ders

Müəllimlər üçün maraqlı yenilik: ideya yaxşıdır, əməldə korlanmasa

Baxış sayı: 498
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilib. Nazirliyin rəsmi saytında bu barədə qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.Müsabiqə üzrə tələblərə gəldikdə isə, bildirilib ki, müsabiqədə ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər iştirak edə bilərlər: “Müsabiqədə iştirak etmək istəyənlər maraqlı və innovativ keçən tədris anını video formatda qeydə almalıdırlar. Müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif ediləcəklər”.

Müsabiqə barədə fikirlərini bölüşən təhsil eksperti Qoşqar Məhərrəmov müsabiqənin gənc müəllimləri maraqlandıracağı fikrindədir: “Bilirik ki, vloqerlik artıq dünyada məşhurlaşan fəaliyyət sahəsidir. Müəllimlər tərəfindən yaxşı təcrübələrin bölüşülməsi baxımından bunu müsbət addım kimi dəyərləndirə bilərik. Yəni kimlərinsə yaxşı təcrübələri varsa, videoqeydə alıb paylaşacaqsa, bu, çox yaxşı addım olar. Yox, əgər sadəcə müsabiqədə qalib olmaq üçün nəsə etməyə çalışacaqsa, bu, təhsil prosesinə mənfi təsir də göstərə bilər”.

Onun fikrincə, müəllimlər təhsil prosesində fəaliyyətini videoya çəkməyə deyil, keyfiyyətə və təlim nəticələrinə fokslanmalıdırlar: “Əgər müsabiqə hansısa müəllimdə bu cür nəticələnəcəksə, bu, arzuolunmaz hal olar. Düşünürəm ki, müsabiqənin keçirilməsi ideyası yaxşı təcrübələrin yayılmasını təmin etmək niyyətindən irəli gəlib”.

“Lakin hər bir yaxşı işdə, yaxşı niyyətdə olduğu kimi bu işdə də proses nəticəsində mənfi nəticələrlə qarşılaşa bilərik. Məlumdur ki, hazırda qrant müsabiqələrində başqalarına layihə yazdıranlar, bunun üçün əlavə pul ödəyənlər var. Yaxud da bundan əvvəlki pedoqoji mühazirələr müsabiqəsində müəllimlər özləri yazmadıqları halda mühazirələri başqalarına yazdıraraq müsabiqəyə qoşulurdular. Yəni belə nümunələr də olur. Bu müsabiqədə də belə halların olması istisna edilmir”, – deyə Məhərrəmov söyləyib.

Əlavə edib ki, müsabiqənin Təhsil Nazirliyindən tərəfindən yox, hansısa təşkilat, QHT tərəfindən həyata keçirilməsini daha maraqlı hesab etmək olardı.

Paytaxtdakı 274 nömrəli məktəbin müəllimi Gültəkin Behbudzadə AYNA-ya açıqlamasında müsabiqənin müsbət tərəflərinə köklənməyin tərəfdarı olduğunu deyib: “Təbii ki, hər şeydə mənfi və müsbət tərəflər var, amma mən bu müsabiqənin müsbət tərəflərinə fokuslanmağın tərəfdarıyam. Çünki bu eyni zamanda, digər müəllimlərin də bir-birindən öyrənməsinə səbəb ola bilər. Məsələn, mənim ilk dəfə dərslərimi indi keçdiyim kimi keçməkdə xarici müəllimlərin postlarının və videolarının böyük rolu olub. Bir növ onlar mənim daxilimdə olanın üzə çıxarılmasında vasitəçi oldular. Buna görə onlara həmişə minnətdar olacam”.

“İndi ola bilər ki, mənim dərsdən müəyyən paylaşımlar etməyimi kimsə reklam olaraq görəcək, lakin mən məsələyə başqa istiqamətdən baxıram. Ola bilər ki, məni tanıyan bir müəllim Amerikadakı, Türkiyədəki hansısa müəllimi tanımır, amma məni tanıyır, məndə görüb özünün də edə biləcəyinə, hətta daha çoxunu edə biləcəyinə inana bilər. Bu baxımdan yanaşdığımda müsabiqə ilə bağlı bir problem görmürəm”, – deyə həmsöhbətimiz bildirir.

O, başqa bir məqama da toxunub: “Bizim cəmiyyətdə müəllimlər haqqında formalaşmış bir fikir var. Bu yenilikçi müəllimlər o fikirləri alt-üst etməkdə rol oynaya bilərlər. Müsabiqədə müəllimlər səmimi olsalar, yəni açıq dərs günündə, 1 ay hazırlıq etmədən, həmişə keçdikləri kimi dərslərini keçib sadəcə çəkiliş etsələr, heç bir problem yoxdur”.

Müəllim videolarla bağlı ən çox rastlanan tənqidlərə də münasibət bildirib: “Tənqidlər arasında uşaqların üzünün görünməsi və valideynlərdən icazə alınması ilə bağlı fikirlərlə razıyam. Məncə, icazə mütləq lazımdır. Baxmayaraq ki, izləyici kütləm elə də çox deyil, amma video çəkərkən şagirddən, paylaşarkən də valideynlərindən icazə alıram”.

“Fenomenlik bir yerdə çətinlik yaradır, amma onun da müsbət tərəflərinə baxmaq lazımdır. Məsələn, düşünürəm ki, bir çoxumuzun tanıdığı Leyla müəllimin fenomenliyindən özündən çox şagirdləri yararlandı”, – deyə Behbudzadə fikrini yekunlaşdırıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov  qeyd edir ki, müsabiqədə müəllimlərlə yanaşı digər sahədən olan şəxslər də iştirak edə bilərlər: “Müsabiqədə əsasən müəllimlərin iştirakı tövsiyə olunandır. Lakin valideynlər, media nümayəndələri və s. iştirak edə bilərlər. Bu işdə digər sahələrdən də peşəkar şəxslərin iştirakı sevindirici hal olar. Müsabiqədə iştirak barədə informasiyada müəllimlərin iştirakı ilə məhdudlaşdırmaya səbəb isə bu işin özfəaliyyətə çevrilməsini istəməməyimizdəndir”.

 

 Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir