rena bayramova

Qəbizlik niyə yaranır və müalicəsi necə aparılmalıdır?

Baxış sayı: 1. 045

Qəbizlik orqanizmin intoksikasiyasına səbəb  olur. Bərkdən gücənmə anal çatın, babasil və yırtığın yaranmasına gətirib çıxarır.

Qəbizlik – defekasiya aktının pozulması, 2 gündən artıq nəcis ifrazının baş verməməsi və yaxud bağırsağın tam boşalmaması ilə xarakterizə edilir. Onun təzahürlərinə defekasiya tezliyinin azalması, qarında ağrı, nəcisin az miqdarda xaric olması, bağırsağın qismən boşalması hissi aiddir.

 

Qəbizliyin səbəbləri, onu yaradan amillər

  • Anadangəlmə (Hirşprung xəstəliyi)
  • Qazanılmış
  • 1. Funksional: Qusma və ishal sonrası çoxlu miqdarda mayenin itməsi, tətildə olan zaman, böyük bayıra getmək istəyən zaman özünü saxlamaq, az hərəkətdə olmaq, meyvə tərəvəzdən az istifadə etmək. Bunların hər biri sonda funksional qəbizliyin əmələ gəlməsi ilə nəticələnə bilər.
  • 2. Metabolik: Qalxanabənzər vəzin funksiyasının azalması, qalxanabənzərətraf vəzinin funksiyasının çoxalması, hamiləlik, şəkər xəstəliyi, qanda kalsiumun miqdarının artması, qanda kaliumun miqdarının azalması, böyrəküstü vəzin törəməsində və s.
  • 3. Sinir sisteminə bağlı: İflic, onurğa beyin yaralanmaları, multipl skleroz və s.
  • 4. Dərmanlara bağlı: Ağrı kəsicilər, antispazmalitiklər, dəmir, antidepresantlar, diuretiklər, ürək və təzyiq dərmanları və s.
  • 5. Mexaniki maneçiliyə bağlı: Bitişmə xəstəliyi, törəmələr, anal darlıq, işemik kolit, yırtıqlar, yoğun bağırsağın yalançı keçməməzliyi və s.

rena bayramova

Epizodik qəbizlik də var

Epizodik qəbizlik bağırsağın boşalmasını çətinləşdirən müxtəlif vəziyyətlərlə (hamiləlik, səhayət, stress, psixo-emosional gərginlik, maye qəbulunun azlığı, bəzi qida məhsullarının istifadəsi) ilə bağlı olur. Bundan əlavə, qəbizlik dərman preparatlarının təsirindən yarana bilər. Epizodik qəbizlik qısa sürür. Bu hal xəstəlik sayılmır,  öz-özünə, sağlam qidalanma, bəzi zərərsiz işlədici vasitələrin köməyilə asanlıqla aradan qalxır.

Xroniki qəbizlik defekasiyanın mütəmadi şəkildə 48 saatdan çox ləngiməsidir. Quru və bərk nəcis, bağırsağın tam boşalmaması hissi xroniki qəbizlikdən xəbər verir. Defekasiyanın xarakter və tezliyinin dəyişməsi vacib diaqnostik əlamət sayılır.  Xroniki qəbizlik: həyat tərzi və qida vərdişləri ilə əlaqədar formalaşır. Gərgin iş qrafiki, oturag iş, yataq rejimi və s. səbəbindən defekasiya çağırışlarının ləngidilməsi zamanla bağırsağın fəaliyyətini zəiflədərək, qəbizliyə yol açır. İşlədici vasitələrin çox istifadə olunması, savadsız pəhriz, qida liflərinin azlıq təşkil etdiyi məhsullar, mayenin lazımi miqdarda içilməməsi xroniki qəbizliyə təkan verir.

Həmçinin qəbizlik qıçıglanmış yoğun bağırsag sindromun əlamətlərindən sayılır. Bu patoloji vəziyyətdə bağırsağın motorikası pozulur, qəbizlik ishalla növbələnir. Belə hallarda stress amili bağırsağın funksiyasını daha da pisləşdirir!

 

QƏBİZLİK ƏLEYHİNƏ  bəzi vasitələr

✓     Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için.

✓     Murdarça qabığı çox yaxşı vasitədir. 1 xörək qaşığı qabıqların üzərinə 1 stəkan qaynar su əlavə edin, süzün və gündə 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin.

✓     Gənəgərçək yağı də çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.

✓     5 ədəd qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.

✓     1 xörək qaşığı ağ qarağat (motmotu) giləmeyvələrin üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Sonra süzün, 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

✓     2 xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.

✓     2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.

✓     Kivi meyvəsi- tərkibi bol lif olan kivi qəbizliyin qarşısını almağa yardımçı olur.

✓     Səhərlər ac qarına bir stəkan suyu və 2 ədəd ərik qurusunu birlikdə yesəniz, həzm sisteminizi hərəkətə gətirə bilərsiniz.

✓     Bağırsaq hərəkətlərinizi tənzimləyən razyana çayi, həzmi asan olduğundan qəbizlik probleminə qarşı təsirli bir vasitədir, gün ərzində 2 stəkan.

✓     Balın faydaları saymaqla bitmir. Həzm sisteminə və qəbizliyə faydalı olan 1 çay qaşıgı bal və 1 stəkab isti su ilə qarışdırılıb içildiyində qəbizliyi aradan qaldırmaq üçün təsirli bir vasitə halına gəlir.

 

meyve

Bütün bu vasitələr yalnız o halda təsir edə bilər ki, qəbizlik insanda nadir hallarda olur.  Xroniki qəbizlik zamanı isə bu vasitələr o dərəcədə  kömək etməz.

Xroniki qəbizlik – xəstəlikdir və bütün digər xəstəliklər kimi mütləq və vaxtında müalicə olunmalıdır! Əks halda xroniki qəbizlik müxtəlif və çox ağır xəstəliklərin inkişafına təkan verə bilər. ✅ Bu xəstəliklərin arasında – babasil, düz bağırsağın xərçəngi və s.

rena bayramova

Uşaqlarda qəbzlik

Bəzən qəbizlik uşağa tualet vərdişlərinin öyrədirmə mərhələsində yaranır. Bu dövrdə valideynlər səbr və qayğı göstərmədikdə, hər defekasiya aktı stresslə müşayiət olunur. Düz bağırsaq reseptorlarının iştirakı ilə şərti-reflektor reaksiyalar baş verir. Uşaq qeyri-iradi olaraq, nəcis ifrazını ləngidir. Zamanla defeksiya çağırışları azalır.

Digər psixogen səbəblər: uşaq bağçasında qorşoka oturmaqdan utanmaq, məktəbdə tualetə getməklə bağlı narahatlıqlar az yaşlı uşaqlarda qəbizlik törədir. Belə hallar çox vaxt nəcis saxlamazlıq – enkoprez ilə müşayiət olunur. Vaxtında diaqnostika və  müalicə aparılmadıqda ciddi psixi problemlər ortaya çıxır.

 

Disbakterioz

Normal mikrofloranın pozulması və patogen bakteriyaların çoxalması uşaqlarda qəbizliyin tez-tez rast gəlinən səbəblərindəndir. Belə ki, faydalı mikroorqanizmlər süd turşusu ifraz edərək, bağırsaq divarının peristaltikasını stimulə edirlər. Disbakterioz zamanı nəcis 2-3 gündə 1 dəfə xaric edilir. Nəcis kütlələri az miqdarda və üfunətli olur. Bəzən nəcisin üzərində boz ərpə rast gəlinir. Böyük uşaqlar qarında qurultu və tutmaşəkilli ağrılardan şikayətlənirlər.

Qızdırma

Bədən temperaturu yüksəldikdə uşaq orqanizmi tezləşmiş tənəffüs və tərləmə vasitəsilə intensiv şəkildə su itirir. Susuzlaşma ilə əlaqədar nəcis kütlələri bərkiyir, xarici görünüşcə qoyun qığını xatırladırlar. Febril temperatur zamanı 3-4 gün nəcis ifraz olunmaya bilər. Bu, ev şəraitində müalicəsi mümkün olmayan ağır dərəcəli hipohidratasiyadan xəbər verir.

bagirsaq

  • Pəhrizin tərtib edilməsi zamanı uşağın yaşını və bununla bağlı qidalanmanın xüsusiyyətlərini nəzərə almaq lazımdır.
  • Uşaqlarda qəbizlik zamanı bağırsaqların təmizlənməsinə imkan yaradan qida məhsulları çox və peristaltikanı yavaşıdan qida məhsulları mümkün qədər az olmalıdır.
  • İçmə rejiminin rolunu anlamaq son dərəcə əhəmiyyətlidir. Körpə gündə ən azı 2-3 stəkan su, mors və ya kompot içməlidir.
  • Qəbizlik zamanı qidanın kalorililiyinə, uşağın qidalanma rasionunun vitamin-mineral tərkibinə nəzarət etmək lazımdır, həmçinin birgünlük menyuya yetərli miqdarda zülallar, yağlar və karbohidratlar daxil etmək lazımdır.

 

Uşağın menyusundan bunları çıxardın:

Bir çox analar qəbizlik zamanı uşağa nə yedirmək barədə tez-tez düşünürlər. Lakin bundan başqa uşağın qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar böyük əhəmiyyətə malikdir. Qadının yediyi hər şey həmçinin döş südü vasitəsilə körpəyə təsir edə bilər. Bununla əlaqədar olaraq qəbizlik yaradan məhsullardan imtina etmək lazımdır. Həm ananın, həm də uşağın menyusundan bunları çıxarmaq lazımdır:

  • tünd çay, qəhvə, kakao, kisel, üzlü süd;
  • manna və düyü sıyıqları;
  • ağ turp, qırmızı turp, sarımsaq;
  • yağlı un məmulatları;
  • ağ çörək;
  • makaron məmulatları;
  • piyli və zülallı qida.

Hər insan düzgün və sağlam qidalansa, yuxu rejimini düzəltsə, suyu lazımlı migdarda hər gün istifadə etsə,  qəbizlikdən qurtula bilər.

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

     

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir