Nermine Abbasova

Nərminə Abbasova: “İnfuzion terapiyanın həcmi düzgün seçilmədikdə analoji hal yaranır”

Baxış sayı: 384

“Ağciyərlərin kardiogen ödemi – ağciyər damarlarından mayenin interstisial sahəyə və alveollara perfuziyası ilə xarakterizə olunan patologiyadır və kəskin ürək çatışmazlığının nəticəsi sayılır. Xəstəliyin başlanğıc mərhələsində pasiyentlərdə akrosianoz, taxikardiya, təngnəfəslik aşkarlanır”.

Bunu MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ağciyərlərin kardiogen ödemi ilə bağlı oxucularımızı məlumatlandırarkən bildirib.

Ailə həkimi qeyd etdi ki, patologiya inkişaf etdikcə tənəffüs yollarından ağ və ya çəhrayı rəngli köpük ifraz olunmağa başlayır:

“Ağciyərlərin kardiogen ödemi – ağciyər qovuqcuqları və ya interstisial sahədə mayenin toplanmasıdır. Adətən kardioloji anamnezi olan pasiyentlərdə müşahidə edilir. Bəzən hospitalönü mərhələdə aradan qaldırıla bilən tranzitor ağırlaşma şəklində baş verir. İlkin yardımın nəticələrindən asılı olamayaraq, pasiyent reanimasiya və intensiv terapiya şöbəsinə hospitalizasiya edilməlidir. Patologiyanın rastgəlmə tezliyi qadınlara nisbətən kişilərdə bir qədər yüksəkdir, bu da qadın cinsinin nümayəndələrində ateroskleroz və koronar patologiyanın daha gec inkişafı ilə izah olunur. AKÖ istənilən mənşəli ürək çatışmazlığında qeydə alına bilər, lakin əsasən sol mədəciyin funskional zəifliyində müşahidə edilir”.

 

Nərminə xanım ağciyərlərin kardiogen ödeminin yaranma səbəblərindən bəhs edərkən bildirib ki, ürəyin funksional pozğunluqları orqanın üzvi dəyişiklikləri, sirkulyasiya edən qanın həcminin kifayət qədər artması zamanı, eləcə də qeyri-kardiogen amillərin təsirindən baş verir. Onun sözlərinə görə, ilkin səbəbin müəyyənləşdirilməsi vacib diaqnostik mərhələ sayılır, onun əsasında müalicə sxemi tərtib olunur:

 

 

“Ürək mənşəli ödemin inkişaf etdiyi xəstəliklər sırasına sol mədəcik çatışmazlığı, sirkulyasiya edən qanın həcminin artması, ağciyərdə venoz obstruksiya, qeyri-kardial səbəblər aid edilir. Sol mədəcik çatışmazlığı – ürəyin yığılma qabiliyyətinin həqiqi pisləşməsidir. Ağciyərlərin hidrotizasiyasının ən çox rast gəlinən səbəblərindən sayılır. Müvafiq zonada lokalizasiyalaşan kəskin miokard infarktı, miokardit, aortal stenoz, koronar skleroz, hipertoniya xəstəliyi, aorta qapağının çatışmazlığı, müxtəlif genezli aritmiyalar, ÜİX zamanı müşahidə edilir.

Sirkulyasiya edən qanın həcminin artması isə kəskin böyrək çatışmazlığı, su balansının pozulması fonunda qeydə alınır. Damar daxilinə yeridilən və ya oral yolla qəbul olunan maye orqanizmdən xaric edilmədiyindən AKÖ formalaşır. İnfuzion terapiyanın həcmi düzgün seçilmədikdə, həmçinin tireotoksikoz, anemiya, qaraciyər sirrozunda analoji hal yaranır.

Ağciyərdə venoz obstruksiyasına səbəb venoz sistemin üzvi inkişaf qüsurlarıdır. Mitral stenoz, ağciyər venalarının anomal drenajı, onların hipoplaziyası, damar membranı, fibrozun formalaşması zamanı müəyyən olunur. Bununla yanaşı ağciyərdə venoz obstruksiya postoperasion çapıqlar, damarın divararalığı şişləri tərəfindən kompressiyası ilə əlaqədar baş verə bilər.

Qeyri-kardial səbəblərə gəlincə, kardiotoksik zəhərlərlə kəskin intoksikasiya, beyin qan dövranının pozulması ilə bağlı ürək fəaliyyəti və damar tonusuna cavabdehlik daşıyan nahiyələrin zədələnməsi, kəllə-beyin travmaları ürəyin funksional pozğunluqları və buna müvafiq olaraq, pulmonal ödemlə nəticələnə bilər. Patologiya əksər hallarda istənilən etiologiyalı şokun əlaməti kimi təzahür edir”.

 

Həkim deyir ki, kardiogen pulmonal ödem iki inkişaf mexanizminə malikdir. Həqiqi sol mədəcik çatışmazlığında sol mədəciyin yığılma qabiliyyəti zəifləyir. Nərminə xanımın sözlərinə görə, ürək ağciyər venalarından daxil olan qanın bütün hissəsini qova bilmir. Bu səbəbdən ağciyər venalarında durğunluq yaranır, hidrostatik təzyiq yüksəlir:

 

 

“İkinci patogenetik mexanizm hiperhidratasiya zamanı rast gəlinir. Belə hallarda sol mədəcik normal fəaliyyət göstərir, lakin onun həcmi daxil olan bütün qanın yerləşməsinə kifayət etmir. Prosesin sonrakı inkişafı həqiqi sol mədəcik çatışmazlığı ilə analojidir.

Ağciyərlərin kardiogen ödeminin 3 formalaşma mərhələsi ayırd edilir. Birinci mərhələdə iri ağciyər damarlarının gərilməsi, venula və arteriolların prosesə aktiv şəkildə qoşulması müşahidə edilir. Sonra maye interstisial sahədə toplanmağa başlayır.

Ağciyərlərin kardiogen ödeminin əlamətlərinə diqqət çəkmək istərdim. Tutma adətən gecə başlanır. Xəstə boğulma hissi ilə oyanır, əlləri ilə çarpayıya dirənərək, məcburi oturaq və ya yarımoturaq vəziyyət alır. Bu pozisiya köməkçi əzələlərin cəlb olunmasına səbəb olaraq, tənəffüsü bir qədər yüngülləşdirir. Öskürək, hava çatışmazlığı hissi, təngnəfəslik müşahidə edilir. Ağciyərlərdə məsafədən eşidilən fitverici xırıltılar, sərt tənəffüs izlənilir.

İnterstisial kardiogen ağciyər ödeminin alveolyar ödemə keçməsi pasiyentin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə edilir. Xırıltılar yaş və iri qovuqcuqlu olur. Öskürək zamanı çəhrayı və ya ağ köpük ifraz edilir. Ağciyərlərin kardiogen ödeminin ağırlaşmaları əsasən hipoksiya və hiperkapniya ilə bağlı olur. Xəstəliyin uzunmüddətli gedişində baş beyin hüceyrələri işemik zədələnir (insult), bu da gələcəkdə intellektual, koqnitiv, somatik dəyişikliklərə gətirib çıxarır.

Qanda oksigenin az miqdarda olması daxili orqanların hipoksiyasına səbəb olur, nəticədə onların fəaliyyəti hissəvi və ya tamamilə pozulur. Miokardın işemiyası daha təhlükəli sayılır, o, infarkt, mədəciklərin fibrillyasiyası, asistoliya ilə sonlana bilər. Kardiogen ödem fonunda bəzən ikincili infeksiyanın qoşulması və pnevmoniya müşahidə edilir”.

 

Ailə həkimi bildirdi ki, müalicə vaxtında aparıldıqda ağciyərlərin kardiogen ödemini aradan qaldırmaq mümkün olur:

 

“Uzaq perspektivlər ödemə səbəb olan xəstəlikdən asılıdır. Tibbi yardım göstərilmədikdə xəstə böyük ehtimalla qan dövranının pozulması, şok, baş beyin və ürəyin işemiyası səbəbindən həyatını itirir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir