nermine abbasova

Stress və onun sağlamlığa təsiri: ailə həkimi nəyi müşahidə edir?

Baxış sayı: 526

Müasir dövrdə həyat ritminin sürətlənməsi, sosial və peşəvi təzyiqlərin artması bir çox insanın gündəlik həyatında stressi daimi bir hala çevirib. Stress yalnız psixoloji narahatlıqla məhdudlaşmır; o, həm də orqanizmin bir çox sisteminə mənfi təsir göstərərək fiziki xəstəliklərin yaranmasına zəmin yarada bilir. Bu mövzunun tibbi tərəflərinə aydınlıq gətirmək və stressin sağlamlıq üzərindəki təsirini ailə həkimi prizmasından dəyərləndirmək üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə söhbət etdik.

Nərminə xanım bildirir ki, stressin orqanizmə təsiri çoxşaxəlidir: “Daimi stress vəziyyətində olan insanlarda ürək-damar sistemi, həzm sistemi və immun sistemində müxtəlif pozğunluqlar meydana çıxa bilər. Ailə həkimi olaraq biz bu kimi dəyişiklikləri ilkin mərhələdə müəyyən edib, vaxtında müdaxilə etməyə çalışırıq”.

stress

Həkimin sözlərinə görə, xroniki stress tez-tez yuxu pozğunluqları, baş ağrıları, həzmsizlik, təzyiqin qeyri-sabitliyi və hətta dəri problemləri ilə özünü göstərə bilər. “Xəstələr çox zaman bu əlamətləri ciddi qəbul etmirlər və yalnız vəziyyət ağırlaşdıqda həkimə müraciət edirlər. Halbuki, ailə həkimi bu tipik simptomları erkən mərhələdə tanıyaraq, stressə bağlı sağlamlıq risklərinin qarşısını ala bilər”, – deyə o vurğulayır.

Psixoloji vəziyyətin izlənməsi də ailə həkiminin əsas funksiyalarından biridir. Nərminə Abbasova qeyd edir ki, ailə həkimi yalnız fiziki göstəriciləri deyil, xəstənin emosional durumunu da nəzərə alaraq yanaşma formalaşdırmalıdır. “Hər bir pasiyent fərqlidir. Kiminsə stressə reaksiyası susqunluq, digərində isə aqressivlik şəklində ola bilər. Bəzən sadə bir söhbət belə çox şeyi dəyişə bilər”.

Həkim bildirir ki, profilaktik psixoloji dəstək və sağlam həyat tərzi tövsiyələri, stressin təsirini azaltmaq üçün vacib addımlardandır: “Biz xəstələrə təkcə dərmanla deyil, həyat tərzi dəyişiklikləri ilə də kömək etməyə çalışırıq. Bu, düzgün qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və mütəmadi psixoloji istirahət formaları ilə mümkündür”.

O həmçinin əlavə edir ki, stressin müalicəsində ailə həkimi-pasiyent münasibəti əsas rol oynayır: “Əgər pasiyent öz həkimi ilə açıq şəkildə danışa bilirsə, bu, diaqnostik prosesin sürətlənməsinə və psixoloji gərginliyin azalmasına səbəb olur”.

Sonda Nərminə Abbasova vurğuladı ki, ailə həkiminin funksiyası yalnız mövcud xəstəlikləri müalicə etmək deyil, həm də insanın ümumi həyat keyfiyyətini yüksəltməkdir. “Stresssiz bir həyat bəlkə mümkün deyil, amma stressi idarə etmək və onun sağlamlığa zərər verməsinin qarşısını almaq bizim əlimizdədir” – deyə o sözlərini tamamladı.

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir