1234567

Reklamlardakı səhvlərin biznesə təsiri

Baxış sayı: 399

Paytaxt Bakıda bəzi iaşə obyektlərinin, o cümlədən market və restoranların reklam lövhələrindəki müxtəlif təqdimatlarda ciddi orfoqrafik səhvlərə rast gəlinir. Azərbaycanda fəaliyyət göstərib müştəri xidmətlərindən böyük gəlirlər əldə edən belə sahibkarlıq subyektlərinin rəhbərləri, təəssüf ki, bir sıra hallarda öz ölkəsinin adını da düzgün yaza, yaxud yazdıra bilmirlər. Reklam lövhəsinə “Azərbaycan mətbəxi” əvəzinə “r” hərfini unudub “Azəbaycan mətbəxi” yazdıran sahibkarın ağlına da gəlmir ki, bununla həm qanunların tələbini pozur, həm də yaşadığı ölkəyə böyük hörmətsizlik edir, dilimizə qarşı təbliğatçıya çevrilir.

İki-üç cümlədə ciddi orfoqrafik səhvlər

Başqa bir halda isə tanınmış market şəbəkələrindən biri hər həftənin şənbə və bazar günləri hədiyyə kampaniyasının olduğunu əhaliyə xəbər verir. İki-üç cümləlik bu reklam mətnində də ciddi orfoqrafik səhvlərə yol verilir, Azərbaycan dilinin qaydaları pozulur. Belə sahibkarların etdikləri qəbahət bir yana, sonradan bu nöqsanı aradan qaldırmaq üçün ya ümumiyyətlə əziyyət çəkmir, ya da operativlik nümayiş etdirmir, etinasız yanaşırlar. Səhv yazılan reklam lövhəsi bir çox hallarda günlərlə ictimai yerdə asılı qalır.

Necə mübarizə aparmalı?

Bu kimi hallara qarşı necə mübarizə aparılmalıdır? Qanuna görə, belə hallara yol verən sahibkarlıq subyektlərinə qarşı hansı cəzalar nəzərdə tutulur? Ümumiyyətlə, reklamın biznesdə rolu hansı səviyyədədir? Reklam mətnlərində səhv və uyğunsuzluq olarsa, bu, biznesə necə təsir göstərir? “Azəbaycan mətbəxi” kimi təqdimatda ölkənin adını səhv yazan bir restoranın mətbəxinə insanlar maraq göstərərmi? Bu kimi bir çox suallara aydınlıq gətirmək üçün əvvəlcə qanunvericiliyə müraciət etdik.

Qanunlar tələb edir ki…

“Dövlət dili haqqında” Qanunun “Dövlət dilinin işlənməsi, qorunması və inkişafı” Fəslinin “Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi” adlı 7-ci Maddəsində qeyd olunub ki, Azərbaycan ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Qanunun “Dövlət dilinin normaları” adlı 13-cü Maddəsində isə göstərilib ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Qanunun III fəslinin “Qanunun pozulmasına görə məsuliyyət” adlı 19-cu Maddəsinə görə, bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Məsuliyyət yükü

“Reklam haqqında” Qanunun I fəslinin “Reklama dair tələblər” adlı 4-cü Maddəsinin 4.7. bəndinin tələbinə görə, reklamda “Dövlət dili haqqında” Qanunun müddəalarına riayət edilməlidir. Qanunun IV Fəslinin “Bu Qanunun pozulmasına görə məsuliyyət” adlı 39-cu Maddəsində qeyd olunub ki, reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə İnzibati Xətalar, Cinayət və Mülki Məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.

500-1000 manata qədər cərimə

Konkret məsuliyyətə gəlincə, İnzibati Xətalar Məcəlləsinin 39-cu Fəslinin “Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi” adlı 533-cü Maddəsində dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələr göstərilib. Qeyd olunub ki, bu əmələ yol verən fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on altı min manatadək məbləğdə cərimə edilir. Qanunun “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı 533-1. maddəsində isə göstərilib ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

 

Mütəxəssis rəyi

“Marketinq Peşəkarları” İctimai Birliyinin İdarə heyətinin sədri, marketoloq Namiq Bayramov mövzuya dair “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, biznes üçün reklamın rolu önəmlidir. Onun sözlərinə görə, hər hansı şirkətin, iaşə obyektinin müəyyən reklam alətlərindən istifadə edərək öz təbliğatını aparması, cəlbediciliyi artırır: “Reklamın önəmi çoxdur. Misal üçün, hansısa restoran öz mətbəxində hazırlanan yeməklərin çeşidini, şəklini və sairi nümayiş etdirən reklam lövhəsini gözlə görünən yerdən asmaqla cəlbediciliyini artırır, duyğu marketinqini işə salır. Təbii ki, bu zaman reklamın düzgün tətbiqi məsələsi üzə çıxır. Reklam mətnlərində Azərbaycan dilinin normalarına ciddi riayət edilməlidir. İlk növbədə bunu Azərbaycan qanunvericiliyi bizdən tələb edir. Əks halda, qanuna uyğun şəkildə cərimə tətbiq edilir. Düzdür, müvafiq qurumlar pandemiyanın gətirdiyi məhdudiyyətləri, iaşə obyektlərinin üzləşdiyi çətinlikləri nəzərə alıb qanunun tələb etdiyi şəkildə sərt cəza tətbiq etməyə həvəs göstərmirlər. Digər tərəfdən, cəmiyyətdəki heç də bütün problemlər həllini tapıb təkcə reklam mətnlərindəki uyğunsuzluq həll olunmamış qalmayıb ki, buna görə hansısa iaşə obyektini dərhal sərt şəkildə cəzalandıraq. Lakin istənilən halda reklam mətnində Azərbaycan dilinin normalarına riayət etməmək ciddi pozuntudur. Özünə, peşəsinə, fəaliyyətinə, ölkəsinin qanunlarına hörmət edən fiziki və hüquqi şəxslər, eləcə də iaşə obyektləri buna yol verməməlidirlər”.

 

Nöqsan aradan qaldırılacaq

Araşdırma yazını hazırlayarkən reklam lövhəsində “Azərbaycan mətbəxi” əvəzinə, “r” hərfini unudub “Azəbaycan mətbəxi” yazdıran obyekt sahibinin də münasibətini öyrənmək, çatışmazlığı onun da diqqətinə çatdırmaq istədik. Bu məqsədlə paytaxtın Süleyman Rüstəm küçəsində yerləşən sözügedən iaşə obyekti ilə telefon əlaqəsi yaratdıq. Elvin adlı administrator bizi səbirlə dinlədikdən sonra bildirdi ki, qeyd olunan nöqsan rəhbərlik tərəfindən qısa zamanda aradan qaldırılacaq.

 

Rufik İSMAYILOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir