Nermine Abbasova

Nərminə Abbasova: “Bud-çanaq, diz, ayaq-topuq oynaq qığırdaqları dağılmağa başlayır və…”

Baxış sayı: 501

İnsan oynaqları üzərində bədən ağırlığını saxlayır, tarazlayır. Gənc yaşlarında oynaqların qığırdaqlarını diqqətdə saxlayıb, qayğısına qalmadıqda, yaşlananda oynaqlarımız tamam dağılır. Yalnız bu baş verdikdən sonra müalicə barədə düşünməyə başlayırıq.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bizimlə söhbətdə oynaqlarımızı necə qorumaqdan, oynaqlarda yeyilmə, qığırdaq dağılmasının niyə baş verməsindən və çıxış yolundan danışdı.

Nərminə Abbasova təəssüflə qeyd etdi ki, bu gün oynaq qığırdağı yeyilməsi problemi ilə müraciət edənlər əsasən gənclərdir:

“Xəstələrin böyük hissəsi qadınlardır. Qadınlarda reproduktiv yaş dövründə hər menstrual tsikldən sonra əsas qadın hormonu olan progesteronun səviyyəsi çox aşağı düşür ki, bu da kalsium duzlarını bədəndən çıxarır. Sümüklərdə kövrəkləşmə, osteoporoz yaranır. Bu isə gələcəkdə müəyyən yaş dövründə sümük, dayaq aparatı xəstəliklərinə, oynaq qığırdağın yeyilməsinə səbəb olur”.

Həkim-terapevt bildrdi ki, belə problemlər Azərbaycan xanımlarında çoxdur. Bir səbəbi də artıq çəki, hərəkətsizlikdir:

“Bəzən biz unuduruq, çəkimiz artdıqca oynaqların üzərinə düşən ağırlıq, yük artır. Biz çəki yığdıqca oynaqlarımız böyümür. Oynaqlar 25 yaşa kimi formalaşır, sonra inkişafı dayanır, ölçüsü nədirsə, ömür boyu da elə qalır. Gənc bir insan 25 yaşında 50-60 kq olur, amma 40 yaşında kökəlib 100 kq-a çatır. Buna oynaqlar necə tab gətirsin, təbii ki, qığırdaqlar yeyilər.

Kişilərdə idmana bağlı çəki artımı tam başqadır. İdmanla əzələ kütləsi artdığı üçün əzələ oynaqlara düşən yükü üzərinə götürür. Nə qədər ki, insan cavandır, onun çəkisini əzələ və skeleti daşıyır. İnsan aktiv həyat keçirsə, fiziki aktiv olsa, əzələlər bir o qədər tonusda qalır”.

 

“Ağrılar o zaman başlayır ki…”

“Zaman keçdikcə çəki artıqlığı, hərəkət azlığı və üstəlik orqanizmin yaşlanması yükü oynaqların üzərinə atır” deyən Nərminə xanım bildirdi ki, beləcə bud-çanaq, diz, ayaq-topuq oynaq qığırdaqları dağılır. Sıxılma çox olur deyə, qığırdaqlar zədələnir. Qığırdaq tədricən tamamilə yeyilir, oynaq, sümük oynaqları deformasiyaya uğrayır və ağrılar başlayır:

“Oynaqlarda ilk ağrılar yaranır, qığırdaqların yeyilməsi ilə bağlı ilk şübhə yaranır. Amma insanlarımız sağlam müalicə əvəzinə mazla, dərmanla, masajla ağrıları müvəqqəti sakitləşdirir və beləcə illəri keçirir. Halbu ki ilk vaxtda mütləq travmatoloq və ya ağrı mütəxəssisinin müayinəsindən, həmçinin sadə bir rentgendən keçməlidirlər. Orda oynaqlar arası məsafədə daralmanın, oynaqda iltihabın olub-olmaması görünür. Bunlar bizə yetər ki, problemə uyğun olaraq, müalicə və qabaqlayıcı tədbirlərə başlayaq. Oynaq qığırdağı dağılmağa başlayırsa, orqanizmin onu bərpa etmək imkanı yoxdur. Çünki oynağın qidalanması oynaq arası mayedəndir. Oynaqlar yeganə orqandır ki, qan dövranı yoxdur. Heç bir maz, ağrıkəsici, iynə-dərmanla onu bərpa edə bilməyəcəksiz”.

Həkim-terapevt vurğuladı ki, asan müalicə metodlarından biri ozonhemoterapiya, PRP metod və gialurion inyeksiyalarıdır:

“PRP – insanın öz qanının trombositar kütləsinin oynaq daxilinə yeridilməsidir. Onu dadeyim ki, kök hüceyrə qandan alınmır, piydən alınır və cəmi bir dəfə köçürülür və bu proses əməliyyatxanada icra olunur.

Fikrimcə, ən effektiv metod ozon terapiyasıdır. Ozon oynaqda yeyilmə varsa, həmin an onun qarşısını alır, autoimmun sistemi artırır, antioksidant sistemləri gücləndirir. Beləcə oynaqda olan zədələnmə dayanır və şiddətlənmir. İlkin mərhələdə müraciət etməyin üstünlüyü budur. Cəmi bir neçə seans ozon inyeksiyası ilə gələcək əlillikdən, bahalı əməliyyatdan xilas ola bilərlər.

İkinci çox effktiv metod, bir az irəliləmiş problemlərdə peptidli gialuron turşusudur. Oynağa gialurion turşusu inyeksiyası çox edirlər. Həm oynağın qidalanmasını yaxşılaşdırır, həm də ağrıları götürür, oynaq yeyilməsinin qarşısını alır”.

 

N.Abbasova gənclərdə oynaq problemlərinin bu qədər geniş yayılmasının səbəblərindən də bəhs etdi. Bildirdi ki, narahat doğuran problem gənclərimizdə rast gəlinən avoskulyar nekrozlar, oynaq qığırdaq yeyilməsidir:

“Öz təcrübəmdən belə nəticəyə gəlmişəm ki, bir səbəb qida rasionu ilə bağlıdır. Gənclər təbii qidalardan uzaqdır, zərərli hazır qidalar yeyirlər. Bu məhsullar da qığırdaqlar üçün vacib olan mineralları vermir. D vitamini, kalsium əskikliyi yaranır.

İkinci səbəb isə gənc yaşlarda aldıqları, lakin əhəmiyyət vermədikləri travmalar, idmanda aldıqları zədələr, yol qəzalarında aldıqları yüngül əzilmələrdir. Valideynlər xüsusilə diqqətli olmalıdırlar. Gənc övladları tez-tez “dizim ağrıyır”, “oynaqlarım ağrıyır” deyirsə, “uşaqdı, keçəcək” deyə, düşünməsinlər”.
Həkim-terapevt bildirdi ki, gənclərdə oynaqları sıradan çıxaran bir səbəb də revmatizmdir. Onun sözlərinə görə, revmatizm bəzən aşkarlanır, bəzən heç xəbərləri olmur, ya da müalicə alırlar, ağrıkəsici, iltihab əleyhinə dərmanlar qəbul edirlər:

“Revmatizmin ən sevdiyi yer oynaqlardır. Revmatizmi olan gənclər mütəmadi oynaqları yoxlatmalıdır. Oynaqlarda göynəmə, ağrı, pilləkənləri çıxdıqda problem, qaçanda dizlərdə xırçıltı səsi gələrsə, mütləq ağrı müalicə həkiminə müraciət etmək lazımdır”.

 

 

Soyuq olanda, yağış yağanda bir çox gənclərdə oynaq, diz ağrıları, sümük sızıldamaları başlayır ki, həkim bu problemin də boşuna yaranmadığını vurğuladı:

“Bu, birinci növbədə gizli gedən revmatizmadan qaynaqlana bilər. Çünki soyuq havalar revmatizmin sevdiyi havadır. İsti aylarda oynaqlarda yumşalma getdiyi üçün elə də büruzə vermir. Yağışlar başlayanda revmatizm aktivləşir. Bu problemlərdə biz Hemoterapiya metodundan istifadə edirik. Yəni xəstənin öz qanını alaraq, ozonlaşdırıb venadaxili yenidən özünə qaytarırıq. Bu, həftədə iki dəfə edilir. Ozon hemoterapiya bədənin antioksidant sistemini oyadır. Antioksidant sistem orqanizmi gizli xəstəliklərdən qoruyan bir sistemdir. Bütün dünyada profilaktika məqsədilə hemoterapiya ildə iki dəfə edilir və heç bir yaş həddi də yoxdur”.

Həkim deyir ki, kök hüceyrə qərarı bütün digər metodlar effektiv olmayanda, son mərhələ olaraq verilir. Çünki müalicə deyiriksə, kök hüceyrədən sonrası yoxdur:

“Kök hüceyrə dünyada yeganə metoddur ki, yeyilmiş qığırdağı və ya nekrozlaşmış sümük toxumasını, oynaq hissələrini bərpa edə bilir. Kök hüceyrə 8-10 ay ərzində təsirini tam göstərir”.

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir