is

Reallaşan və yeni ilə saxlanılan planlar – SORĞU

Baxış sayı: 450

Yeni il başlayanda çox adamın planları olur. Xarici dil öyrənmək, yeni işə keçmək, hansısa təlimə qoşulmaq, səyahət etmək və s. İl sona çatanda isə həmin şəxslər ya “planlarımı reallaşdırdım” deyirlər, ya da “bu il də qaldı”. Elə 2022-ci il başlayanda da belə planlar quranlar az deyildi. Artıq il sona çatır. Bəs bu il planladıqlarımızı reallaşdıra bildikmi?

“2022-ci ilə təşəkkür edirəm”

“106.3” FM radiosunun aparıcısı Raqif Raufoğlu geridə qalan ilə təşəkkür edənlərdəndir: “İş həyatım üçün məhsuldar il oldu. Layihələrim davam etdi. Xeyli görüşlər və səfərlər oldu. Bu il podkast sahəsində də özümü kəşf etdim. Yeni “Səsli kitab” layihəsini işə saldıq və gözlədiyimdən də uğurlu oldu. Onu daha da gücləndirəcəyik. Dinləyicilərin çox istədiyi “Əvvəla salam” layihəsi də artıq ayrıca kanal kimi podkastdadır. Amma hiss edirəm ki, ümumi yaradıcı mühitin zəifləməsi məni də necəsə silkələyib. Ona görə gələn il radiodakı “İş adamı” layihəsini bitirməyi, bir az düşünməyi və enerjimi başqa işlərimə yönəltməyi fikirləşirəm”.

“Bircə konserti təxirə saldım”

Xalq artisti Tünzalə Ağayeva deyir ki, bu il onun üçün aktiv keçib: “Təbii ki, hər il üçün müəyyən planlarımız olur və mütləq onları etmək üçün çalışırıq. Hətta pandemiyanın aktiv olduğu dövrü də passiv keçirmədim. Ancaq 2022-ci il pandemiya xeyli səngidi, işlər çoxaldı. Çox aktiv bir il keçirdim. Həm şəxsi həyatda, həm sənətimlə bağlı nələr nəzərdə tutmuşdumsa, hamısını həyata keçirdim. Bircə cəbhədəki gərginlikdən sonra oktyabr ayında nəzərdə tutduğum konserti təxirə saldım”.

“İş baxımından gərgin il oldu”

“İctimai TV”nin şərhçisi Tural Dadaşov yeni il gəldiyində xüsusi planlar qurmasa da, ötən ilin gərgin keçdiyini deyir: “Açığı, mən heç vaxt il üçün planlar qurmamışam. Ancaq öncədən bilirik ki, qarşıda gələn il bizi nələr gözləyir. 2022-ci ilin əsas hadisəsinin mənim üçün futbol üzrə dünya çempionatı olacağı məlum idi. Ümumiyyətlə, iş baxımından gərgin il oldu. “İctimai TV”nin efirində bir çox beynəlxalq yarışların şərhində işlədim. Bu sırada dünya çempionatından savayı, İngiltərə Premyer Liqası, qadın futbolçular arasında Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, güləş üzrə dünya çempionatı və s. mötəbər yarışların adlarını çəkə bilərəm”.

“Həftədə 3 dəfə bəhanəsiz idmana getməyə nail oldum”

Marketinq meneceri Günel Mavliyarova deyir ki, iş həyatı cəhətdən çox aktiv il keçirib: “İlin əvvəli plan yazıb, sonra o istiqamətə köklənən deyiləm. Amma iş cəhətdən daha aktiv il olacağını bilirdim. Mənim üçün yeni istiqamətlərdən olan innovasiyanın içində çox oldum. Çox şey öyrəndim. Bu istiqamətdə ABŞ-a səfərim oldu, iş yerimiz və ölkəmiz daxilində tədbirlər təşkil etdik, iştirakçısı olduq. İş nə qədər çox olsa da, öhdəsindən gəldik”.

“Hədəflərim iki istiqamətdə idi”

ABŞ-ın “J.P. Morgan” bankının Polşa şöbəsində çalışan azərbaycanlı Yusif Əfəndizadə deyir ki, illə bağlı hədəfləri iki istiqamətdə olub: “2021-ci ildə “Goldman Sachs”da baş mütəxəssis kimi çalışırdım. 2022-ci ildə bir pillə yuxarı qalxmaq, komanda rəhbəri olmaq istəyirdim. Bir pillə yuxarı vəzifə ilə “JP Morgan”a keçdim. 5 ildir Polşada aktiv diaspor fəaliyyəti ilə məşğulam. Polşada yeni gələn potensiallı azərbaycanlı gənclərin işlə təmin olunması, konsultasiyaların verilməsi ilə məşğul idim. Bu il diaspor fəaliyyətimlə bağlı da hədəflərim çox idi. Onlara da nail oldum. İşlərimizi genişləndirdik. 2022-ci ildə Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü seçildim”.

Y.Əfəndizadə qeyd etdi ki, bir planını bu il reallaşdırmağa çatdıra bilməyib: “CFA sertifikatını almaq üçün imtahana qatılmalı idim. Material çox idi, çatdırıb oxuya bilmədim deyə, imtahanda iştirak etmədim”.

Nevroloq Rima İbadova da 2022-ci ildə bir çox planlarını reallaşdıra bildiyini deyir: “Həm şəxsi həyat, həm də peşəm sferasında bir çox planlarım var idi. İl ərzində bir neçə beynəlxalq konfransda iştirak etməyi planlaşdırırdım, Avropada bir aylıq peşə kursuna getmək hədəfim var idi. Onları reallaşdırdım. Təbii ki, həyata keçməyən nələrsə oldu. Bunlar da məni həvəsdən salmır. İnsan hər anını məmnuniyyətlə, “bu an bir daha təkrarlanmayacaq” hissi ilə yaşamalıdır”.

İş adamı Elmir Nəcəbov hansısa zamana görə plan qurmağın yox, yaranan vəziyyəti doğru dəyərləndirməyin tərəfdarıdır: “Yaranan vəziyyətə baxıram və onu dəyərləndirirəm. 2022-ci ilə gəlsək, bilirdim ki, ağır il olacaq. Çünki pandemiyadan sonra dünyada bir inflyasiya var idi. Buna baxmayaraq, biznes cəhətdən mənim üçün uğurlu il oldu. Uğursuz alınan işlər də oldu, amma iş varsa, onlar da qaçılmazdır”.

 

“Qollarımı çırmalayıb başladım”

Kouç, məktəb inspektoru Vəfa Qəhrəman 2022-ci ildə əvvəllər yarımçıq qoyduğu bir hədəfini reallaşdırdığını bildirdi: “Pandemiyadan öncə bir təlim-tədris mərkəzi var idi. Fəaliyyətinin yaxşı məqamına gələndə, pandemiya gəldi, işimiz dayandı. Pandemiyadan sonra fikirləşdim ki, yəqin qismət deyildi. Davam etmədim. Sonra düşündüm ki, bu, mənim hədəfim olub, amma yarımçıq qoymuşam. Qollarımı çırmalayıb bu il tədris mərkəzinin fəaliyyətinə başladım”.

V.Qəhrəmanın 2022-ci ildə başladığı, nəticəsinin 2023-cü ildə olacağı iki planı da var: “Uşaqları oxumağa təşviq edən “Nağıl” layihəm var idi. Layihə kənd-kənd, rayon-rayon gəzərək uşaqlara oxumağı təşviq etməkdən ibarətdir. Bunu əvvəllər pərakəndə, fürsət düşdükcə edirdim. Bu il ona daha sistemli başladım, 2023-cü ildə daha genişləndirəcəyik. Bir də mən dağçıyam. Çıxdığım ən yüksək zirvə 5 min metrlik dağdır. Ondan sonra yaxşı məşqlər edirdim, 2022-ci ildə 6-7 min metrlik zirvəyə çıxmağı planlaşdırırdım. Yenidən ana oldum deyə, bu il bu hədəfimi gerçəkləşdirə bilmədim. Məşqlərə başlamışam. 2023-cü ildə o zirvəyə çıxmağı hədəfləmişəm”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir