Efsane R

“Öz hikkəsinin qurbanı oldu!” – “NATAMAM”

Baxış sayı: 304

Bu günkü pasientim öldürüldüyü üçün seans baş tutmadı… Heç  bir qadın ilk sillədən sonra öldürülməyib. İlk sillədən sonra susan qadınlardır öldürülənlər. Heç kim ilk sillədən sonra zəng edib ailəsindən kömək istəmir. Kömək istəyənlər ölümün yaxınlaşdığını hiss edənlərdir. Mental və dini tərbiyənin TƏZYİQLİ təsiri ilə böyümüş  “Azərbaycan qızları” onsuz da ilk sillədən nə evindən çıxmaz, nə boşanmaz, nə də bu problemi böyüdüb ərini “gözdən salmaz!”  Problem evin çölünə çıxırsa, deməli, şəxslər artıq ailə idarəetməsini itirib. Belə halda onlara mütləq kömək etmək lazımdır. “Döz, otur!”, “Hamımız döyülmüşük! Hər sillə vurulan evindən çıxsaydı, heç evli ailə qalmazdı!” və s. kömək sayılmır. Sayılmamalıdır!

Övladınız sizdən kömək istəyirsə, bilin ki, tək başına evdən çıxsa, rastlaşacağı təzyiqi üstlənə bilməyəcəyi üçün sizə zəng etmişdir!

Övladınız sizdən kömək istəyirsə, evdən tək çıxsa “kiməsə qoşuldu qaçdı” iftirasına məruz qalacağın öngördüyü üçün sizə zəng edir!

Övladınız sizdən kömək istəyirsə, tək başına öhdəsindən gələ bilməyəcək qədər böyük problemlə qarşılaşıb deyə sizə zəng edib demək!

Əlbəttə, maddi olaraq ailənizə gələn 2-3 nəfərin xərcləri də gözünüzü qorxutmuş ola bilər, bakirə olmayan qızınız namusunu qorumaq da ağır gələ bilər! Sizi anlayram, cəmiyyətin “yaxşı qız tərbiyə etsəydin, bir dil tapıb oturardı! Guya hansımızın balası mükəmməl bir evə gedib düşüb ki?!” cümlələrini də eşidirəm.

“7 ildir davam edən ailə qadın əlinə telefon alan kimi dağıldı! Kişi bilirdi də niyə telefon vermirdi!”

“Ağılverəni güclü olub, amma kişinin reaksiyasın hesablaya bilməyib!”

“Özü öz hikkəsinin qurbanı oldu! Əri işdə olan qadının nə iti azıb polisdə, ÖZÜ DƏ ƏRİNDƏN XƏBƏRSİZ!”

Ərdən icazə alıb ƏRdən şikayətə gedilir, adətən…

“Özü ölüb getdi, camaatın balasın zibilə saldı!”

(Həyatı sonlanan) Qadına verilən dəyəri elə bu cümlədən görmək olar!

“Sən ərinin papağını iş yoldaşlarının yanında yerə soxanda bilmirdinmi belə olacaq?!”

İş yoldaşı dediyi şəxslər HÜQUQ MÜHAİZƏ ORQANININ İŞÇİLƏRİDİR!

Təəssüf  ki, qadın olaraq doğulmusansa, həyatın hər sahəsində özünü sübut etmək məcburiyyətindəsən! Əxlaqlı olmalı deyilsən, həm də əxlaqlı olduğunu göstərmək üçün XÜSUSİ çaba göstərməlisən! Səs tonun qısıq, gülüşün yarımçıq, başın aşağı, abrına qısılıb yaşamalıdır! Hətta sizi əmin edirəm ki, yazını oxuyub “ƏLBƏTTƏ!” deyənlərin səsini eşidirəm! Və belə davam edəcəklər: “ Bu saydıqlarında nə qeyri-adilik var ki? Sən özbaşına yaşamağa öyrəşmisən deyə buna qadının sıxılmağı kimi baxırsan! ƏSL QADIN elə bu cür yaşayır!”

“Səni söymür-döymür, qazanıb gətirir yeyirsən, nə vacibdi o telefonu əlinə alasan, qulağına qoyub 5 saat kiminləsə danışasan? Xasiyyəti belədir də indi bu kişinin. XOŞU GƏLMİR! Vurub öldürəsi deyilik ki! Ailənin xətrinə sus-otur!”

Bəli, biz onu xasiyyətinə görə vurub öldürməyəcəyik! Amma o bizim xarakterimizə görə bizi vurub öldürə bilər!

Niyə?!

Çünki KİŞİDİR! ƏSƏBİDİR! 8-10 SAAT GƏRGİN İŞDƏ ÇALIŞIR! AİLƏNİN BÜTÜN YÜKÜ ONUN ÜSTÜNDƏDİR! ONU ANLAMALI VƏ ÜSTÜNƏ GETMƏMƏLİYİK!

Üstünə getməməliyik- hissəsəinə daxil olanın bizim həyatımız olduğunun fərqindədilər, amma NƏ ÖNƏMİ VAR Kİ?!

Və belə kişilər QADINI İNANDIRIRLAR ki, əgər ondan boşansan, əxlaqsız olub küçələrə düşəcək, gedib yaşlı bir kişinin “saxladığı” olacaq. Və ona seçim verirlər: “Ya mənim yanımda qalırsan, ya q.bə olmağı seçirsən!” Manipulyator kişilər adlandıra bilrəik onları…

Və bəziləri bu yazını oxuyub:

“ Guya bu ağıllıdır da! Özü əxlaqsızlığı təbliğ edir, fərqində deyil sadəcə! Qadın sözünə qulaq asan kişinin ağlı yoxdur sadəcə! Buna bu yazını yazmağa icazə verəndədir e günah. Əşi, qadınsan, get, bozbaşını bişir də! Ağıl verən çıxıb! Qız ağlı quş ağlıdır! Bunun özünə ağıl verən lazımdır! Allah bilir, yanına gələnləri də elə belə öyrədib salır kişinin canına! VAPŞE Azərbaycanda Psixoloq var ki?! Bir şey ki, psixoloq özü intihar edib (həhəhə) Biz hələ sənin hansı yuvanın quşu olduğunu bilmirik, durub bizə ailə haqqında məsləhət verir! Yaxşı qadın olsaydın, başın açıq olmazdı! ” və s…

Belə..

Bəli, təəssüf  ki, bəzən belə də olur. İnsanlar “qısqanc ərlə xəstə ər” arasındakı fərqi ayıra bilmədikləri üçün qadınlarımız ölür. Və “AİLƏ MÜNAQİŞƏSİ ZƏMNİNDƏ” adı altında bizə təqdim olunan xəbərlər dəyişdirilməlidir. Çünki burda AİLƏ yox, kişinin öz gücünü sübut etmək üçün yaratdığı birgəyaşayışdan söhbət gedir. Bu cür hadisələr “Ailədaxili” kimi təqdim olunanda, gənclər ailə qurmaqdan qorxur. Oysa yaxşı bir ailəyə sahib olmaq “özünüarayışı” tamamlamaq deməkdir.

Allah yolunuzu yaxşılarla birləşdirsin.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir