Efsane R

“O qadının nə günahı var axı?!” – “NATAMAM”

Baxış sayı: 1. 515

– Tanımadığım bir qadına olan nifrət hissimlə baş edə bilmirəm.

– Ondan nifrət edəcək qədər harda tanış olmusunuz?

– Biz onunla tanış deyilik.

– Bəs necə qərar vermisiniz ki, ondan nifrət eləmək lazımdır?

– O mənim sevgilimin həyat yoldaşıdır.

Uzun bir səssizlik oldu arada. Mən müsbət və ya mənfi anlamda heç bir reaksiya vermədim. O isə mənim mövqeyimi bilmək üçün susdu. Mən ixtisasım gərəyi onsuz da reaksiya verməyəcəkdim, o bunu anlayanda sükutu pozub davam etdi:

– Hə, doğurdan e, siz psixoloqsunuz axı, işiniz gərəyi məni yarğılya, məzəmmət edə bilməzsiniz. (Səsindən kinayəsi hiss olunurdu.)

– (mən gülümsəyərək) Psixoloqlar da insandır, istənilən mövzuda şəxsi mövqeyi və fikri olur, amma məsələmiz bu deyil.  Neçə illik münasibətdən söhbət gedir?

– Hə, maraqlanırsınız ki, neçə ildi qəhbəlik edirəm?

– (üstü açılsa, hamının ona verəcəyi adı bilib özü özünü hamıdan çox incidirdi) Sadəcə maraqlıdır ki, bu duyğusal nirvanaya gəlmək üçün nə qədər aşiqlik dönəmi lazımdır?

– Mən onu doğurdan da çox sevirəm.

– Özünə etdiyin əziyyətdən sevginin qədəri hiss olunur.

– Çox yaxşı başa düşürsünüz məni.

– Çox.

– O qadının bəxti gətirib ki, sadəcə məndən öncə onunla tanış olub. Zamanlamaya görə indi o həyat yoldaşı, mən isə məşuqəsiyəm. O məni belə olmadığına inandırsa da, mən öz adımı və yerimi bilirəm. Bilirsiniz, qəribə duyğudur. İnsan tanımadığı adama necə nifrət edə bilər, necə paxıllıq duya bilər? Mən o qadını hərdən boğub öldürmək istəyirəm. Bilirəm, bu xəstəlikli duyğudur. Sadəcə mən bununla necə baş edəcəyimi bilmirəm. Ən əsası o qadının heç bir günahı olmadığını anlayıram, amma bu məni sakitləşdirmir. Mənim nəyim əskikdir axı?! Niyə mən ikinci qadın olmalıyam?! Niyə?! (Başına çırparaq ağlamağa başlayır. Mən müdaxilə etmədən özünün toparlanması üçün zaman verirəm.) O qadın nömrəsi də var məndə, baxıram hərdən, whatsappda uşaqlarının şəklin paylaşır. Onlar, doğurdan da, xoşbəxtdir. Bunu gördükcə içimdə Farizə qarşı daha çox nifrətim artır. Axı bu qədər xoşbəxt eləyib sahibləndiyin bir ailən var idisə, məni niyə inandırdın sevməyə, ailə olmağa?! Axı mən də ona yaşatdığın həyatı istəyirəm. O məni anlamır. Elə deyir ki, sənin ondan nəyin əskikdir axı, bax, ev almışam, hər həftə gəzməyə gedirik, hər gün görüşürük. Gün ərzində səninlə daha çox danışıram. Anlamır ki, mənimlə elədiyi hər şey gizlidir, qaçamaqdır. Günahdır hətta. Mən isə onun bütünlüklə mənim olmasını istəyirəm.  Bu isə mümkün deyil, çünki o ailəsinə görə heç vaxt boşana bilməz. Nə də mən onu yoldaşından ayıracaq qədər güclü və ağıllı qadın deyiləm. Belə halda geriyə nə qalır?!  İztirablı münasibət. Mən onu söyürəm, o mənim aqressiyamı anlamır və beləcə 3 il keçib.  Mən onu tanıyanda 20li yaşlarım idi, indi 30lu. O yazmayanda nəfəsim çatmır sanki, boğuluram.  O yazan kimi də alt-üst oluram. Nə edəcəyimi bilirəm.  Bir ara istədim ki, şəkilləmirizi yoldaşına yollayım.  Hətta çıxartdırmışdım da. Sonra öz-özümə dedim ki, ay Əfsun, o qadının nə günahı var axı?! O yazıq neynəsin?! (Sakitləşərək ağlamağa başladı)

 

Belə…

Bəzən belə də olur, harda səhv etdiyimizi bilirik, ancaq düzəltməyi bacarmırıq.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir