tehsil-pese

Ömürboyu təhsil konsepsiyası: mahiyyət, əhəmiyyət və reallıq

Baxış sayı: 533

Gələcək illərdə reallaşdırılması nəzərdə tutulan insan kapitalı və müasir innovasiyalar məkanı prioritetinin mühüm komponentlərindən biri də kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməsidir.

Ümumiyyətlə, ömürboyu təhsil dedikdə, təhsilə yeni yanaşma, bir insanın ömürboyu keçdiyi bütün təlim fəaliyyətləri nəzərdə tutulur ki, bu fəaliyyətlər şəxsi, sosial və ya peşəkar istiqamətdə bilik, bacarıq, səriştə və kvalifikasiyaların təkmilləşdirilməsi ilə nəticələnir.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar şöbəsinin müdiri Səbinə Babayeva deyir ki, ömürboyu təhsil konsepsiyasının ənənəvi təhsildən başlıca fərqi təhsil sistemi tərəfindən olunan təklifə deyil, əmək bazarının tələblərinə uyğun təlimə yönəlməsidir. Bu konsepsiya ayrı-ayrı şəxslərin təhsildən əmək bazarına və əmək bazarından təhsilə gedən yolda hər hansı bir maneə ilə rastlaşmadan təhsil sisteminə cəlb olunmasını təmin edir, həm formal təhsil çərçivəsində, həm də bu çərçivələrdən kənar – informal yollarla əldə edilmiş öyrənməni ehtiva edir: “Artıq yeni biliklərin əldə edilməsi və formal təhsil sisteminin dəstəyi olmadan öz kompetensiyalarını inkişaf etdirmək bacarığı  insanların əsas bacarıqlarından birinə çevrilir. Bu, dinamik, sürətlə dəyişən iqtisadi şəraitə çevik uyğunlaşmağa imkan yaradır. Müasir qlobal sosial və iqtisadi dəyişikliklərə adekvat cavab verə bilmək üçün ölkələrin kompetensiyalı vətəndaşlara, işçilərə, şirkətlərə ehtiyacı var. Odur ki, çox kiçik yaşlarından təqaüddən sonrakı dövrə qədər insanların bilik, bacarıq və kompetensiyaları əldə etməsi, onların daim yenilənməsi üçün imkanlar olmalıdır. Ölkəmiz də bu qlobal prosesin bir hissəsi olaraq, dünya iqtisadiyyatında baş verən fundamental dəyişikliklərə cavab vermək, rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsini təmin edə bilmək üçün insan kapitalına investisiyaları artırır”.

Onun sözlərinə görə, Təhsil İnstitutu təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində, təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılmasında da dəstək göstərir. Eyni zamanda, Təhsil İnstitutu təhsil innovasiyalarının yaradılması və tətbiqi ilə bağlı praktik layihələr həyata keçirir, bir sıra beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Əlbəttə ki, təhsil konsepsiyasının dəyişməsi uzun müddət və kompleks tədbirlərin görülməsini tələb edən bir prosesdir.  Məhz “ömürboyu təhsil” konsepsiyasının tətbiqi ilə bağlı Təhsil İnstitutunda 2018-2020-ci illər ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsi həyata keçirilib, 2020-ci ildə “Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar şöbəsi” yaradılıb. Layihə ilə əməkdaşlıq çərçivəsində səriştəəsaslı təhsilin təmin olunması üçün 24 peşə və kvalifikasiya standartı, həmçinin, kurikulumlar, qeyri-formal və informal təhsilin tanınması ilə bağlı təlimatlar, 12 ixtisas üzrə 41 modul dərs vəsaiti hazırlanıb. Hazırda Təhsil İnstitutu ömürboyu təhsil konsepsiyasının tətbiqi ilə bağlı həm Təhsil Nazirliyi nəzdində, həm də müxtəlif dövlət qurumları ilə, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə səriştəəsaslı məzmunun hazırlanması, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə qeyri-formal və informal təhsilin tanınması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə peşə və kvalifikasiya standartlarının hazırlanması zamanı müxtəlif bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının tərkibində əməkdaşlıq edir. İnstitut tərəfindən ümumi təhsil  müəssisələrində peşəyönümü xidmətinin təşkili ilə bağlı metodik vəsait, sorğu, müşahidə vərəqələri, diaqnostik testlər hazırlanır. Həmçinin, müxtəlif ixtisasartırma kursları təşkil olunur ki, planlarımızda bu kursların sayının artırılması, əmək bazarında tələb olunan səriştələr üzrə kursların təşkili vardır. Paralel olaraq, beynəlxalq təşkilatlarla ömürboyu təhsil imkanlarının təmin edilməsi üçün müxtəlif komponentləri əhatə edən layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və layihə təklifi hazırlanır.

Şöbənin müdiri bildirir ki, ömürboyu təhsil əmək bazarının tələbinə uyğun formalaşmış cəmiyyətdə baş verən iqtisadi, elmi, texnoloji dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir. Əgər biz retrospektiv olaraq təhsil konsepsiyasına baxsaq, görərik ki, əvvəllər insanlar təhsillərini tamamlayaraq əmək bazarına daxil olur, bir peşədə, müəssisədə onilliklər boyu çalışır, ara-sıra ixtisasartırma kurslarına gedir, həmin peşədən də təqaüdə çıxırdılar. İqtisadiyyatın dinamikası da bunu şərtləndirirdi, belə ki, dünya iqtisadiyyatı daha stabil və proqnozlaşdırıla bilən idi: “Son illərin, xüsusən də minilliyin başlanğıcından etibarən texnoloji inkişaf sürəti, qloballaşmanın səviyyəsi, beynəlxalq rəqabətliliyin yüksəlməsi iqtisadiyyatın dinamikasına ciddi təsir göstərir. Dünya iqtisadiyyatındakı dəyişikliklər çox zaman proqnozlaşdırıla bilinmir. Texnoloji dəyişikliklərin təsiri altında peşələr daim dəyişir, bəzi ixtisaslar artıq arxa plana keçir, əmək bazarından çıxır, dövrün tələbinə uyğun yeni peşələr meydana gəlir, insanlar artıq nadir hallarda bir müəssisədə ömür boyu çalışırlar. Peşələrin əmək funksiyaları da dəyişir. Əvvəllər müəyyən bir iş üçün lazım olan bacarıqlar günümüzdə yetərli olmaya bilər. İşçilər çalışdıqları iqtisadi sektorun sürətli templəri ilə ayaqlaşmaq üçün daim yeni bilik və bacarıqlar əldə etməli olurlar. Bu proses təbii ki, təhsil sektorundan da yan keçmir. Artıq əmək bazarına cəlb olunmuş şəxslərin yenidən təhsilə qayıdaraq yeni yaranmış peşələrə yiyələnmələri vacib hala çevrilir. Ömürboyu təhsil bizdə əmək bazarında rəqabət aparmaq qabiliyyətini təmin edir. Hər hansı səbəbdən əmək bazarını tərk etməyə məcbur olmuş şəxslərə yenidən əmək bazarına qayıtmaq imkanı verir”.

Onun dediyinə görə, pandemiya iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərdiyi kimi, təhsil sistemindən də təsirsiz ötüşmədi. Əyani təhsil onlayn və hibrid təhsil forması ilə əvəz olundu. Praktik bacarıqların tələb olunduğu peşələrlə bağlı ömürboyu təhsilə cəlb olunmuş vətəndaşlar üçün təşkil olunmuş qısamüddətli kursların fəaliyyətində durğunluq müşahidə olundu. Lakin bununla yanaşı, onlayn təhsilin genişləndiyi dövrdə insanların özünüinkişaf kurslarına cəlb olunmasında yeni imkanlar yarandı. Əvvəllər onlayn təlimlər nəticəsində əldə olunan bilik və bacarıqlar ciddi qəbul olunmurdusa, hazırda pandemiyanın yaratdığı mövcud şəraitdə onlayn təlimlərə üstünlük verilmiş və bu cür təlimlər nəticəsində əldə olunan sənədlərin işəgötürənlər tərəfindən qəbul edilməsi daha rahat baş tutub.

S.Babayeva vurğulayır ki, əmək bazarı və təhsil sistemi daima qarşılıqlı əlaqədə işləməyi tələb edir. Belə ki, ehtiyac duyulan ixtisaslar əmək bazarı araşdırılaraq müəyyən edilir və proqnozlaşdırılır, yeni ixtisasların yaradılması, mövcud ixtisasların məzmununa yenidən baxılması, səriştəəsaslı təlimə uyğunlaşdırılması, müvafiq təhsil proqramının işlənib hazırlanması prosesi əmək bazarının tələbləri əsasında həyata keçirilir. Bununla əlaqədar olaraq daim əmək bazarındakı tendensiyalar təhsil idarəçiləri tərəfindən mütəmadi izlənməli və yeniliklərə həssas reaksiya verilməlidir: “Daha çox hansı peşələrə fokuslanmalıyıq sualına gəldikdə, yerli kontekstdə bu suala ciddi bir araşdırma apararaq, yerli və beynəlxalq əmək bazarındakı tendensiyaları təhlil edərək əsaslandırılmış proqnozlaşdırma nəticəsində cavab vermək mümkündür. Beynəlxalq təcrübəyə müraciət etsək, Dünya İqtisadi Forumu tərəfindən 2020-ci ildə hazırlanmış hesabatda yaxın zamanda informasiya texnologiyaları, robototexnika, “yaşıl iqtisadiyyat” ilə əlaqəli peşələrə daha çox ehtiyac olacağı, administrativ və idarəetmə mütəxəssislərinə tələbin azalacağı proqnozlaşdırılır. Təhsilalanların gələcəkdə uğur qazanması üçün lazım olan səriştələr hər bir peşə və ixtisasdan asılı olaraq fərqlidir. Lakin bəzi ümumi səriştələr var ki, işəgötürənlər gələcəyin mütəxəssislərində onların olmasına ehtiyac duyurlar. Bunların sırasına tənqidi düşüncə və təhlil, problemlərin həlli, insanlarla işləmək bacarığı, texnologiyanın istifadəsi və s. kimi səriştələr aiddir. Qeyd olunan səriştələrə əlavə olaraq yüksək adaptasiya qabiliyyəti və mütəmadi öyrənməni də aid etmək olar”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir