ev

Qanunsuz tikilmiş evlərin taleyi necə olacaq?

Baxış sayı: 463

“Biz burada xoşumuzdan gəlib ev tikməmişik. Torpaq ucuz olduğu üçün gəlib özümüzü odun içinə atmışıq. Başımızın üstündə hər an qaynayan palçıq var. Başımıza tökülsə, hamımız diri-diri yanacağıq”.

Bu sözləri Abşeron yarımadasında yerləşən “Keyrəki” vulkanının mühafizə zolağında evlər tikib yaşayan sakinlər bildirir.

 

Sakinlər kompensasiya tələb edir

Qanunsuz tikililərin taleyini həll edəcək qanun layihəsinin hazırlanması sənədsiz evlərdə yaşayanları təşvişə salıb. Onlar qanunsuz inşa etdikləri evlərin aqibətinin necə olağından narahatdırlar. Çünki bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayev mətbuata verdiyi açıqlamasında mühafizə zonasında tikilən evlərlə bağlı iki yol olduğunu söyləyib. Xidmət rəisi bildirib ki, problemin iki həll yolu var:

“Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun”.

Təhlükəli ərazilərdə ev tikən sakinlər isə evləri sökülsə belə onlara kompensasiya verilməli olduğunu söyləyirlər.

 

Vulkan ətrafında evlərin tikintisi yenə davam edir

Bakıətrafı ərazilərdə təhlükəli və mühafizə zonalarında yaşayan sakinlərlə həmsöhbət olduq.

Əvvəlcə yolumuzu Bakının Binəqədi rayonu ərazisində, 7-ci Binəqədi şossesinin yaxınlığında yerləşən “Keyrəki” vulkanın ətrafında salınmış yaşayış massivindən salırıq. Kənardan da görünür ki, vulkan dağının ətrafında böyük yaşayış massivi salınıb. Abşeron yarımadasında iki aktiv palçıq vulkanından biri olan “Keyrəki” vulkanının yerləşdiyi dağın ətəyi illərdir ki, sakinlərin yaşayış məskəninə çevrilib. Sakinlər bildirirlər ki, sonuncu dəfə bu vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

Keyrəki vulkanının bu günə qədər yayıldığı vulkan palçığının ümumi sahəsi 50-60 hektara yaxındır. Bu günədək vulkan 18 dəfə püskürüb. Buna baxmayaraq, sakinlər burada yaşamağa davam edirlər. Vulkanın ətrafında yaşayan sakin Cavid İmranov 2016-cı ildən bu ərazidə yaşadığını söyləyir. Bildirir ki, ərazinin təhlükəli zona olduğunu bilsə də, topraq sahəsi ucuz olduğu üçün gəlib burada ev tikib.

“Heç kəs öz xoşundan gəlib burada ev tikməyib. Çarəsiz burada yaşayırıq. Üç otaqlı ev tikmişəm, indi satası olsam, alan yoxdur. Buradan bizi köçürsələr, başqa yerdə ev verməlidirlər” – sakin deyir.

Biz ərazidə olarkən vulkanın ətəyində tikinti işlərinin davam etdiyinin şagidi olduq. Hətta yeni evin bünövrəsini qoyub ətrafını daşlarla hasara alanlar da vardı. Müşaihidələrimiz göstərdi ki, ərazi qadağan olunmuş zona olsa da, tikinti işləri davam edir.

Sakinlər ərazidə torpağın bir sotunun 3-5 min manat arasında dəyişdiyini bildirdilər. Bununla belə, torpağın heç bir sənədinin olmadığını söylədilər.

 

Neft mancanaqları yaşayış evlərin arasında qalıb

Neft mancanaqlarının iki addımlığında yaşayan sakinləri də əslində vulkan ətrafında yaşayanlardan heç nə fərqləndirmir. Bakının Binəqədi rayonunda neft mancanaqlarının çoxu sakinlərin evlərinin arasında qalıb. Burada da sakinlərin mütləq əksəriyyərinin üzərində ev tikdiyi torpağın heç bir hüquqi sənədi yoxdur.

Elə evlər var neft quyularının üzərində inşa olunub

Bizimlə həmsöhbət olan Binəqədi qəsəbə sakinləri bildiriblər ki, evlərin çoxu “Binəqədi Oil” şirkətinin saziş ərazisində yerləşir. Belə evlərə isə “kupça” almaq mümkün deyil. Binəqədi qəsəbə sakini Nağı Pirverdiyev anasının belə bu kənddə doğulduğunu, amma evlərinin sənədi olmadığını söyləyir. Bildirir ki, burada yaşayan sakinlərin bəzilərinin “domovoy kinişka”sını belə ləğv ediblər. Sakinlər deyirlər ki, ərazidəki neft quyularının çoxunun üstü illərdir bağlanıb. Hətta elə evlər var ki, üstü betonlaşmış neft quyularının üstündə tikilib. Onlar neft çıxmayan ərazilərin də saziş ərazisinə aid olduğunu, ona görə evlərinə sənəd ala bilmədiklərini söyləyirlər.

 

Yüksək gərginlikli xətlərin və su borularının ətrafında böyük qəsəbə salınıb

Rəsulzadə qəsəbəsi ərazisində isə fərdi yaşayış evlərinin bəziləri iri su borularının həndəvərində və yüksək gərginlikli xətlərin altında yerləşir. Sakinlər hətta bu ərazidə iri su borularının üzərindən pilləkən qoyaraq özlərinə yol da salıblar. Yüksək gərginlikli xətlərin iki addımlığında inşa edilən evlərin sakinləri isə aqibətlərinin necə olacağını bilmirlər. Burada yaşayan sakin İlahə Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, ərazidə torpaq sahəsini 2014-cü ildə alaraq ev tikib. Sakinlər bildiriblər ki, evləri inşa edərkən aidiyyatı qurumlar tərəfindən qeyri-rəsmi icazə verilib.

Nağı Pirverdiyev deyir ki, əgər aidiyyatı dövlət qurumları icazə verməsə daşı-daş üstə qoymaq olmazdı. İndi isə təhlükəli hesab olunan, mühafizə zonalarında illərdir yaşadıqları evə görə konpensasiya verilməsini, mümkün olan ərazilərdə belə evlərə sənəd verilməsini tələb edirlər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayev mətbuata verdiyi açıqlamasında bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir.O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb.

“Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistisyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik” Xidmət rəisi bildirir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir