm qadınları, həm də kişiləri razı salmağa çalışaraq bildirib ki, ailənin yükünü çiynində daşıyan qadın əməyinə lazımı dəyər verilmir. Digər tərəfdən Quliyev kişilərə də “narahat olmayın, belə bir qanun qəbul olunmayacaq” deyə müraciət edib. O, həmin konfransda səsləndirdiyi digər vacib fikirlərə biganə yanaşmadan da narahatlıq ifadə edib.

Musa Quliyevin fikrini bir neçə tanınmış qadın yazar da dəstəkləyib.

Məsələn, yazıçı Günel Mövlud öz zamanının olduqca qiymətli olduğunu vurğulayaraq yazıb:

“Mənim gündə uşaqlara, evin təmizlənməsinə, yemək bişirməyə sərf elədiyim vaxtın hesabını kim ödəməlidir? Axı bunları mən tək edirəm, bu işlər bölünmür. Mən niyə yüzlərlə manat dəyəri olan vaxtımı məişətə sərf etməli və qarşılığında heç nə almamalıyam? Ya ədalətli iş bölgüsü ya maaş. Qadın istismarına son!”

 

Həyat yoldaşı ya qulluqçu?

Bu fikrin belə qarşılanması problemin ciddiliyinə dəlalət edir. Kişi öz qadınına maaş verməlidirmi? Verməlidirsə, bunu necə etməlidir? Pul münasibətinə keçid olarsa, kişi həmin qadına həyat yoldaşı kimi baxmalıdır, ya qulluqçu kimi?

Qızğın polemikada bir-birini döyəcləyən tərəflər heç də məsələnin mahiyyətini anlamaq istəmirlər. Cəmiyyət olaraq biz hələ də günün reallığını duya bilmirik, yəni beynimizdə qurduğumuz ideal modelə görə hərəkət edirik. “Əsil qadın necə olmalıdır” sualının cavabında adətən “ərinə, uşaqlarına yaxşı baxmalı, dadlı yemək bişirməli, ev-eşiyini güzgü kimi paralıdatmalıdır” kimi cavab eşidirik.

Ümumi fikrə görə, pal-paltar təmiz, həmişə ütülü olmalı, evə gələn qonağın qarşısına evdəki yeməyin ən yaxşısı verilməlidir. Həyat yoldaşı çay deyəndə, ortaya pürrəngi çay gəlməlidir. Qadın yuduğu qab-qacağı da dəsmalla silməlidir, birdən çaşıb qonağa yaş stəkanda çay verərsə, belə qadının qiyməti o dəqiqə aşağı enər. Özü də qab və stəkan mütləq dəst olmalıdır.

Kişi haqqında da olan təsəvvür paketi təxminən belədir: pul qazanan, ailəsinə baxan, vaxtı-vaxtında bazarlıq edən, evdəki təsərrüfat problemlərini zamanında həll edən birisi olmalıdır. Həm də bir az zəhmli olsa, yaxşıdır. İdeal kişi qayınana-qayınatanın qayğısına qalmalı, həyat yoldaşının qohum-əqrəbasına əl tutmalı, xeyir-şər işlərində fəallıq göstərməlidir.

Hər bir toy üçün yoldaşına yeni geyim, ayaqqabı almalı, makiyaj və baş düzümü üçün xeyli məbləğ ayırmalıdır. Ustalığı olsa, lap yaxşı olar. Yeri gələndə evin xırda təmirini də görər.

aile problemi

Ütülədiyi paltara söz olmaz

Həyat isə bu ideal qadın-kişi modelindən xeyli fərqlidir. Bu gün qadın da kişi kimi iş başındadır, səhər gedir, axşam gəlir. Yaxşı gəliri varsa, ev işlərindən bir çoxunu elə kənar şəxslərə ötürür. Hər bir yaxşı həkim qadının ev-eşiyini yığışdıran, paltarını yuyub ütüləyən, səliqə-sahman yaradan birisi var. Xanım ola bilər evində yalnız yemək bişirsin, çünki bu işə hər adama həvalə etmək olmaz.

Əgər xanım işləmirsə, evdar qadındırsa, bu halda da bütün işlərin öhdəsindən rahatlıqla gəldiyini demək olmaz. Qadın var, yemək bişirməyi sevməz, məcburiyyətdən bişirər deyə ailə üzvləri onun yeməyini boğula-boğula yeyərlər. Amma ütülədiyi paltara söz olmaz. Özünü də bəzəyər, kişisini də. Ev yığışdırmağı sevməyən qadın da az deyil, cavan yaşında anası kömək edər, yaşlananda qızı. Sonra da yır-yığış işini bacaran birisini tapar özünə.

 

Kişi çayxanada gün keçirəndə…

Öz əskik işini hər bir qadın yaxşı bilir. Əlindən hər bir gələn qadın tapmaq yayda qar əldə etmək qədər çətindir. Beləsi ələ düşməz. Bu gün evlərdə paltaryuyan, qabyuyan, şirəçəkən kimi müxtəlif texnika növü var. Hətta robot-tozsoranı evə buraxıb özü istirahət edən qadın da az deyil. Bu rahatlığın xərcini kişi ödəyir, əvvəlcə texnikanı əldə edir, sonra da tələb olunan texniki xidməti də təmin edir.

Kişi də göründüyü kimi ideal deyil. Nə kifayət qədər pul qazanır, nə də qayınanasını sevmir. Toya getməyən, pul xərcləməyən nə qədər insan var. Nə evini təmir edər, nə uşaqlarına baxar, nə də arvada diqqət yetirər. Gününü pivə barında, çayxanada keçirən nə qədər kişi var. Evi qoyub qaçar bir növ. Heç ata-anasına baş çəkməz.

Əgər belə kişinin həyat yoldaşı özünə bənzəsə, onda bu ailədə normal güzəran olmaz. Kişi çayxanada gün keçirəndə, arvad da “mol”ları gəzəcək. Özü də əlindəki pulu kolbasaya xərcləyib sonra bir ay ailəyə makaron yedizdirəcək. Biri od olanda, gərək digəri su ola. Bir-birinin əyər-əskiyini örtərlər.

aile budcesi

Nə kişi, nə qadın pulu yoxdur

Nə ideal kişi var, nə də qadın. Bizim beynimizdə olan o modelin heç biri işləmir axı. Bu gün nə bulaqdan su daşıyan xanım var, nə də atı nallayan kişi. Su birbaşa evə axır, atı da yalnız kinoda görürük. Ətrafımız fərsiz kişi, heç bir bacarığı olmayan qadınla doludur.

Hərə bir cürdür, qadın var, ərinin oğurladığı pulla qiyməti ikiotaqlı mənzilə bərabər məbləğə bir şüşə şərab alır, amma özünü heç yada salmır. Qadın da var, adi bir lampanı dəyişməyi bacarmayan həyat yoldaşını başında gəzdirir. Hərənin bir yanaşması var, pul oldu-olmadı, ailəsində xoşbəxt ola bilən qadın az deyil. Pul hərisi olan da var, olmayan da.

Ailədaxili münasibəti hansısa maliyyə müstəvisinə keçirmək fikri olduqca qüsurlu və təhlükəlidir. Azərbaycanda ailə bu gün də pulla ölçülməyən, əvəzsiz bir nemət kimi qəbul edilir. Əgər qadın kişidən hər yediyi mərci şorbasına görə 2, kişi isə qadından hər dəyişdiyi elektrik mənbəyinə görə 10 manat tələb edərsə, bu işin axırı olmayacaq.

Pul tələb etməklə çox uzağa gedib çıxarıq. Nə qədər bu fikirdən uzaq olsaq, bir o qədər yaxşı dolanarıq, mehribanlıq olar ailədə. Harada pul münasibəti qabardılır, orada həmişə dava-qırğın, problem də azalmaq bilmir. Nə kişi, nə qadın pulu yoxdur, ailənin ümumi büdcəsi var, onu da birgə sərf etmək gərəkdir.

 

Ismayıl Rafiqoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir