nomre

Problemin həlli yolu – Elektronlaşma

Baxış sayı: 340

Günümüzdə qlobal arenada yer almaq, söz sahibi olmaq mövcud vəziyyətdə ölkələr üçün olduqca vacib nüansdır. Bunun təməlində isə hərtərəfli inkişaf dayanır. Texnika və texnologiyanın sürətli inkişafı dünya ölkələrinin də fərqli sahələrdə inkişafına təsir edir. Belə ki, hər bir dövlət baş verən texnoloji inkişaf axınına qoşulur, hətta birbaşa prosesin iştirakçısına çevrilir.

Nəticə etibarilə bu texnoloji inkişaf dövlətin xidmət strukturlarında da mühüm irəliləyişlərə təkan verir. Əgər 10-15 il bundan əvvəl hər hansı bir sənədi əldə etmək, hər hansı xidmətdən yararlanmaq üçün bir neçə yerə müraciət etmək, xeyli sayda sənədləşmə işi ilə məşğul olmaq, günlərlə bəzən də aylarla gözləmək lazım gəlirdisə, elektron hökumətin yaradılması ilə bu problemə, demək olar ki, son verildi. Bütün xidmətlərin də olmasa, bir çoxunun elektronlaşması və ən əsası vahid bir qurumda toplanılması işimizi sözün əsl mənasında asanlaşdırdı. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, asanlaşma heç də bütün xidmətlərə siraət etməyib. Elə bu yazımızda asanlaşmayan, əksinə günü-gündən çətinləşən və bahalaşan bir sahədəki mövcud problemi işıqlandırırıq.

Azərbaycanda avtomobil qiymətinə satılan nömrələr (AÇIQLAMA)

Problem uzun müddətdir mövcuddur, amma…

Mövzumuz avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Belə ki, günümüzdə nömrələrin satışı «Dövlət rüsumu haqqında» qanunda göstərilən məbləğlə eynilik təşkil etmir. Rüsumla real satışdakı qiymət arasında çox ciddi qiymət fərqi müşahidə olunur. Bu sahədə az da olsa, araşdırma edən və ya avtomobilinə nömrə almağa çalışan şəxslər mövcud problemdən xəbərdardırlar. Elə ən maraqlısı da budur ki, problemin uzun müddətdir mövcud olmağına baxmayaraq, hələ də bir həlli yolu tapılmır. Bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması özbaşınalıqların artmasına səbəb olur.

Gəlin, problemi misallarla izah edək. Məsələn, qanuna görə, 10-GH-001 nömrəsinin qiyməti 1500 manatdır. 10-GH-100 nömrəsinin qiyməti 1000 manat, 10-GH-222 nömrəsinin qiyməti isə cəmi 500 manatdır. Burada söhbət o nömrələrdən gedir ki, seriyalarındakı hərflər (yəni «G» və«H») fərqlidir.Lakin əgər seriyadakı hərflər də eynidirsə, yəni məsələn «GG» və ya «HH»dirsə, qiymətlər bir qədər də artır. Məsələn, 10-GG-001 nömrəsi 2500 manat, 10-GG-100 nömrəsi 1500 manat, 10-GG-555 nömrəsi isə cəmi 1000 manatdır. Bu qiymətlər qanunla qoyulan rüsumlardır, amma bazarda vəziyyət necədir? Bazardakı real qiymətlər danışılası kimi deyil. Ən dəhşətlisi isə realda dəfələrlə baha qiymətə satılan bu nömrələrin, sadəcə qanunla göstərilən rüsumu dövlət büdcəsinə gedir. Elə nömrələr var ki, rəsmi sənədlərə görə, qiyməti cəmi 22 manatdır. Qara bazarda isə belə nömrələr bir neçə min manata satılır. Bu satışdan yalnız 22 manat dövlət büdcəsinə, qalan pul isə kimlərinsə cibinə gedir.

 

Həlli yolu elektronlaşma

Düşünürəm ki, mövcud problemi qısa şəkildə də olsa izah edə bildik. Maraqlıdır, bəs bu problemin həlli nədir və necədir?

Avtomobillərə verilən etibarsız etibarnamələr ləğv edilsin - EKSPERT - Avtosfer.az

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlı deyir ki, bu problem uzun müddətdir var və vətəndaşların ciddi narazılığına səbəb olur. Amma təəssüf ki, həlli üçün addımlar atılmır: “Qeyd olunan məsələ ilə bağlı qanunvericilikdə bir problem və ya boşluq yoxdur. Qanunla hər bir nömrənin öz rüsumu müəyyən olunub və açıq şəkildə ictimaiyyətə təqdim olunub. Əsas narazılıqları biz satış prosesində müşahidə edirik. Həqiqətən də nömrələr rüsumdan qat-qat baha satılır. Düzdür, bu məsələyə Dövlət Yol Polisi nəzarət edir, satış onların vasitəsi ilə həyata keçirilir. Lakin onlar məsuliyyəti özlərindən kənarlaşdıraraq, qiymət artımına bəzi vətəndaşların səbəb olduğunu bildirirlər”.

Ekspert məsələnin həlli yolunu  prosesin elektronlaşmasında görür: “Bu kimi mənfi halların qarşısını almaq üçün elə bir addım atılmalıdır ki, qoyulan rüsumdan kənara çıxmalar mümkün olmasın. Yəni vətəndaş qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəyib, növbəti mərhələdə heç bir şəxslə danışıq aparmadan nömrəsini əldə etsin. Misal olaraq, Gürcüstandakı prosesi nümunə gətirmək olar. Vətəndaş hər işini elektron şəkildə həll edir. İnternetə daxil olur, ona lazım olan nömrəni tapır və qanunla müəyyən olunmuş rüsumu ödəyərək nömrəsini alır. Bütün əməliyyatlar onlayn qaydada baş tutur. Ona görə də düşünürəm ki, bu problemin həll yolu prosesin elektronlaşması və vahid bir qurumdan idarə olunmağıdır. Nəticə etibarilə bu sahədə də şəffaflaşma və asanlaşma olar”.

 

ASAN Xidmətə olan etimad

Kiçik bir hesablama apardıqdan sonra aydın oldu ki, avtomobil qeydiyyat nişanlarının satışının şəffaf təşkil edilməsi büdcəyə ildə 40 milyon manatdan çox vəsait gətirə bilər. Əgər avtomobil sahibi diqqətini çəkən nömrəni müəyyən qədər baha qiymətə almağa hazırdırsa, nəyə görə bu vəsait dövlət büdcəsinə deyil, kiminsə cibinə axmalıdır?

Nömrələrin şəffaf satışı üçün isə variantlar kifayət qədərdir. İlk növbədə satılmayan nömrələr heç bir məhdudiyyət qoyulmadan Yol Polisinin və ASAN Xidmətin internet səhifəsində yerləşdirilməli və satış bu qurumların nəzarəti ilə baş tutmalıdır. Düşünürük ki, digər sahələrdə olan fəaliyyəti əsasında xalqın etimadını qazanmış ASAN Xidmət kimi bir qurumun bu prosesə cəlb olunması mövcud problemin həllinə və şəffaflığın artmasına səbəb ola bilər.

 

Günel Azadə 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir