toy

Oğlanlar niyə ailə qurmaqdan çəkinirlər?

Baxış sayı: 1. 274

Oğlanların ailə qurmaqdan yayınması gündəlik həyatda rastlaşdığımız mövzulardan biridir. Hətta bu amil valideynlərin təşvişinə də səbəb olur. Evlənmək yaşı ötür deyə, oğlanı evliliyə məcbur edən qohum-əqrəbaları, valideynləri çox görmüşük. Gənclərin evlilikdən qaçmasının səbəbləri isə müxtəlifdir. Bəzən oğlanlar işi, evi, maddi durumunun yaxşı olmamasını əsas gətirərək ailə qurmağı ikinci plana salırlar.

Oxşar durum Misirdə də yaşanır. Misirli gənc oğlanlar evlilik və toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqədar olaraq evliliyi boykot edirlər. Gənclər ölkənin iqtisadi böhranı ilə əlaqədar olaraq evliliyin çox çətin olduğunu deyərək sosial şəbəkələr üzərindən “alma, evdə qalsın” adlı kampaniyaya başlayıblar. Daha sonra isə onlar bir sıra din xadimlərini, media nümayəndələrini də bu boykot aksiyasına dəvət edə biliblər. Öncə sosial media ilə başlayan aksiya getdikcə daha da geniş vüsət almağa başlayıb.

Lakin bu boykot aksiyasına “yox” deyənlərin sayı daha çox üstünlük təşkil edib. Aparılan sorğuda iştirak edənlərin 44 faizi boykota “hə”, 53 faizi isə “yox” deyib.

Maraqlıdır, ölkəmizdə oğlanların evlilikdən yayınmasına səbəb Misirdə olduğu kimi iqtisadi böhranlardır, yoxsa ortada başqa amillər var?

 

Gənc yazar Ayxan Ayvaz bildirir ki, cəmiyyətimizdə oğlanların ailə qurmamasına səbəb maddi sıxıntılar deyil:

“Əksinə, bizdə evlənmək, ailə həyatı qurmaq həmişə dəbdə olub. Bunu özünə dərd eləyən çox az sayda insan var. Maddi sıxıntıya qalsa, o zaman heç kim evlənməz. Burda bir az yeni bir həyata başlamaq qorxusu var. Bəzən kişilər bacara bilməyəcəklərindən ehtiyat edirlər.

Mən də o fikirdəyəm ki, toyla bağlı qoyulan yüklər azalsa, o zaman hamı rahat olacaq. Bəzən gərəksiz, heç kimə lazım olmayan, artıq xərcə səbəb olan adətləri sıralayırlar. Bu, problem yaradır təbii ki. Arzu edərdim ki, Azərbaycanda kişi ilə qadın evlənsin, bütün qohum-əqrəba yox. Bəzən kişi ilə qadının arasına bütün qohum-əqrəba doluşur və sanki iki tərəf deyil də, bunlar ailə həyatı qurur. Məncə, gəncləri rahat buraxmaq lazımdı, qoy özləri öz bildikləri kimi toy eləsinlər”.

 

Azərbaycanda əksər ailələrin təməlinin möhkəm olmadığını düşünən gənc yazar Eminquey Akif bildirir ki, ən adi toy adətlərindən tutmuş, evlənəndən sonrakı proseslərə qədər heç nə düzgün deyil:

“Azdırmı dəbdəbəli toy edib sonra beş-on il o toy borcunun altından çıxa bilməyənlər? Bir də xəyanət videoları məni çox qorxudur. Ona görə ki, əvvəllər ailə qurmaq deyəndə xoşbəxt, qol-boyun yaşamaq gəlirdi gözlərimin önünə, indi elə bilirəm ki, evlənən kimi yoldaşım gedib başqasıyla yatacaq. Azərbaycanda ailə qurmaq üçün əvvəlcə qızın qohum-əqrəbasıyla evlənməlisən, sonra qızın özüylə. Ayrı vaxt kişilərdən güclü olduğunu, bərabərlik tələb edən qadınlar iş maddiyyata gələndə, el dilində desək, “ər çörəyi” deyib dad edirlər.

O gün bir xəbərlə rastlaşdım. Bir kişi özünü dəyişdirib qadın eləyibmiş. İndi çıxıb deyir ki, yenidən kişi olmaq istəyirəm. Çünki qadın kimi yaşamaq sərf eləmir. Geyimə, makiyaja pul çatdıra bilmirəm. Üstəgəl də kişilər gəlib-gedib sataşır. Təsəvvür edin, indi kişilər qadınların xərclərindən nələr çəkir. Özü də ilin-günün bu vaxtı. Subaylığın dadını çıxartmaq lazımdır”.

 

Yazar Aqşin Evrənin sözlərinə görə, boşanmaların artmasının bir səbəbi ailə institutunun getdikcə çökməsi ilə əlaqəlidirsə, digər səbəbi də maddi sıxıntılardır:

“Maddi problemlərin gətirdiyi təlaş toya hazırlıq prosesində də müşahidə olunur. Buna kredit götürüb daha bahalı cehiz almaq və ya daha təmtəraqlı toy etmək üçün borca girməyi misal göstərmək olar. Bütün bunlar sırf göstəriş üçündür. Yəni tərəflər lap əvvəldən biri-birlərinə və ətrafa qarşı maddi baxımdan maskalanırlar. Sonradan isə hər iki tərəf reallığı görür və bir növ, xəyal qırıqlığı yaşayır. Deməyim o ki, toplumun toyu, ailəni biznes kimi görmək təfəkkürü kişilərdə xof yaradır. Amma istənilən halda Azərbaycanda evi olmayan bir insanın ailə qurması çox riskli məsələdir. Təbii, bu çətinliklərin öhdəsindən gələn ailələr də var”.

 

Yazar Tural Turan isə düşünür ki, 20-35 yaş arası gənclərin ailə qurmaq fikrində olmaması, ümumiyyətlə istəməməsinin əsas səbəbi sosial problemlərdir:

“Evlənmək sözünün kökü evdir. Paytaxtda yaşayan və yaşı yuxarıda qeyd etdiyimiz aralıqda olan gənclərin evlənə bilməməsinin ilk səbəbi də evlərinin olmamasıdır. Çünki ev ailənin, xoşbəxtliyin birinci hüzur mənbəyidir. Kirayədə qalmaq tikan üstə yuxulamaq, ömrü boşa vermək kimidir. Bu gün ali təhsilli nə qədər gəncimiz var ki, evsizlik üzündən ailə həyatı qura bilmir. İş buradadır. Karyerasının arxasınca paytaxta gəlib. Amma evi olmadığı üçün evlənməklə bağlı arzularının üstündən xətt çəkməyə məcbur olub. Paytaxtdakı evlərin qiymətindən xəbəriniz var.

Qiymətlər elə bil ki, adamın ürəyindən nişan alır. Ev dəllallığı ilə məşğul olan “kələntərlər” isə gənclərin ayağından vurmaqda davam edir. Yəni onları kirayələrə sürükləyir.

Qızların evdə, oğlanların iş axtarışında qaçda-qovda qarıması əslində genefondumuza vurulan zərbədir. Düşünürəm ki, aidiyyəti qurumlar bununla bağlı ölçü götürsələr yaxşı olar. İndi sosial evlər məsələsi gündəmdədir. Kimə verirlər? İmtiyazlı adama və ya imtiyazları olan gününü görüb, dövranını sürənlərə. Bir soruşan yoxdur ki, a başına dönüm, bəs bu cavanlar? Bunları hara qoyursunuz, niyə unudursunuz? Bilirsiniz, indi gör-götür dünyasıdır. Ona görə də belə diqqətsizliyi görən yeniyetmələr getdikcə əsgərlikdən yayınır. Ölkədən qaçıb gedir.

Bu da ikinci zərbə. Həmin gənclər də gedib başqa ölkənin xanımları ilə gününü görüb, dövranını sürəcək. Yaşlananda da deyəcəklər ki, indi köçü Vətənə çəkmək lazımdır.

Yəni yadlarına gəzməyə qərib ölkə məsələsi düşəcək. İtirən kim olacaq, Azərbaycan dövləti. Qazanan kimlərdir – rus təhsili, Avropa səhiyyəsi, İran və Türkiyənin nüfuzlu biznes sektorları və sair. Bir daha təkrarlayıram, maddi sıxıntılar həm oğlanların ailə qurmamasının əsas səbəbidir, həm də gənclər arasında ailə institutunu dağıdan ən böyük “xərçəng şişi”dir. Onu kəsib atmaq təhlükəlidir. Sağaltmaq isə uzun zaman alacaq. Amma indi başlamaq da gec deyil. Bu ölkə artıq iki-üç nəsil gəncliyi itirib. Heç olmasa, sonrakıları qazana bilək”.

 

Tədqiqatçı-publisist Dilqəm Əhməd də evlilik üçün mənzil sahibi olmağın vacibliyini qeyd etdi:

“Bir insanın evlənməməsinin müxtəlif səbəbləri ola bilər. Burada fəlsəfi görüşdən tutmuş sağlamlıqla bağlı problemə qədər xeyli amili sadalamaq olar. Eləcə də haqlı suallar çıxır ki, evlilik yaşını kim təyin edir? Ona görə də biz Misirdəki hadisə üzərindən məsələni konkretləşdirək. Maddi durum evliliyə, əlbəttə ki, təsir edir. Evlilik böyük məsuliyyətdir, həm də çox böyük.

Nəzərə alsaq ki, evlilikdə bir neçə ildən sonra dünyaya övlad gətirmə planı olacaq, bu baxımdan məsuliyyət 10 qat daha da artır. Ona görə də maddi imkanı olanlar və ya ailəsi tərəfindən ev və s. zəruri şeylərlə təmin olunan gənclər daha erkən ailə qurmaqda maraqlı olurlar. Bunlar olmadıqda isə ən azından minimal şərtləri təmin etdikdən sonra evlənmək lazımdır. İndiki dövrdə Azərbaycanda maaşlar elə səviyyədədir ki, nəinki bu maaşla ev almaq və ya ipoteka ilə mənzil sahibi olmaq mümkündür, təkcə özünü dolandırmaq zülm işdir. Bizdə toy mərasimi də ifrat dərəcədədir. Nişan və toy mərasimi üçün külli miqdarda pul lazımdır. Gənclər sadə mərasim istəsələr belə, valideynlər buna razı olmurlar. Mənasız mentalitet. Ev bizim kimi şərq toplumunda ocaq sayılır. Mən çox görmüşəm, kirayə həyatı yaşayan cütlüklər nadir hallarda xoşbəxt olurlar. Kirayə ev sənin olmadığına görə bütün hallarda o doğmalığı hiss etmirsən. Ona görə də evlilik üçün ev vacibdir”.

Oğlanların evlilikdən boyun qaçırması ilə bağlı problemlərin hər zaman müsəlman cəmiyyətində müşahidə olunduğunu deyən sosioloq Lalə Mehralı bildirib ki, adət-ənənələrimizə görə, hələ evlilikdən qabaq nə qədər xərclər çəkilir. Nəticədə bütün bunlar bəzi problemlərə səbəb olur: “Qızıl, geyim, ev əşyaları, bahalı qab-qacaqlar bitmək bilmir. Eləcə də Misirdə toy xərcləri çoxdur. Hətta onların adət-ənənələri bizimkindən daha ağırdır. Çünki orda dini kəbin zamanı qız nə tələb edirsə, oğlan onu almaq məcburiyyətindədir. Eləcə də qız istədiyi qədər ləl-cəvahirat tələb edə bilər. Ona görə də oğlanların etirazı başa düşüləndir. Hətta maddi imkanı yaxşı olan insanlar üçün də toy etmək Misirdə bir qədər problemlidir. Bu durumu aztəminatlı ailə üçün müzakirə etsək, görərik ki, doğrudan da etiraza səbəb olacaq məsələlər var.

Cəmiyyətimizdə əksər oğlanlar gec ailə qururlar. 15-20 il bundan əvvəl 22-23 yaşda evlilik normal sayılırdısa, indi hətta 29-30 yaşda evlənən oğlan yoxdur. Səbəb oğlanların işini qurmaması, maddi təminatının aşağı olmasıdır. Bütün bunların fonunda oğlan özünə toy etməli, ev sahibi olmalı, bütün xərcləri ödəməlidirsə, evlilik gəncləri bir qədər düşündürür. Onlar ailə qurmazdan əvvəl yüz ölçüb, bir biçirlər. Etiraf edək ki, bizim qızlarımız da tələbkardırlar.

Evlilikdən əvvəl ayrı ev istəyirlər, oğlanın valideynləri ilə bir evdə yaşamaqdan imtina edirlər, qızıl, arzuladıqları gəlinlik, sevdikləri gözəllik salonunda bəzənmək istəyirlər. Bütün xərcləri kənara qoysaq, toy günü sadəcə gəlin bəzəyi 800-1000 manat, gəlinlik donlarının bir günlük kirayəsi isə 700 manatdan 1000 manata qədər dəyişə bilir. Hətta bəzən günü 2-3 min manat olan gəlinliklər də var.

Qız tələb edir ki, bu gəlinliyi istəyirəm, həyatımda bir dəfə toyum olur. Bütün bunları hər oğlan tərəfi ödəyə bilirmi? Təbii ki, yox. Oğlan tərəfinin gəlin bəzəyi xərclərindən başqa ev almaq, təmir etmək kimi xərcləri var. Cehiz qız tərəfindən həll olunur, amma son vaxtlar şahidi oluruq ki, qız tərəfi sadəcə qab-qacaq və digər xırda əşyalar alır. “Mebeli oğlan tərəfi almalıdır” deyə yazılmamış bir qayda qoyurlar. Bu baxımdan müzakirə edəndə görürük ki, həqiqətən də toyun ən ağır işləri oğlan evinin öhdəsinə düşür. Bu özünü evlilik statistikasında da büruzə verir”.

Sosioloq lazımsız, insan həyatını dözülməz edən hər bir adət-ənənədən qaçmağın tərəfdarı olduğunu da bildirib: “Şəxsən mən cehizsiz ailə həyatı qurmuşam. Bu gün evim var. Evlə təmin olunana qədər isə hər bir əşyamız var idi. 13 ildir evliyəm və bu günə qədər yoldaşımla çalışıb evimizə nə lazımdır almışıq. Valideynlərimdən cehiz tələb etmədim. Çünki mənə cehiz vermək üçün onlar borca girməli idilər. Borcla alınan cehizin içində nə mən, nə də həyat yoldaşım özümüzü rahat hiss edə bilməzdik. Bu səbəbdən də cehizdən imtina etdim. Eləcə də həyat yoldaşımdan nə bahalı daş-qaş, nə ev, nə də mebel istədim.

Çünki yaşadıqca görürük və böyüklərimiz hər zaman bizə başa salır ki, insan öz rahatlığını heç bir bahalı əşyada, geyimdə, qızılda tapa bilmir. Rahatlıq, dinclik insanın qarşısındakı insanla anlaşmasında, rahat dil tapmasındadır.

Əgər hər iki tərəf bir-birini başa düşüb evlənirlərsə, onların həyatında nə daş-qaş, nə bahalı mebellər, nə də şəhər mərkəzində mənzil rol oynayır. “Az aşım, ağrımaz başım” deyə bir misal var. Kreditlər alınan cehizlərin, qızılın içində insan özünü necə rahat hiss edə bilər? Hər dəfə yemək yeyəndə, danışıb-güləndə, gəzməyə çıxanda beynində yalnız toy üçün götürülən kreditin qara düşüncələri olur. Bu düşüncələr fonunda xoşbəxt olmaq mümkün deyil. Bu səbəbdən də lazımsız toy adət-ənənələrinin yığışdırılmasının tərəfdarıyam. Necə ki, biz yas yerlərindəki yeməyi, cəh-cəlalı yığışdırmağa qadir olduq, eləcə də toy məclislərində ifratçılığa qarşı mübarizə apara bilərik”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir