Nuride Cavadova 1

Sevgi, yoxsa asılılıq: Fərqi necə anlamalı? - "NURlu bələdçi"

Baxış sayı: 1. 638

Biz hər zaman sevgi deyirik, amma bəzən yaşadığımız şey sevgi deyil, emosional asılılıq olur. Bəs bu fərqi necə anlaya bilərik? Bu ikisi bir-birinə bənzəsə də, kökündə tamamilə fərqli hisslər, niyyətlər və nəticələr dayanır.

 

Sevgi nədir?

Sevgi azadlıqdır. Sevgi bir insanı olduğu kimi qəbul etmək, onun yanında özünü güvəndə və sakit hiss etməkdir. Sevgi, özünü itirmək yox, özünü olduğu kimi rahat hiss etməklə başlayır. Həqiqi sevgidə:

Qarşılıqlı hörmət və güvən olur,

Sərhədlərə hörmət edilir,

Tərəflər öz fərdi həyatlarını davam etdirə bilir,

Əlaqə inkişafı və rahatlığı təşviq edir,

Duyğusal manipulyasiya olmur.

 

Asılılıq nədir?

Asılılıqsa boşluqdan doğan yapışma hissidir. İnsan bəzən sevdiyini düşündüyü birinə emosional olaraq sığınıb, onunla öz dəyərini ölçməyə başlayır.

Asılılıqda:

Daimi narahatlıq və itirmə qorxusu olur,

Partnyorsuz özünü dəyərsiz hiss etmək halları yaşanır,

Nəzarət etmə ehtiyacı artır,

Münasibət zərər versə də, buraxmaq çətinləşir,

Əlaqə hüzur və rahatlıq deyil, tükənmişlik gətirir.

 

Bəs sən indiyə qədər bu barədə düşünmüsən?

Aşağıdakı suallarla fərqi özündə yoxla:

Mən onun yanında özüm kimi ola bilirəmmi, yoxsa daim “yetərli olmaq” üçün nələrsə etməyə çalışıram — dəyişirəm?

O yanımda olmayanda özümü boş və heç kim kimi hiss edirəmmi?

Qarşı tərəfin qərarları və hərəkətləri mənim ruh halımı tamamilə dəyişir?

Münasibət bizi həyatda irəli aparır, yoxsa geri çəkir?

Onun sevgisini qazanmaq üçün özümü, prinsiplərimi və sərhədlərimi qurban verirəmmi?

Əgər bu sualların cavabı səni narahat edirsə, bu sevgi deyil, emosional asılılıq ola bilər.

 

Çıxış yolu nədir?

1) Özünü tanı: Sənin dəyərin bir münasibətin içində yox, sənin içindədir.

2) Həyatını dolu et: Münasibət xaricində sənə mənalı gələn dostluqlar, fəaliyyətlər, hobbilər qur.

3) Daxili boşluğu sevdiyin insanla doldurmağa çalışma: Bu boşluğu özünlə münasibət quraraq, daxili ehtiyaclarını ödəyərək daxilində doldur.

4) Ən vacibi isə peşəkar dəstək al: Əgər ayrılmaq qorxusu, daim narahatlıq və özünü tənqid hissləri səni yükləyirsə, psixoloqla danışmaq sənin üçün vacib məqamdır.

Unutma: sənin həyatın sənin psixikandan başlayır. Psixi proseslərini dəyişdiyin zaman əsil sevgini tapacaq, asılılıqdan azad olacaqsan.

Sevgi gücləndirir, asılılıq isə zəiflədir. Həqiqi sevgi insana uçmaq üçün qanad, asılılıq isə yerə bağlayan zəncir kimidir. Sevgi paylaşmaqdır, tamamlanmaq yox.

Unutma: Sevgi öz azadlığından vaz keçmək deyil, birgə azad olmaqdır.

Əgər birini sevirsənsə, onu buraxdığında da sevdiyindən əminsənsə — bax, bu sevgidir.

 

Psixoloq Nuridə Cavadova

 

(Psixoloq Nuridə Cavadova ilə 051 234 19 00 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




19 şərh “Sevgi, yoxsa asılılıq: Fərqi necə anlamalı? – “NURlu bələdçi”

  1. Rəşad Rəhimov

    Mən həyatımda bir neçə dəfə bu emosional asılılıq ilə qarşılaşmışam, xüsusən də, gəncliyimdə. İndi daha aydın başa düşürəm ki, sevgi və asılılıq arasında ciddi fərq var. Sevgi azadlıqdır, amma asılılıq məni həm fiziki, həm də ruhsal olaraq tükəndirirdi. Yazının sonunda verilən suallar isə insanın özünü daha yaxşı anlamasına kömək edir. Mənim fikrimcə, münasibətdə hər iki tərəf öz sərhədlərinə hörmət etməlidir. Həqiqətən, sevgi insanı gücləndirir, asılılıq isə məhv edir. Səhvlərdən dərs alaraq daha sağlam münasibətlər qurmağa başlamağa çalışıram

    Cavabla
  2. Taleh Ağayev

    Həqiqətən, nə vaxtsa, mənim də yaşadığım “onun yanında özüm kimi ola bilməmək” hissi olub. Bu yazı mənə öz dəyərimi xatırlatdı. Mən də indi özümə sual verməyə başladım ki, münasibət mənim həyatımı irəli aparırmı, yoxsa geriyə çəkir? Bu yazını oxuduqca sevgi ilə bağlı düşüncələrim dəyişdi. Sevgi, mənim fikrimcə, başqa bir insana bağlı olmaqdan daha çox, öz həyatını tamamlayacaq şəkildə paylaşmaq olmalıdır.

    Cavabla
  3. Əliyeva Xəyalə

    Əzizim Nuridə xanım gözəl anlatımınız üçün təşəkkür edirəm
    Sizə hər zaman uğurlar arzu edirəm 🥰
    “Əgər birini sevirsənsə ,onu buraxdığında da,sevdiyindən əminsənsə-bax,bu sevgidir.Həm də,tərifi imkansız ,izahı başa düşülməyən bir sevgidir.”

    Cavabla
  4. Musa Qurbanov

    Oxuyarkən sanki öz həyatımı oxudum. Təsəvvür et, neçə illər boyu özümü başqalarının sevgisində tapmağa çalışdım, amma həmişə boş hiss etdim. Yazını oxuduqca o qədər çox məsələlər üzərində düşündüm ki… Birincisi, bəli, mən də çox vaxt ‘yetərli olmaq’ üçün nələrsə etməyə çalışdım, özümü dəyişdirdim. Sevgi deyil, asılılıq idi. O yazıda ‘qarşı tərəfin qərarları mənim ruh halımı tamamilə dəyişir?’ sualı məni çox düşündürdü. Düşünürəm ki, insanlar həqiqi sevgini təcrübə etmək üçün ilk növbədə özünü tapmalıdır. Çünki yalnız özünü sevəndə başqasını da sevə bilirsən.

    Cavabla
  5. Təhminə E.

    Həqiqətən də, sevgi ilə asılılıq arasında incə bir xətt var. Mənim həyatımda da bir müddət özümü başqalarına görə dəyişdirməyə çalışmışdım. Ancaq zamanla başa düşdüm ki, bu, məni daha da itələyir. Bir az da kişiliyə baxsaq, ‘özünü itirmək’ anlayışı kişilər üçün də çox çətin ola bilər. Düşünürəm ki, sevgi haqqında danışarkən cəmiyyətin təlqin etdiyi rollar da böyük rol oynayır. Mənim başıma gələn bir əhvalat var: Keçmişdə çox yaxın olduğum bir dostumla münasibətimiz var idi. O, mənim hər şeyimi özünə uyğunlaşdırmağımı istəyirdi və bir müddət sonra mən də özümü tamamilə ona uyğun etməyə başladım. Bir gün isə qərar verdim ki, artıq heç kimə görə dəyişmək istəmirəm. Artıq bu yazıdan sonra özümə daha çox diqqət etməyə başlayıram.

    Cavabla
  6. Aqil Məmmədli

    Yazının çox yerində haqlısınız, amma bəzən çox idealist olmamaq lazımdır. Sevgi çox mürəkkəb bir şeydir və hər şey bir formula ilə izah edilə bilməz. Məncə, hər insanın təcrübəsi fərqlidir və bəzən sevgi ilə asılılıq arasındakı sərhəd çox incə olur. Məsələn, bəzən nəzarət etmək və ya itirmə qorxusu normaldır, çünki bu, hər kəsdə olur. Bu yazı çox sadə və ideal bir yanaşma təklif edir, amma bəzən həyat daha çətindir. Hər halda, insan özünü yaxşı hiss edərsə, həmişə sevgisini bölüşməlidir, amma bir az da realist olmaq lazım.

    Cavabla
  7. Təranə Şahvələdova

    Sevgi və asılılıq arasındakı fərqi anlamaq çox çətindir. Ancaq bu yazıda verilən məsləhətlər çox faydalıdır. Mənim isə müəllifə bir sualım var: Bəs insan özünü sevdiyində, daha doğrusu özünü tapdıqda, qarşısındakı insanın da həmin prosesi keçməsi lazımdırmı? Yəni, bu yalnız bir tərəfin üzərinə düşən bir məsuliyyət mi olmalıdır, yoxsa iki tərəf də bu cür ‘səlahiyyətli’ olmalıdır ki, münasibət sağlam qalsın? Yaxud, hər iki tərəf də özünü tapmasa, sevgi mümkündürmü?

    Cavabla
    1. Nuridə

      Əziz Təranə xanım, rəy bildirdiyiniz üçün təşəklür edirəm🌹

      “Sağlam münasibətin əsası insanın əvvəlcə özü ilə münasibət qurmasıdır. Biz öz üzərimizdə işlədikcə, biz diyişdikcə qarşı tərəfi dəyişdirməyə yox, özümüzü inkişaf etdirməyə fokuslandıqca, həyatımıza da bu dəyişimi əks etdirən insanlar daxil olur. Sevgi bir təkamüldür — ya birlikdə böyüyürsünüz, ya da yollar ayrılır. Amma dəyişimin başlanğıcı hər zaman özümüzük.”
      Hər zaman qarşı tərət bizi əks etdirir. Biz dəyişdikcə qarşı tərəf də dəyişir və ya yolumuz ayrılır.

      Cavabla
  8. Sədi

    Bu yazı mənə çox şey öyrətdi. Mənim üçün xüsusilə önəmli olanı, insanların əslində asılılıqla mübarizə aparmaq üçün əvvəlcə özlərini tanımasıdır. Özünü tanımadan münasibət qurmaq, çox zaman səhv seçimlərə və ağrılı nəticələrə gətirib çıxarır.

    Cavabla
  9. Nadir Quliyev

    Yazınızın sonunda verilən suallar çox diqqət çəkicidir. Əslində, mən də özümə çox vaxt bu sualları verərəm, amma bu yazını oxuduğumdan bəri daha dərindən düşünməyə başladım. Bir şey marağımı çəkdi: Sevgi və asılılıq arasındakı sərhəd nə vaxt kəsilir? Məsələn, iki insan bir-birinə çox bağlı olduqda və daimi olaraq bir-birinə dəstək verdikdə, bu asılılıq sayılarmı? Bəlkə də bir növ “sağlam asılılıq” da ola bilər? Bu barədə fikirlərinizi bilmək istərdim.

    Cavabla
    1. Nuridə

      Nadir bəy çox gözəl sualdır. Sərhəd o zaman pozulur ki, bir tərəfə digəri olmadan yaşaya bilmir. Şəxsi sərhədlər itir, aşırı qısqanclıq və idarə etmə istəyi yaranır

      Sağlam asılılıq yox, sağlam bağ ola billər. Yəni hər iki tərəf biri birinə emosional olaraq bağlıdır, ancaq azadlıqlarına mane olmurlar. Yaxınlıq, bağlılıq və azadlıq araaında balans var. O zaman sağlam bağların uaratdığı münasibətlərdə sağlam və daimi ola bilir.

      Cavabla
  10. Mirzə

    Bu yazı çox yerində oldu, amma məncə bir mövzu daha var ki, onu da əhatə edə bilərsiniz: Sevgi və asılılıq mövzusu həmçinin sosial mediaya necə təsir edir? Müasir dövrdə insanlar bir-birilərini sosial şəbəkələr üzərindən izləyərək emosional əlaqələr qurmağa başlayırlar və burada sevgi ilə asılılıq arasındakı sərhəd daha da bulanıqlaşır. Məqalə yazarkən bu sosial şəbəkələr və onların insan psixologiyasına təsiri haqqında da daha geniş düşünə bilərsiniz. Bu mövzu çox aktuallıq kəsb edir.

    Cavabla
  11. Kamilə Heydərova

    Yazınızı oxuduqca, əvvəlki münasibətlərim haqqında düşünməyə başladım. Mən də bir müddət əslində sevgi deyil, emosional asılılıq yaşadım. Müəllifin təklif etdiyi ‘özünü tanı’ mövzusu çox doğru və faydalıdır. Çünki insan özünü tanımadan, başqalarına sevgi verə bilməz. Bir müddət öncə həyatımda çox toxunulmaz bir dövr yaşadım. Həmin dövrdə başqasının sevinci ilə özümü bəyənməyə çalışdım, amma sonunda anladım ki, bu, yalnızca bir manipulyasiya idi. Həqiqi sevgi özünə hörmət və azadlıq tələb edir. Düşünürəm ki, özümüzü itirməyəcəyimiz bir sevgi, yalnız daha sağlam və uğurlu ola bilər.

    Cavabla
  12. Emin Həmidov

    İnsan necə öyrənə bilər ki, sərhədlərini qoymaqla, qarşı tərəfi itirməkdən qorxmasın? Çünki çox vaxt insanlar, xüsusilə də emosional cəhətdən asılı olanlar, sərhədlərini qoyduqda qarşı tərəfin onları tərk edəcəyini düşünürlər. Bu məsələni necə həll etmək lazımdır?

    Cavabla
  13. Ramin Əhmədov

    Mənim fikrimcə, yazının sonunda verilən tövsiyələr çox faydalıdır. Sevgi və asılılıq arasındakı fərqi başa düşmək asandır, amma bunu yaşamaq çətindir. Ancaq bir çoxları, xüsusilə də yaşadığımız cəmiyyətin tələblərinə görə, emosional asılılıqla sevgi arasında fərq qoymaqda çətinlik çəkirlər.

    Cavabla
  14. Səbinıə Kərimli

    Bu yazı məni çox təsirləndirdi. Həqiqətən, bəzi münasibətlərdə biz özümüzü itiririk, amma sonra bu, bir asılılığa çevrilir. Mən də buna bənzər bir şey yaşamışam. Bir müddət öncə başıma gələn bir hadisəni paylaşmaq istəyirəm: Əvvəllər bir münasibətdə idim, hansı ki, mənim üçün çox əhəmiyyətli idi. Amma zamanla başa düşdüm ki, öz sərhədlərimi unudaraq, həmişə qarşımdakının istəklərini yerinə yetirməyə çalışıram. Bir gün çox yoruldum və yalnız özümü düşünməyə başladım. Bu yazıdan sonra sanki daha çox özümü dərk etməyə başladım.

    Cavabla
  15. Qulam Mecidov

    Yazını oxuyarkən bir neçə dəfə dayandım və düşündüm, çünki bəzən mən də hiss edirəm ki, yaşadığım münasibətlərdə bu ‘sevgi’ deyil, asılılıq olur. Həm də çox vaxt bu, tərbiyə ilə bağlı ola bilər. Ailəmizdən və cəmiyyətimizdən aldığımız təsirlər də bizim sevgi anlayışımıza böyük təsir edir. Yəni, insan çox vaxt nəyi doğru bildiyini sorğulaya bilmir. Amma mənim başıma gələn bir hadisəni paylaşmaq istəyirəm: Bir neçə il əvvəl uzun müddətli bir münasibətim vardı. Düşünürdüm ki, hər şey qaydasındadır, amma zamanla özümə yadlaşmağa başladım. Hiss etməyə başladım ki, əslində, mən bu münasibətdə özüm olmaqdan çox, qarşımdakını razı salmağa çalışıram. Bu yazı mənə çox böyük dərs oldu.

    Cavabla
  16. Amil X

    Sevgi ilə asılılıq arasındakı fərqi başa düşmək, məncə, bəzən sadəcə bir yanaşma məsələsidir. İnsanların özlərinin və başqalarının hələ də emosional asılılıq içində olduğunu qəbul etmələri çox çətindir

    Cavabla
  17. İntiqam Səmədov

    Cox maraqli bir movzuya toxunmusunuz. Aktual meselelerdendir. Hem sayta, hem muellife minnetdaram. Var olasiniz ki, aydinladirsiniz bizi

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir