urek

Son zamanların dramı: “Gənclər niyə gözlənilmədən ölürlər”in izi ilə

Baxış sayı: 284
Son dövrlər gənclər arasında qəfləti ölümlərin sayı artır. Təkcə son bir ayda 10-a yaxın tələbə bu səbəbdən dünyasını dəyişib. Bu günlərdə qəfil vəfat edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Zafta Eyyubova da onlardan biridir.Adətən, yaşlı adamlar ani ürək dayanmasından vəfat edərlər. Son dövrlərdə isə gənclər arasında da bu hallar sürətlə yayılıır.

Mütəxəssislərə görə, qəfləti ölümlərin əsas səbəbi ürəyin və beynin işemik xəstəlikləridir. Digər versiyalara görə, belə hallarda ölümün səbəbi ürəyin işemik xəstəliyindən başqa xəstəliklər də ola bilər. Qəfləti koronar ölüm ürəyin işemik xəstəliyinin sürətlə inkişaf edən ağır kliniki variantı olub, bütün qəfləti ürək ölümlərinin 80-90 faizini təşkil edir.

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının məzunu, daxili xəstəliklər uzmanı Həbib Səhratov deyir ki, qəfil ölümlər daha çox 40 yaşdan yuxarı insanlar üçün xarakterikdir: “Lakin buna baxmayaraq, gənclər arasında da rast gəlinir. Bu tip ölümlərin 90 faizi koronar damarlarının, yəni, tac damarlarının tutulması ilə bağlıdır. Bu zaman xəstə kəskin infarkt keçirir və bundan sonra qəfil ölüm baş verir”.

“Gənc yaşlarında nadir hallarda buna rast gəlinsə də, təcrübədə dəfələrlə müşahidə etmişik. Xüsusən, 40 yaşdan yuxarı, şəkərli diabet və hipertoniya xəstəliyi olanlar üçün bu risk mövcuddur”, – deyə həmsöhbətimiz bildirib.

Eyni zamanda, onun sözlərinə görə, irsi faktorlar da prosesə təsirsiz ötüşmür: “Yaşlı adamlarda əsasən koronar damarların daralması, stenozu nəticəsində bu təhlükə meydana çıxırsa, gənc yaşlarda daha çox trombemboliya (damar tutulması) zamanı qəfil ölümlər baş verir. Eyni zamanda ürək damarlarının iltihabı, ağciyər arteriyasının tromboemboliyası, aşağı ətraflarda venoz çatışmazlığı və digər xəstəliklər də buna səbəb olur. Lakin unutmaq lazım deyil ki, bu xəstəliklər nadir rast gəlinən xəstəliklərdir və bu səbəbdən xüsusi təşviş keçirməyə də ehtiyac yoxdur”.

Səhratov risk qrupuna daxil olan xəstələrə diqqətli olmalarını tövsiyə edir: “Anadangəlmə ürək qüsurları olan, eləcə də irsi faktorları olan insanlar vaxtaşırı olaraq müayinədən keçməli, həkim nəzarətində olmalıdırlar. Anadangəlmə ürək qüsurları ürək və iri damarların kifayət qədər geniş və müxtəlif mənşəli xəstəlikləri olub, ürəyin qan dövranı dəyişiklikləri, artıq yüklənməsi və ürək çatışmazlığı ilə müşayiət olunur. Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatlarına görə, hər yeni doğulmuşların təxminən 1 faizində rast gəlinir”.

“Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30 faizini təşkil edir. Anadangəlmə ürək qüsurlarının nisbətən yüngül ürək inkişafı pozuntusu, eləcə də həyati təhlükəli ağır patologiyaları mövcuddur. Bu mənada ürək qüsuru ilə dünyaya gələn insanlar həkim nəzarətində olmalı, xəstəliyin ağırlaşmasına qarşı zəruri tədbirlər görməlidirlər”, – deyə uzman vurğulayıb.

Türkiyədə təhsil almış kardioloq Nüşabə Səfərova mövzu ilə bağlı  söyləyir ki, gənc yaşlarında qəfləti ölümlər əsasən aritmiyalar və ya ürəyin ritmik pozuntuları zamanı meydana çıxır: “Bu mənada hər bir valideyn övladı dünyaya gələndən sonra, heç olmasa, bir dəfə onu exokardioqrafiya (EXO) müayinəsindən keçirməlidir. Elektrokardioqramma (EKQ) müayinələri zamanı anadangəlmə ürək qüsurlarını aşkar etmək mümkün deyil. Eyni zamanda kardioloq tərəfindən ürəyin endoskop vasitəsilə dinlənilməsi, küylərin eşidilməsi kimi klinik müayinələr də həyata keçirilməlidir”.

“Mütəmadi olaraq bu sualla rastlaşırıq: “niyə müasir gənclər arasında qəfil ölümlər artıb?” Çünki son illərdə qadınlar hamiləliyi daha çətin və stresli keçirirlər ki, nəticədə qeyri-sağlam övladlar dünyaya gəlir. Habelə hamiləlik dövründə qeyri-sağlam qidalardan istifadəyə üstünlük verilir”, – deyə müsahibimiz qeyd edib.

Kardioloqun sözlərinə görə, gənlər arasında qəfil ölümləri doğuran əsas səbəb anadangəlmə ürək qüsurları və artimiyalardır: “Misal üçün, son illər xüsusən, gənclər arasında energetik içkilərə maraq artıb. Nəzərə almaq lazımdır ki, energetik içkilər ritm pozğunluğu yaradır. Gənclər artimiyaya səbəb olan bu cür içkilərdən uzaq durmalıdırlar”.

Səfərova diqqətə çatdırır ki, qan qatılaşmasına, trombemboliyaya gətirib çıxaran səbəblər aşkarlanmalıdır: “Tromblar bir müddət əvvəldən, aylar, illər öncə damarlarda formalaşır və hansısa arteriyada yerləşir. Onlar varikoz genəlmə, anevrizmalar, hər hansı cərrahi əməliyyatdan sonra ola bilər. Tromboemboliyanın yaranma səbəblərindən biri qanın qatılaşmasının pozulmasıdır. Gənclərdə zərərli vərdişlər, uzun müddət siqaret, spirtli içkilər qəbul etmək, son zamanlar geniş yayılmış narkotik maddələr qanı qatılaşdırır, nəticədə tromb yaranır. Yəni tromb xeyli əvvəldən yaranır, lakin bir gün anidən qopur”.

“Qəfləti ölümlərin, belə deyək, 90 faiz səbəbi tromboemboliyalardır. Gənclər qanın qatılaşması və damarların vəziyyətini mütəmadi yoxlatmalı, zərərli vərdişlərdən uzaq durmalı, tromba qarşı yoxlanmalıdırlar ki, qəfildən emboliya riskini azalda bilsinlər”, – deyə həkim fikrini yekunlaşdırdı.

 

 Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir