geyim

Qadınlar iş üçün geyim seçəndə nələrə diqqət etməlidirlər?

Baxış sayı: 1. 442

İnsanın kimliyini, daxili aləmini onun geyimlərinə baxıb müəyyən etmək mümkündür. Adətən şən, romantik, açıq xasiyyətli insanlar rahat geyimlərə, qaraqabaq, tünd xasiyyətli adamlarsa qapalı və ciddi geyimlərə üstünlük verirlər. Bu, cəmiyyətin müxtəlif sferalarında özünü büruzə verir. Ən çox da iş yerlərində.

Dünyanın bir çox ölkələrində iş geyimləri məcburi olaraq seçilsə də, Azərbaycanda istənilən sferada geyimlər sərbəstdir. Məsələn, Yaponiya və Çində fəhlələr cins geyimlərdən istifadə edirsə, bizdə nazirlik işçiləri belə cins geyimlər geyinir.

Ölkədə işçi geyimlərini tənzimləyən qanunlar olmadığı üçün işçilər istədikləri kimi geyinə bilirlər. Türkiyədə isə bu barədə xüsusi qanun var. Belə ki, qadınların paltarları sadə düz, təmiz, ütülü, ayaqqabıları sadə formalı, normal dikdaban, baş açıq, saçlar düz daranmış və toplanmış olmalıdır. İdarə daxilində baş örtülməsinə icazə verilmir. Diqqət çəkici, həddindən artıq geniş və ya dar şalvarlar, dar, qolsuz və çox açıq yaxalı köynək, bluz və ya paltar geyilməsinə icazə verilmir. İş yerinə geyinilən yubkaların uzunluğu dizdən yuxarı olmamalı, qadınlar corabsız və başmaqla iş yerinə gələ bilməzlər. Bununla yanaşı, dövlət idarələrində sərt, gözəgirən makiyaj edilməməli, həddindən artıq dərəcədə ətir və ya zinət əşyası istifadə edilməməlidir.

Bu qanunlar kişilərə də şamil edilir. Onların da geyimi və ayaqqabıları sadə olmalı, saqqal və saç formalarına diqqət yetirilməlidir.

Mütəxəssislər bu qanunun həyata keçirilməsinin önəmli tərəflərini belə izah edirlər ki, sadə geyimlər iş daxilində insanların diqqətinin dağılmamasına yardım edir. Dikdaban ayaqqabıların səsi, ətəklərin qısalığı, makiyajın çoxluğu və ya istifadə edilən zinət əşyaları işçilərin diqqətini işdən yayındırdığı üçün geyim haqqında qanunun həyata keçirilmədiyi iş yerlərində işçilərin əmək fəaliyyəti zəif olur. Sosioloqların fikrincə, ölkədə iş yerlərində geyim tərzinin ciddiləşdirilməsi istiqamətində xeyli iş görülməlidir. Çünki demək olar ki, bütün iş yerlərində işçilərin geyimi azaddır və bu da iş fəaliyyətinə zərər vurur.

 

Sosioloq Nəzakət Əhmədova bildirir ki, bu barədə dövlət qanunu olmasa belə iş yeri sahibləri öz çalışanlarına geyim şərtləri qoymalıdır. “İş yerlərində dikdaban ayaqqabı, qısa yubka, dar şalvar, açıq köynək və maykalar digər işçilərin diqqətinin yayınmasına səbəb olur. Əgər kişi işçinin qarşısında ətəyi çox qısa olan bir qadın işçi oturursa, təbii ki, diqqət yayınır. Və ya sakit iş gedən otaqda dikdaban ayaqqabıların döşəmədə yaratdığı səs işçilərin əsəbini pozmaqla yanaşı, diqqətin yayınmasına səbəb olur. İş yerlərində seksuallığı əks etdirən, cazibəli olan geyimlər geyinmək olmaz. Özünə güvənən qadın bunu geyimi ilə göstərməməlidir. Qadının istifadə etdiyi dil, üslub, bədən dili, duruşu və yerişi çox önəmlidir. Bu səbəbdən qadınlar geyimdən çox özünə inamın formalaşmasına diqqət yetirməlidirlər”.

Sosioloq bildirir ki, qadınlar iş üçün geyim seçəndə öncə çalışdıqları vəzifəni və yaradacaqları imici nəzərə almalıdırlar. “Elə qadınlar var ki, işdə pop ulduzu kimi görünmək istəyirlər. İstəyirlər ki, bütün diqqət onlarda olsun. Amma buna icazə vermək iş qabiliyyətinin aşağı düşməsinə səbəb olmaq deməkdir. Xüsusən dövlət müəssisələrində çalışan qadınlar ciddi geyinməlidir”.

 

Modelyer Nərmin Rüstəmova da iş qadınlarının daha ciddi geyinməsinin tərəfdarıdır. Onun fikrincə, üst səviyyədə çalışan xanımlar buna daha çox diqqət yetirməlidirlər. Məsələn, hər hansı bir idarənin müdiri cəlbedici makiyaj və qısa ətəklə işə gəlirsə, onun işçisi necə geyinə bilər? Geyimlərin iş qabiliyyətinə birbaşa təsir etdiyini deyən modelyer iş rejimində rəngarəng paltarların geyilməməsini məsləhət görür. “Hər işin özünə görə bir geyim çərçivəsi var. Məsələn, rəssam bir qadının geyimi ilə bankda işləyən qadının geyimi bir-birinə uyğun gəlmir. Əhəmiyyətli olan qadının işinə görə geyim seçməsidir. Bəzi qadınlar işə elə geyinirlər ki, sanki toya gedirlər. Qadınlar geyim seçərkən ölçülərini də nəzərə almalıdırlar. Bəzən həddən artıq kök, iri qarınlı olan bir xanım dar şalvar geyinərək işə gedir. Bəzən isə ciddi bir iş qadını əynindən tökülən kostyumla ictimaiyyət qarşısına çıxır. Məcbur deyil ki, jurnallardakı kimi ağ köynək, qısa, dar ətək geyinəsiniz. Zövqlə seçilmiş, əyninizə oturan və işinizə uyğun olan geyimlər sizin iş geyiminiz olmalıdır”.

Həmsöhbətimizə görə, iş paltarlarında əhəmiyyətli olan rahatlıq olsa da, idman ayaqqabısı və enli cins şalvarla işə gəlmək olmaz. “Çünki bu, insanlarda sizə qarşı qeyri-ciddi fikirlərin yaranmasına səbəb ola bilər. Bütün gün eyni paltarda olacaqsınızsa, bədəninizi narahat edən, qaşındıran, sıxan parçalardan tikilmiş geyimlər geyinməyiniz məsləhət görülmür. Çünki belə geyimlər sizin iş qabiliyyətinizi zəiflədəcək”.

Modelyer bildirir ki, iş geyimllərində bədəniniz nə qədər çox görünərsə, bir o qədər rəsmiyyətdən və professionallıqdan kənar görünəcəksiniz. Geyim tərzi və bu mövzuya diqqətlə yanaşmaq insanlarda sizin haqqınızda digər professional qabiliyyətlərinizlə əlaqədar təəssüratlar yaradacaq. İş yerinizi davranışlarınızla olduğu qədər geyimlərinizlə də təmsil edirsiniz. Bu səbəbdən geyimlərinizə diqqət yetirin ki, insanların etibarını qazana biləsiniz. “İş yerlərinə məşq paltarları, gecə paltarları, dekolte, beli açıq köynəklər, qısa şalvarlar, mini ətəklər geyinməyiniz məsləhət görülümür. Eyni zamanda, “barmaqarası başmaq”, dikdaban bantlı ayaqqabı, çılpaq ayaqlar iş mühitinə uyğun deyil. Üzərində mesajlar olan maykalar, pirsinq və sırğalar, iş həyatına uyğun geyimlər hesab edilmir”.

Geyim insanı cəmiyyətə tanıdır və insanlarda onun haqqında təəssürat yaradır. “İnsanlarda özünüzə qarşı müsbət fikirlər yaratmaq istəyirsinizsə, geyimlərinizə diqqət yetirin”, – deyən N.Rüstəmova Azərbaycanda da digər ölkələrdəki kimi geyim haqqında qanunun olmasını əhəmiyyətli sayır.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir