Efsane R

Önsevişməsiz xatirələr… – “NATAMAM”

Baxış sayı: 721

Otağa eyni anda iki xanım daxil oldu. Biri gənc, lüzumundan artıq gülümsəyən,  kirli saçlı… Digəri orta yaşı keçmiş, üzündə peşmanlığın bütün çalarları olan, kirli saçlı…

– Salam, xanımlar. Öncəliklə xoş gəlmisiniz. Mən bu saatda bir xanım gözləyirdim, nə xoş sürpriz oldu bu belə (digərinin gəlmə səbəbini ancaq belə soruşa bilərdim )

– Salam. Mən onun yanında olacam. (Gənc olan dilləndi qəribə bir danışıq üslubunda)

– Bu dəstəyiniz çox xoşagələndir. Amma icazə verin öncə biz Xatirəylə söhbətləşək. Mən çətinə düşəndə sizi çağıracam (gülümsəyirəm)  Xanımlar sizi əyləşdirib çay verəcək, buyurun.

– Yaxşı, Xatış, çöldə gözləyirəm səni (gənc xanım rıfiqəsinə güvən aşılayıb çıxır çölə)

– Hə, nə gözəl adınız var. XATİRƏ… Kimin xatirəsidir?

(Bu qədər tez ağlayacağın düşünmürdüm, düzü…)

–  Adım da, taleyim də onun yadigarıdır. Yəqin ki, hiss elədiniz görünüşümdən nəyi nəzərdə tutduğumu.

– Yorğun görünürsən. (nəyi nəzərdə tutduğunu bilirdim, amma bunu özünün dilə gətirməsi daha doğru olardı )

– Yatmamışam çünki. Bilirsiniz, bizim iş gecə növbəsi olur.

– Xatirə! Gedişatı mənim təxminlərimə buraxma… Sən danışsan, daha aydın olar mənə.

– O vaxt əmim qaçqın kimi getdiyi Moskvada bir azərbaycanlı ailənin yanına sığınıb işləməyə başlayıb. Şansı gətirib ki, qısa zamanda işləri öyrənib və özü xırda ticarətlə məşğul olub. Sonradan işləri böyüdüb, artıq nəinki özünü, ailəsini, bütün nəsli himayə etməyə başlayıb. O ərəfədə bu azərbaycanlı ailənin Xatirə adlı bir qızı dünyaya gəlir. Uşaq doğulanda əmimin artıq 20 yaşı var idi. Qız 16 yaşına çatanda əmin onunla evlənmək istəyib, lakin ailəsi yaş məsələsinə görə qarşı çıxıblar  və əmim də buna çox pis olub bir dəfəlik Bakıya qayıdır. O zamanlar anam hamilə imiş, sonra mən doğulmuşam. Əmim nəslə sözü keçən adam olduğumdan adımı da qoymağı ona həvalə ediblər. Əmim də heç tərəddütsüz XATİRƏ deyib.

Əmimin yaşı keçsə də, heç vaxt ailə qurmayıb. O qızı ağlından çıxara  bilməyib deyirlər… 16 yaşıma 1 gün qalmış hamı bizə yığıldı. Böyüməyimi  qeyd edəcəkdik. Mən də yaşımın verdiyi həyəcanla ora-bura qaçıram. Gözəl bir BÖYÜK QIZ ədasıyla deyil, balaca uşaq təlaşıyla. Nəisə… Ad günüm oldu, şamı üfürdüm, arzu tutdum, hər şey olduqca gözəl idi. Sonra gec oldu deyə hamı elə bir tərəfdə yatıb qaldı (Əmim bizə böyük ev tikdirmişdi) Mən  isə öz otağımda çəkilən şəkillərə baxırdım. Birdən qapı açıldı. Əmim içəri girdi. Mən də tez sevinclə ayağa qalxıb bu xoş gün üçün təşəkkür etdim. Boynuna atıldım.  Əmim saçımı sığalladı, amma bir az başqa cür baxırdı. Tez əhvalıyla maraqlandım. Ondan sonra heç nə xatırlamıram… Al qanıma bulanmış halda tapdım özümü… Qorxumdn hamama gedib yuyundum, o paltarların hamısını paketə qoyub atdım. Ağlamaq və ölmək arasındakı get-gəlimi silah səsi dayandırdı. Əmim intahar eləmişdi. Hələ bu günə qədər heç kim onun niyə öldüyünü bilmir…

Bizim zonanın adamları alacaqları qıza yox, onların ayaqlarının arasına diqqət edirlər. Beləcə mən “önsevişməsi olmayan, ayağını arala işimi görüm” münasibətlərinin içində tapdım özümü… əmim yaşda adamlarla… (Butün hekayə boyu ağlamamaq üçün özünü boğan qadın, udquna bilmirdi artıq. Bir su süzüb yanına əyləşdim, bu yerdə psixoloqdan daha çox ana olmaq lazım idi, bacı olmaq lazım idi, həmdərd olmaq lazım idi sanki…)

Bayaqdan üstü-saçı naxoş görünən qadın sanki birdən paklandı.. Sanki bütün qəlbinin kinini axıtmağa başladı… Özü də yüngülləşdi-belə deyirdi. Sən demə, Xatirə yanıma yuxusuzluqdan şikayətlənmək üçün gəlibmiş. Mənim verdiyim sualla “ürəyi açılıb”…  Hekayəsin heç kəsə danışmayan qadında bu güvəni yaratmaq, əlbəttə, yaxşıdır. Lakin bu qədər ağır taleyüklü bir hekayənin qəhrəmanının həyatına və gedişatına təsir etmək üçün CƏMİYYƏT olmaq lazımdır… Fərqindəliyi yüksək cəmiyyət…

Bu hekayədə əslinə siz psixoloqun da yolgöstərən yox, doğru sualı verən olduğunu özünüz üçün ayınlaşdırdınız…

Xatirələr çoxdur…

Xatirələr acılıdır…

Xatirələr yaralıdır…

“Yaxşı xatirələr yaratmaq üçün” yarğılamaq yerinə duyarlı olmaq,  daşlamaq yerinə himayə etmək lazımdır… Çünki insan qərarını özü vermədiyi taleyindən məsul tutulmamalıdır. Xatirə bu hekayəni danışsa, onu dəstəkləyəcəyi ailəsi, onu bu halda oğluna alacaq qaynanası olduğuna inanmalı idi… Amma o da buna inanmadı, hər 15 dəqiqəlik münasibətlərdə biz də ona nə qədər haqlı olduğunu hiss etdirdik…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir