nermine abbasova

Nərminə Abbasova: “Bəlğəmin rəngi ağ rəngdən sarı və yaşıla çevrilirsə, bu, xəstəliyin ağırlaşmasıdır”

Baxış sayı: 348

Öskürək mövsüm dəyişikliyi ilə artan xəstəliklərdən biridir. Demək olar, hər yerdə insanların şiddətlə öskürdüyünü görürük. Uşaqların, gənclərin və yaşlıların davamlı öskürəkləri hamını qorxuya salır.

Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, ağciyərlərin xaricdən gələn kimyəvi, mexaniki və ya temperatur fərqliliyi yaradan faktorlara qarşı yaranan bir refleksi olan öskürək, meydana gəlmə forması ilə müxtəlif mənalar daşıyır. Onun sözlərinə görə, öskürəyi tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn, bədənin özünü müdafiə mexanizmi kimi qiymətləndirmək olar.

Oxucularımızı əsasən hansı tip öskürəklərin hansı xəstəliklərin əlamətləri olması maraqlandırır.

Nərminə xanım deyir ki, sağlam insan nəfəs borusunun “yad” olaraq qəbul etdiyi bəzi yeməkləri və maddələri bayıra atmaq üçün öskürür. Ailə həkimi qeyd etdi ki, ətrafdan gələn bir tüstü qoxusu və ya kəskin bir yuyucu vasitənin qoxusu da öskürəyin səbəbi ola bilər. Onun sğzlərinə görə, bədənin müdafiə mexanizmləri arasında önəmli yer tutan öskürək -nəfəs yollarında (traxeya və bronxlarda-red.) əmələ gəlir və bəlğəmin bayıra atılmasını təmin edir:

“Bu təbii mexanizmlərdən başqa bəzi xəstəliklərin ilkin əlaməti olan öskürək uzun müddət davam etdikdə, insanın əmək qabiliyyətini aşağı salır. Öskürək hava-damcı yolu ilə bəzi infeksion faktorların digər şəxslərə yayılmasına yol açır, məsələn vərəm, sətəlcəm-pnevmoniya və sair. Ani olaraq yaranan öskürəklər astmatik krizin başlamasını ifadə edə bilər. Onu da deyim ki, öskürək sadəcə ağciyərlərdən deyil, qulaq zarı-pərdəsi, burun, sinuslar, ağciyər zarı, mədə və diafraqmadan da başlaya bilər. Sinusit, bronxit, laringit, uşaqlarda çox tez-tez rast gəlinən bronxiolit, soyuğa həssaslıq, çoxlu siqaretçəkmə, tozcuqlar və ev tozları ən çox öskürək yaradan xəstəlik və faktorlardır. Öskürəyin şəkli, sıxlığı, inkişafı ciddi təqib edilməlidir”.

Öskürəyin tipləri və səbəblərindən bəhs edən həkim bildirdi ki, əgər insan zəiflik, halsızlıq və quru öskürəkdən şikayət edirsə, bu, bəsit yuxarı tənəffüs yolu infeksiyasını xatırladır. Onun sözlərinə görə, əgər əlamətlər uzun müddət, yəni 2-4 həftədən artıq davam edərsə, digər xəstəliklər haqqında düşünmək olar:

“Öskürək bəlğəmli və tez-tez olursa, buna hərarət də qoşulmuşsa, sətəlcəmin (pnevmoniya) əlaməti ola bilər. Öskürdükdən sonra bayıra çıxarılan bəlğəmin rəngi xəstəliyi dəyərləndirməkdə həkimə böyük kömək edir. Bəlğəmin rəngi ağ rəngdən sarı və yaşıla çevrilirsə, bu, xəstəliyin ağırlaşmasından xəbər verir. Qanlı bəlğəmdə isə hər şeydən əvvəl ağciyər xərçəngi və gecikmiş vərəm ağla gəlməlidir”.

Həkim deyir ki, öskürək refleksi gedişinə görə kəskin və xronik olmaqla iki qrupa bölünür: Kəskin öskürək, Xroniki öskürək. Həkimin sözlərinə görə, əgər öskürək qəflətən baş verirsə uşaqlarda infeksiya və yad cismin nəfəs yoluna düşməsi haqqında fikirləşmək lazımdır. Böyüklərdə isə zərərli kimyəvi qazların tənəffüs yollarını qıcıqlandırması ola bilər:

“Xronik, yəni uzunmüddətli, 3 aydan uzun sürən öskürəyə gəlincə, bu, uşaqlarda astma, mukovissidoz adlı genetik xarakter daşıyan xəstəliklər zamanı rast gəlinir. Yaşlılarda isə xroniki öskürək bəlğəmin ifrazı ilə müşayiət olunursa, bu halda astma, xroniki bronxit, xərçəng, vərəm, ürək çatışmazlığından şübhələnmək olar. Xroniki bəlğəmsiz öskürəyin səbəbləri bunlardır: sinusitlər, astma, qida borusu reflüksü və bəzi təzyiq dərmanlarının əlavə təsirləri. Qeyd edim ki, uzun müddət ərzində davam edən öskürək psixoloji də ola bilər. Bu öskürək narahatlıqla bağlı olaraq ortaya çıxa bildiyi kimi, həyəcanlandıqda və əsəbləşdikdə də ortaya çıxa bilir”.

 

Ailə həkimi vurğuladı ki, uşaqlarda öskürək diqqət çəkmək istəyi ilə də əlaqədar ola bilər.

Nərminə xanım deyir ki, uşaqlarda göyöskürək xəstəliyində meydana çıxan öskürək də ani, təkrarlanan və çox güclü olur:

“Tək bir nəfəsdə otuza qədər olan və nəfəsalmaya imkan verməyən təkrar tutmalar olur. Bu səbəbdən xəstə uşaq boğulmağa başlayır və göyərir. Belə kriz tutmaları gün ərzində 15-20 dəfə təkrarlana bilər. Bəzən belə tutmalar qusma ilə sona çatır. Qusma ilə bitən digər öskürək tipləri isə burun axıntısı ilə bağlı olan öskürəklərdir”.

Ailə həkimi astma öskürəyi və rüflüks öskürəyi barədə də oxucularımızı məlumatlandırdı:

“Öskürəyin gecə yuxudan oyandırıb-oyandırmaması həm uşaqlarda həm də böyüklərdə astma xəstəliyinin təqib və müalicəsində çox önəmli bir göstəricidir. Əgər xəstə səhər erkən saatlarda səbəbsiz və ya quru öskürəklə oyanırsa, bu, astma xəstəliyindən xəbər verə bilər və ya müalicə edilməkdə olan astma dərmanlarının dozalanmasının kifayət qədər olmadığının göstəricisidir. Belə xəstələrdə gün ərzində edilən müayinə nəticələri və tənəffüs testləri normal olur. Gecələr isə nəfəs yolları daralmış olur, yataqda olduqda burun axıntısı artır və səhər ayıldıqda ağciyərlərə yığılmış bəlğəmi xaric etmək üçün öskürək tutmaları baş verir.

Reflüks xəstəliyi olan insanlarda isə gecələr uzanmış vəziyyətdə mədə şirəsi geriyə axaraq, nəfəs borusuna və səs tellərinə düşür. Belə vəziyyətdə quru və şiddətli öskürək yaranır. Buna görə də reflüksü olan xəstələrə hündür yastıqda yatmaq məsləhət görülür”.

Ailə həkimi bildirdi ki, yemək yeyərkən yaranan öskürək udma aktının pozulması olan yaşlı və ya beyin fəaliyyəti pozulmuş insanlarda, məsələn, beyin iflici keçirmişlərdə və ya yenidoğulmuş uşaqlarda anadangəlmə olan yemək borusu ilə nəfəs yolları arasında əlaqənin olması ilə bağlıdır. Yeməkdən sonra yaranan öskürəklər reflüks, mədə yırtığınının əlaməti ola bilər:

“Gələk siqaret öskürəyinə. Siqaret öskürəyi çox tipik bir öskürəkdir. İlk əvvəl quru başlayan və illər sonra siqaretin bronxlarda yaratdığı təbəqə ilə əlaqədar bol ifrazatlı, adət etdiyimiz şəklə düşür və adətən səhər vaxtlarında bəlğəm ifrazı ilə müşayiət olunur. Belə öskürək təkrarlanan olur və bəlğəm bayıra atıldıqda insan rahat nəfəs alır. Siqaret çəkənlərdə qeyd edilən öskürək mütləq araşdırılmalıdır. Yəni onlarda ağciyər xərçəngi, bronx xərçəngi, səs tellərinin xərçəngi olma riski yüksəkdir. Bəlğəmdəki qan, yeni yaranan və dərinləşən səs batması, səsdə xırıltılar xərçəngin əlamətləri ola bilər. Ümumiyyətlə, siqaret çəkən insanlar ardıcıl olaraq iki ildə 3 aydan çox bəlğəmli öskürüb bəlğəm ifraz edirlərsə, buna XOAX – xroniki obstruktiv ağciyər xəstəliyi – deyilir. XOAX həyat fəaliyyətini aşağı salan bir xəstəlikdir. Bu barədə oxucularınız üçün maraqlı olarsa, növbəti söhbətimizdə danışaram.

Məlumat üçün onu da deyim ki, öskürəyin müalicəsi çox zaman sadə olur. Lakin bəzən xəstəlik dərinləşir və ağırlaşır, antibiotik müalicəsi lazım gəlir. Nəzərə almaq lazımdır ki, astma ilə əlaqəli öskürək antibiotik müalicəsinə cavab vermir. Bu xəstələrdə inhalyasiya və antiallergik dərmanlar təyin edilir.

Qeyd edim ki, allergiyalı insanların dörddə birində reflüks xəstəliyinin olması mümkündür. Belə vəziyyətlərdə mütləq endoskopiya edilməli və antiasid preparatlar təyin edilməlidir. Reflüksü olan və müalicəyə baxmayaraq gecə öskürəyi olan xəstələrə axşam az qida qəbul etmək və yeməkdən ən azı 4 saat sonra yatmaq məsləhət görülür. Belə xəstələr mütləq hündür yastıqda yatmalıdır.

Ürək çatışmazlığı ilə əlaqəli müalicə alan xəstələrdə isə gecə öskürəyi hələ də varsa, mütləq həkimə müraciət edilməlidir. Bu öskürək müalicənin yetərli olmadığını və ya xəstəliyin ağırlaşdığından xəbər verir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir