Geyim

Qadının geyimi şəxsi, yoxsa mənəvi məsələdir? – İLGİNC RƏYLƏR

Baxış sayı: 171

Sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxsin qadınlara qarşı zorakılıq əməlləri törətməyə çağırışı cəmiyyətdə ciddi reaksiya doğururb. Qeyd edək ki, “Pantural” adlı bloger videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını bildirib: “Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük, ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə çağırışların yolverilməz olduğunu deyib:

“Çünki bu cür çağırışlar cəmiyyətdə nifrət nitqini inkişaf etdirir. Zorakılığa çağırış edən şəxslər qanunvericiliyə, İnzibati Xətalar Məcəlləsinə, ağır fəsadlar olduğu halda isə Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb edilə bilərlər. Qadınlara qarşı zorakılığa çağırış birbaşa insan hüquqlarının, Azərbaycan Milli Qanunvericiliyinin pozulmasıdır”. Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və müvafiq olaraq qanun çərçivəsində tədbir görüləcək.

“Təmiz Dünya ”Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova bildirir ki, cinsindən asılı olmayaraq, kimsə belə bir çağırış edirsə, mütləq cəzalandırılmalıdır:”Tək kişilər deyil, qadınlar arasında da bu cür zorakı statuslar yazanlar da var. Bu baxımdan məsələyə ciddi yanaşılmalı, vəziyyət təhlküəli hal almadan onlara qarşı tədbir görülməlidir”.

Bir adamın yazdığı, əlbəttə ki, qınanmalı və müvafiq tədbirlər görülməlidir və görülüb də. ‘’Pantural’’ məhz bu tədbirlərin nəticəsində üzürxahlıq videosunu da yayıb. Amma məsələnin başqa bir tərəfi də var – Azərbaycan qadınının geyimi. Müşahidə etdik ki, sosial şəbəkələrdə bu məsələ debat formasında müzakirə yaradıb. Adıçəkilən blogeri kəskin tənqid edənlər var idisə, onun bəzi fikirləri ilə razılaşanlar da var idi. Bəziləri Azərbaycan qadının geyimini şəxsidən çox mənəvi məsələ olduğunu bildirir.

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camal mövzu ilə bağlı  danışaraq, öz rəyini bildirib: “Olanları heyrətlə izləyirəm. Azərbaycan xalqı 44 günlük müharibə ilə sözün əsl mənasında heyrətamiz və çox gözəl tarix yazdı. O tarixi yazan insanlar, övladlarımız, qazi və şəhidlərimiz bu toplumun içərisindən çıxıb.  Çox təəssüf edirəm ki, aradan qısa vaxt keçdikdən sonra bizim toplum, cəmiyyət könüllü və yaxud könülsüz şəkildə görün nəyi müzakirə etmək məcburiyyətindədir. Mən bu müzakirələri toplumumuza yaraşdırmıram”.

Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı: "Atamın iki oğlundan biri də tabutunun altına girə bilmədi"

Aynur Camal: “Güclü olan qadının geyiminə heç kim qarışmır və buna heç cəsarətləri də çatmaz”

Aynur Camal qeyd etdi ki,  blogerin qadınlar haqqında dedikləri  həddindən artıq absurd, yersiz, ümumiyyətlə,  müzakirə doğurmayan bir məsələdir: “Axı  insanlarımız niyə bu cür mənasız müzakirələrin yayılmasına imkan verirlər. Bu bizim müzakirə etməyəcəyimiz bir məsələdir. Qadının nə geyinməsi, necə geyinməsi, açıq və yaxud örtülü olması onun şəxsi işidir. Hicab qapanması bizi nə qədər narahat etməməlidirsə, qadının açıq-saçıq geyinməsi də onun özəl işidir. Buna qarışmağa heç kəsin haqqı yoxdur. Bəlkə də bu müqayisə düzgün səslənməyə bilər, maykada və yaxud şortikdə şəhərə çıxan kişilər diqqəti çəkmirsə, şortik və dekolteli  geyinən qadın niyə diqqət çəkməlidir? Bir daha qeyd edirəm, bu onun şəxsi işidir. Qadın öz geyimini özü müəyyənləşdirir.

Ümumiyyətlə, düşünürəm ki, ilk növbədə qadına insan kimi baxmaq lazımdır. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə qadına insan kimi baxmaq, qadını kişi ilə bərabər görmək məsələsində bizim çox ciddi, psixoloji, mənəvi problemlərimiz var. Artıq bu problemlərdən çıxış yolu tapmalıyıq. Hesab edirəm ki, bu məsələ birbaşa təhsillə, əxlaqla, mənəviyyatla bağlı, əlaqəli məsələdir.

Qadınlarımız, gənc qızlarımız güclü olmağı öyrənməlidir. Güclü olan qadının geyiminə heç kim, heç bir panturallar qarışmır və buna heç cəsarətləri də çatmaz. Ona görə də düşünürəm ki, valideynlər xüsusən də qız övladlarını təhsilli böyütməli və qadınlar öz bədənlərinin, həyatlarının, talelərinin  hakimi, sahibi olmalıdırlar”.

Gələcəyi - indiki tarixi şifrələnən fantastik pyes - Aydın Xan Əbilov | Edebiyyatqazeti.az

Aydın Xan Əbilov: “Hələ də Azərbaycan cəmiyyətində geyimə görə insanlara dəyər verirlər”

Kulturoloq Aydın Xan Əbilov isə mövzu ilə bağlı mövqeyini bu cür qeyd etdi: “Sosial  media və internet seqmentində həmin blogerin hansı ki, özündən qəhrəmanlıq düzəltmək üçün səsləndirdiyi çox mənasız absurd fikirləri demək olar ki, debat formasına gətirib çıxarıblar. Çox təəssüf edirəm, 21-ci əsrdir və Azərbaycan cəmiyyətində hələ də geyimə, gülüşə, hansısa atributa görə insanlara dəyər verirlər. Şəhərdə şortikdə, bədənini şişirdən, bədən tüklərini alan oğlanlara nə deyək, onda qadınlarımız onların üstünə ”kislota” atsın? Yəni kiminsə geyiminə, yerişinə görə dəyər vermək hansı əxlaq normasına daxildir? Biz 21-ci əsrdə bu dövləti ona görə qurduq ki, “patı” və digər narkotik maddələrdən çəkib, spritli içki içib, sonra da ağlına, ağzına, quruyan beyninə nə gəlirsə danışsınlar, sonra da bunu ictimai debat şəklinə gətirək? Bu, yolverilməzdir. O blogerin dediklərini hamısı absurddur. İndi belə çıxır ki, toylarımızda qızlarımız, qadınlarımız mini paltar geyinirlər deyə onları döymək, təcavüz etmək lazımdır? Sadəcə  həmin şəxs daxilindəki hisslərini ifadə edib və onunla həmfikir səsləndirən şəxslər barəsində dərhal Daxili İşlər Nazirliyinə müraciət edilməli, həbs olunmalı, cəzalandırılmalıdır ki, bu tip insanlar cəmiyyətə şiddəti təqlid etməsinlər.

Zamanında uyuşdurucu maddələrlə bağlı məsələ də bu cür başlamışdı. Özünü müğənni adlandıran bir şəxs “Kazbek” adlı meyxana oxudu, nəticədə gənclər arasında narkotik maddələrə meyil artdı. O zaman cəmiyyətə səslənib deyirdik ki, bu sizin də övladlarınızın başına gələ bilər. İndi şahidi oluruq ki, ölkəni “patı” deyilən narkotik maddələrlə doldurublar. İndi də şiddətlə bağlı məsələ gündəmdədir. Şəxsdən soruşmaq lazımdır ki, onu kim “zəhərləyib” ki, birdən-birdən durub mənasız bir ideya ortaya atıb? İndi neçənci əsrdir? Onda geri dönək orta əsrlərə. Çox təəssüf ki, cəmiyyətimizdə həmin blogeri müdafiə edənlər də var. Onun 60 min izləyicisi var. Araşdıranda görürük ki, onun izləyicilərinin əksəriyyəti yeniyetmələr, gənclərdir. Hesab edirəm ki, artıq ölkəmizdə də əxlaq polisinin yaranmasına böyük ehtiyac var. Əxlaq polisi bu məsələlərə dərhal reaksiya verib, kəskin addımlar atmalıdır”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “Kişisi tərbiyəli olan cəmiyyətdə, qadınlar da tərbiyəli olur…”

Mövzuya münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, geyim insanların əxlaq ölçüsüdür: “Nizaminin poemasında bir səhnə var. Qıpçaq çöllərində qadınlar kişilərlə vuruşur. Qadınların əyinlərində paltar olmur. Kişilər isə onları paltar geyinmədikləri üçün cəzalandırır. Qadınlar da kişilərə sual verir ki, ”bəs siz niyə o qadınlara baxırsınız?”.

Yəni problem bu günün yox, neçə əsrlər öncənin məsələsidir. Belə məsələlər Nizaminin vaxtında da müzakirə olunub.

İnsanların mənəviyyatı elə olmalıdır ki, geyim o mənəviyyatla tənzimlənsin. Məsələn, uzun illərdir ki, çimərliyə gedirsən, orada insanlar yarıçılpaq şəkildədir. Bu qəbulolunmuş haldır. Digər tərəfdən, həm kişilər, həm qadınlar elə geyinməlidir ki, ətrafda gərginlik yaratmasın. Cəmiyyətimizi nəzərə alaraq “qıcıq” yaratmamaq üçün geyimimizə fikir verməliyik”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, hər bir cəmiyyətin özünə uyğun tələbləri var: “Mən sərbəstəm, mən azadam, mən belə geyinirəm” fikri yanlışdır. Biz həm də sosial varlığıq, cəmiyyətin bir hissəsiyik. Ona görə də cəmiyyətin tələblərini nəzərə almalıyıq. Buna misal olaraq belə deyə bilərəm. Məsələn, bir ailə Bakıda çimərliyə gedib, istədiyi geyimdə, tərzdə geyinib ailəsi ilə vaxt keçirə bilər. Amma həmin ailə Azərbaycanın hansısa rayonuna gedib göldə, çayın qırağında çimsə, bəlkə də o kənddən onları qovarlar. Bu onu göstərir ki, Bakı cəmiyyətinin tələbləri, kənd cəmiyyətinin tələblərindən ayrıdır. Cəmiyyətdə gərginlik yaradan geyim olmaz. Deyə bilərəm ki, geyim əxlaq ölçüsü sayıla bilər. Heç kimin haqqı yoxdur ki, cəmiyyət içinə lüt və ya yarımçılpaq şəkildə çıxsın. Yalnız qadınlar yox. Kişisi tərbiyəli olan cəmiyyətdə qadınlar da tərbiyəli olur!”

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir