novruz

Sirli Novruz adətləri – gecə məzarlığa getmək, uşaq və hamilələri mələklərdən gizlətmək…

Baxış sayı: 265

Novruz bayramı Azərbaycanın müxtəlif bölgələrində fərqli adət-ənənə ilə qeyd edilir. Qubanın Xınalıq kəndinin sakinləri ilk Novruz çərşənbəsi olan su çərşənbəsində axşam düşəndə hamilə qadınları və azyaşlı uşaqları suya yaxın buraxmırlar. Onların inanclarına görə, göydəki mələklər su çərşənbəsi ərəfəsində su hövzələrinin yanına enirlər. Odur ki, mələklər əsəbləşib su başındakı ağlı kəsməyən uşaq və hamilə qadınlara zərər verə bilərlər.

Bundan başqa Xınalıq sakinləri səmənini od çərşənbəsində qoyarlar. Çünki od istiliyin və ruzinin simvolu hesab olunur.

Xınalıqlılar nişanlı qıza bayram payını Yel çərşənbəsində apararlar. Bu bayram payı “yeddi pay” adlanır. Yəni oğlan evi qız evinə yeddi adda pay aparmalıdır.

Sonuncu çərşənbə olan torpaq çərçənbəsi də burada yaşayan əhali arasında fərqli qeyd edilir.

Qusarda yaşayan azsaylı xalqlardan sayılan ləzgilər də bayramı fərqli qeyd edirlər. Onlar Novruz bayramını ləzgi dilində “Yaran suvar” adlandırırlar. Bu da od bayramı, qırmızı gün mənasını verir.

Ləzgilər bayramda özlərinin yerli mətbəxinə məxsus şirniyyatlar hazırlayırlar.

Onların bayramda ən maraqlı adətlərindən biri uşaqların qoluna qeyri-adi bilərzik taxmalarıdır. Qusar sakinlərinin sözlərinə görə, heyva ağacından 2 sm balaca budaq kəsib, budağın ortasını deşib ora qırmızı ip keçirirlər. Həmin ip hələ Novruz görməyən 1 yaşlı uşağın qoluna bir növ muncuq kimi bağlanır. Bu da uşağın azar-bezardan uzaq olmasına işarədir. Bundan əlavə, ev təsərrüfatında olan, Novruz görməyən balaca quzu və buzovların boğazına da qırmızı bağlanılır ki, bu da heyvanların salamat qalacağına olan qədim inanclardandır.

Qusarda Novruzdan bir gün əvvəl icra edilən, “üskük-şem” adlanan qədim ritual da var. Axşam qaş qaralandan sonra evdəki köhnə paltarlar şaxın (payanın) başına keçirilərək məşəl kimi yandırılır. Həmin vaxt bütün həyətlərdə yanan köhnə paltarların işığı görünür. Hamı bu adəti eyni vaxtda icra edir və buna “işıq gecəsi”də deyilir.

Qusarda Novruz bayramında mütləq 7 qutab bişirilir və mütləq 7 kötük yandırılır.

Şabranın Əmirxanlı kəndində isə qeyri-adi adət var. Buranın sakinləri bayramlarda vəfat etmiş yaxınlarının məzarını ziyarət etmək üçün məzarlığa axşam saatlarında gedir.

Şabran rayon sakini Elminaz Əliyeva bu adətdən danışarkən aşağıdakıları dedi:

“Bu rayonda, əsasən də Əmirxanlı kəndində bayram günləri, əsasən də ilaxır çərşənbədə qəbir üstə axşam saatlarında gedilir. Axşam saat 17:00-dən sonra camaat əllərində məşəl tutub qəbiristanlığa axışır, ölülərin qəbri üzərində şam yandırırlar”.

Əliyevanın sözlərinə görə, onlar bu yolla ölülərin yoluna işıq salmış olduqlarına inanırlar.

 

Leyla Abdullayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir