urek

Ölkəmizdə kişilər niyə tez ölür? – İLGİNC SƏBƏBLƏR

Baxış sayı: 834

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33.567-ni qadın, 42.081-ni isə kişilər təşkil edir. Diqqət çəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisində ümumilikdə və bütün yaş qruplarında kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır. 

 

Bəs səbəb nədir?

Ümumiyyətlə, bütün dünyada, fərqi yoxdur, ən yoxsul Afrika ölkələrindən tutmuş, zəngin Avropa şəhərlərinə qədər kişilər qadınlardan daha az yaşayır. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünyada əhalinin ortalama ömür uzunluğu 2016-cı ildə 72 ilə bərabər olub. Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var: qadınlar üçün bu göstərici 74 il 2 aydır, kişilər üçün isə – 69 il 8 ay. 2010-cu ilin statistikasına əsasən, həmin ildə ABŞ-da yaşı 100-dən çox olan 53364 insan olub. Onlardan yalnız 9162 nəfər kişi olub, 44202 nəfər – qadın.

Antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən alkoqol, tütün və narkotik vasitələrə meylli olması ilə əlaqələndirilirdi. Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları “kişi və qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda genetik aspektlərinin olduğunu” ortaya çıxarıb.  Tədqiqat qrupu uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb. Alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımından  kişi və qadınlar arasında bir çox fərqlərin olduğundan şübhələnib. Məsələ ondadır ki, Y – kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.

Qadın – X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu adətən fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz artıq X xromosomu ilə əlaqəli ola bilər. Bu ideyanı rəhbər tutaraq, tədqiqat qrupu dörd qrup erkək və dişi siçan böyüdüb. Onların yarısı “xətalı” xromosom düzümünə malik olub. Alimlər onların DNT-lərinə çatışmayan Y xromosomunun fraqmentlərini yeritməklə XX xromosomlarla erkək ərsəyə gətirə bilib, həmçinin XY düzümü ilə “transgender” erkəklər yaratmağa nail olublar. Növbəti üç il ərzində bioloqlar gəmiricilərin həyat və davranışlarını hərtərəfli şəkildə müşahidə edib. Təcrübələr göstərib ki, DNT modifikasiyasından sonra onların ömrü cinsdən yox, xromosom düzümündən asılı olub.

Bununla belə, bir çox ekspertlər iş və həyat tərzinin də kişilərin ömür uzunluğuna təsir etdiyini bildirir. Xüsusən də tez-tez münaqişələrin baş verdiyi ərazilərdə kişilər daha tez dünyasını dəyişirlər. Səhiyyə sistemi yüksək səviyyədə olmayan ölkələrdə isə qadınlar çox vaxt doğuş zamanı ölürlər. Siqaret, spirtli içki və həddən artıq yemək yeyilməsi ömür uzunluğunun gender fərqinin ölkədən ölkəyə nəzərəçarpan dərəcədə dəyişməsinin səbəblərini izah edir. Məsələn, Rusiyada spirtli içkilər kişilərin ömrünü orta hesabla 13 il qısaldır.

Daha bir məsələ, yerli ekspertlər qeyd edir ki, azərbaycanlı kişilərin qadınlardan daha az yaşamasının səbəblərindən biri də emosiyalarını gizlədib, içərisində saxlaması, problemlərini, yaşadığı travmaları dilə gətirməkdən çəkinməsidir. El arasında tez-tez bu deyimə rast gəlirik : “kişi ağlamaz”.  Beləliklə də bu və digər stereotiplər kişilərin özlərinə qapanmasına, nəticədə ürək və əsəb xəstəliklərinə tutularaq, daha tez dünyasını dəyişməsinə səbəb olurlar.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə: “Azərbaycanlı kişilər daha çox emosiyalarını gizlədir və  bu da onların ömür uzunluğuna təsir edir”

Psixoloq Azad İsazadə qeyd edir ki, insanın ölümünə təsir edən amillər çoxdur: “Əsas səbəblərdən biri psixoloji durumdur. Adətən pis psixoloji durum bədənin müqavimətini zəiflədir. Razıyam ki, azərbaycanlı kişilər daha çox emosiyalarını gizlədir və cəmiyyətdən bu tələb olunur. Adətən biz kişilər emosiyalarımızı göstərəndə deyirlər ki, ”zəifliyinizi göstərirsiz” və sairə. Yəni cəmiyyətimizdə bu cür stereotiplər var. Bu vəziyyəti yas mərasimlərində daha çox müşahidə edirik. Yaxınını itirən kişilər yas mərasimi bitdikdən, insanların hamısı getdikdən sonra bir otağa çəkilib ağlayır və yaxud emosiyalarını açıq göstərir. Əgər ağlamışıqsa, bu zaman emosiyalar bədənimizdən çıxır və insan nisbətən rahatlaşır. Yox, əgər ağlamırıqsa, bu sonradan fəsadlara səbəb ola bilir. Bir də görürsən ki, yaxınını itirən kişi 40 mərasiminə qədər ağlamır, lakin rəngi boz rəngdə olur, hiss olunur ki, orqanizmi xeyli zəifləyib.  Mənfi emosiyalarımızı bədənimizdə daşıyanda istər-istəməz ürək fəaliyyətimizə, əsəb sistemimizə təsir edir. Həmçinin əhval-ruhiyyəmiz pis olanda yaxşı qidalanmırıq”.

Psixoloq fiziki amillərin də kişilərin ömrünə təsir etdiyini deyir: “Bildiyimiz kimi, qadınlarla müqayisədə kişilər daha çox işləyir. Adətən xanımlar evdə oturub, ev işini görür. Ev işi görəndə konfliktlər daha az olur. Ola bilsin ki, evdə də fiziki iş çox olsun. Lakin bəzən mənfi enerji elə məhz fiziki işlə çıxır. İşdə isə kişilər fiziki işlə məşğul olmasa belə tıxacda olur, daha çox konfliktlərlə üzləşir və sairə. Əlbəttə ki, zərərli vərdişlər də kişilərin ömrünü qısaldır. Alkoqol, siqaret bədəni zəiflədir və hansısa stress vəziyyətində psixoloji zərbə alanda kişilər bəzən dözmür”.

İnvaziv Ağrı Mütəxəssisi Zülfüqar Yusifov: Belə hallar qətiyyən yolverilməzdir. - Millixəbər İnformasiya Portalı

Zülfüqar Yusifov: “Əsrlər öncə də kişilər daha çox və daha tez dünyasını dəyişiblər ”

Ankara klinikasının baş həkimi Zülfüqar Yusifov isə mövzuya bu cür şərh bildirdi: “Əsrlər öncə də kişilər daha çox və daha tez dünyasını dəyişiblər. Burada təbii ki, müharibələr faktoru önəmli rol oynayıb. İndiki zamana gəldikdə isə hazırda əsas səbəblərdən biri kişilərin zərərli vərdişləri ilə bağlıdır. Yəni alkoqol, siqaret orqanizmə xeyli zərər vurur.  Daha bir məsələ stresslə bağlıdır. İqtisadi vəziyyətin stabil olmadığı bölgələrdə stress daha çox olur. Nəticədə ürək-damar xəstəlikləri artır və sonda ölümə gətirib çıxarır. Kişilərin daha az yaşamasının səbəblərindən biri də iş mühiti ilə bağlıdır. Əsasən ağır işlərdə, xüsusən radiasiyanın, tozlanmanın çox olduğu yerlədə daha çox kişilər işləyir. Bu da əksər hallarda xroniki xəstəliklər yaradır”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “Qadınlar dalaşanda bir-birilərinin saçını yolur, kişilər isə hətta odlu silaha əl atır”

Sosioloq Əhməd Qəşəmoğlu: “Hər zaman kişilər daha tez dünyasını dəyişib. Lakin hazırda bununla bağlı statistikada daha da artım var. Bu ilk öncə onunla bağlıdır ki, texniki təhlükəli işlərlə kişilər daha çox məşğul olurlar, nəinki qadınlar. Məsələn, tikintidə, təmir işində çalışır və sairə. Nəticədə daha çox zədə alırlar.  Kişilər müharibələrdə daha çox ölürlər. Ötən il xeyli sayda şəhidlərimiz oldu və onların sayı da statistikaya əlavə olundu. Digər tərəfdən, kişilər daha çox münaqişədə olurlar. Adətən qadınlar dalaşanda, sadəcə, bir-birilərinin saçını yolur, kişilər isə bir-birinə yumruq atır, hətta bəzən bıçağa, odlu silaha əl atır.  Stress amili də bu məsələdə mühüm yer tutur. Hazırda Azərbaycan ailələrində olan gərginlik heç vaxt olmayıb. Bundan əvvəl ailələrdə hər zaman bir rahatlıq, sakitlik olub, baxmayaraq ki, onda da qadına qarşı zorakılıq baş verib. Lakin indi ailələrdə çox ciddi şəkildə qarşıdurma var. Bu qarşıdurma qadınlar tərəfindən daha çox psixoloji, kişilər tərəfindən isə fiziki olaraq özünü göstərir.

Ailələrdə də gərginliklərin əsas səbəblərdən biri kişilərin iş tapa bilməməsi və yaxud uğursuz işdə işləməsidir. Bu zaman qadın ailədə kişini daha çox tənqid edir və nəticədə daima psixoloji gərginlik altında qalır. Digər tərəfdən, ekologiya, koronavirus pandemiyası və digər bu kimi məsələlər də  kişilərin ölüm faizini artırmış  olur”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir