masin

Qarda avtomobili necə idarə etməli?

Baxış sayı: 2. 014

Avtomobil sürücülərinə idarəetmədə çətinlik yaradan qarlı və buzlu yollar bir çox hallarda qəzaların baş verməsinə səbəb olur. Buz bağlamış yollarda adətən sürücülər əyləc məsafəsinin uzanması səbəbindən yol manevrlərini yerinə yetirə bilmirlər. Nəticə olaraq bu cür hava şəraitində zəncirvari qəzaların durmadan artmasının şahidi oluruq.

Avtoidarəetmə üzrə türkiyəli mütəxəssis Onur Akçayın sürücülər üçün faydalı sayıla biləcək tapşırıqlarını təqdim edirik.

Mütəxəssisin sözlərinə görə, sürücülərin bütün mövsümlər üçün yararlı hesab etdikləri rezin şinlər yalnız hava tempraturu +7 dərəcədən yuxarı olduqda yerə yapışmanı maksimum təmin edir. Lakin istilik +7 dərəcədən aşağı düşdükcə maşının əyləc zamanı dayanması məsafəsi uzanır. Məhz bu səbəbdən soyuq hava şəraitində qış üçün nəzərdə tutulan şinlərdən istifadə etmək vacibdir. Bu təkərlər adi şinlərdən fərqli olaraq soyuq hava şəraitində və buzlu yollarda əyləcin daha effektiv çalışması üçün hazırlanıb.

Qeyd etmək lazımdır ki, 2 təkərin dəyişdirilib digər ikisinin qalması çox ciddi səhvdir. Balansı qorumaq üçün dörd təkər şini birlikdə dəyişilməlidir.

Qarlı və buzlu hava şəraitində əksər sürücülərin təkərin havasını azaltmasının yalnış bir addım olduğunu deyən Akçay hava təzyiqini azaltmağın fəsadlara yol açma ehtimalından danışıb:

“Təkərlərin hava təzyiqini endirmək yalnış addımdır. Belə olduğu halda əyləc sistemindən istifadə edərkən təkərin yerə yapışmasını artıran hissəsinin əvəzinə başqa bölümə güc düşür. Bu da əyləc məsafəsini daha da uzadır”.

Mühüm olan digər bir təlimat isə qaz və əyləc pedalından ani və sərt şəkildə istifadə etməməkdir. Bu pedallar ilə hər hansı ani hərəkət sürüşməyə yol aça bilər.

Bundan əlavə, buzlu yolda avtomobilin sürətini əyləcdən istifadə etmədən, mexaniki sürət qutusu ilə tənzimləyən sürücülərin ayağını mufta pedalından çox yavaş şəkildə götürməsi tövsiyə edilir. Əks halda avtomobilin balansının pozulması və sürüşmə gözləniləndir. Avtomat sürət qutusu olan avtomobil idarə edən sürücülərin isə qaz pedalına yumşaq şəkildə toxunması məsləhət görülür.

Mütəxəssis son olaraq qarlı hava şəraitində ara məsafəsini qorumağın, sürücülərin qış mövsümü üçün nəzərdə tutulan şinlərdən və zəncirdən istifadə etməsinin vacib olduğunu vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir